Məhkəmə qərarları › İş №2(050)-1611/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1611/2024

08.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1611/2024 08.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən adına tərtib olunmuş 14 iyul 2022-ci il tarixli, NDM 029332 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1094.68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Masallı rayonu, Türkoba kəndində yaşayır və həmin kənddə fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuş və o, hər ay istifadəyə görə pulu ödəmişdir, ödəniş qəbzləri vardır və abonentin saldosunda ödənişlər təsdiqini tapır. Əvvəllər onun köhnə evi olmuş, həmin evi sökmüş, yeni ev inşa olunmuşdur. Yeni evin sayğacı olmadığı üçün həyətdəki sexin sayğacından işıq götürmüş və həmin işığın pulun vaxtında ödəmişdir. Daha sonra işıq idarəsinin əməkdaşları onun yeni evinə sayğac qoymuşlar və o da, həmin sayğacdan istifadə etmişdir. Bundan sonra o sayğacda problem olduğu üçün dəyişilməsini xahiş etmişdir və həmin vaxt xx.xx.2022-ci il tarixli akt yazılmış və o, 1094,68 manat cərimə olunmuşdur. O, sözügedən aktla razı deyil və qanunsuz oimasını hesab edir. Belə ki, o, sayğaca hər hansı müdaxilə etməmişdir. Aktdan görünür ki, sayğacın nömrəsi proqram təminatında baza nömrəsi ilə eynilik təşkil etmir. Bu onun səhvi deyildir, o, işıq idarəsinin əməkdaşlarına 150 manat ödəmiş və sayğacı dəyişmişlər, o, istehlakçıdır və sayğac quraşdıranda onun nömrəsinə baxmır. İddiaçı hər zaman istifadə etdiyi işığa görə aylıq ödənişləri ödəmiş, əvvəlcə həyətlərində sex olmuş və həmin obyektin sayğacından işıq götürülmüşdür, aylıq ödənişləri də qalmışdır. İddiaçı sayğaca müdaxilə etməmişdir, sayğac həyətdən çöldə yerləşir, hər ay işıq idarəsinin əməkdaşları sayğaca baxış keçirirlər, ondan xəbərsiz hesabat yazırlar və qəbz verirlər. xx.xx.2022-ci il tarixdə də akt yazılan zaman ona xəbər olunmamışdır. O, xəstə adamdır və sayğaca müdaxilə edən deyil, onun 84 yaşı var, sayğacdan başı çıxmır, özü də qardaşı ilə yaşayır. Hər ay işıq idarəsinin əməkdaşları ondan işıq pulu almışlar və o da, qoca kişi olduğu üçün pulu ödəmişdir. O, ziyan vurmamışdır ki, hazırda həmin ziyana görə məsuliyyət daşısın maddi ziyanın vurulması üçün onun əməlində təqsir olmalıdır. Sayğac həyətdən çöldə yerləşir. Akt yazılanda onun aktdan xəbəri də olmamışdır, aktda onun imzası belə yoxdur. Əgər problem vardısa onada xəbər etməli, fikrini öyrənməlidirlər. Ən azından akta 3 şəxs imza etməlidir, istehlakçıya mütləq şəkildə məlumat e- məlidir. Bütün prosedur qaydalar pozulmuşdur. Əgər o, akta imza etməkdən imtina etmiş olsaydı bu zaman orada qeyd olmalıdır. Lakin akt tərtib olunarkən şahid, fotoçəkiliş və ya videoçəkiliş olmalıdır. Bunların heç biri olmamışdır. Bəlkə sayğaca qəsdən başqa şəxslər və ya işıq idarəsinin əməkdaşları özləri müdaxilə etmişlər. Müdaxilənin məhz onun tərəfindən olması, ziyanın mənim tərəfimdən vurulması barədə e: bir sübut yoxdur. Sübut olmadığı halda ondan 1094 manat maddi ziyan tələb olunması qanunsuzdur. Ümumiyyətlə sayğac labaratoriya şəraitində yoxlanmalı və ondan sonra həmin rəyə əsasən akt yazılmalıdır, lakin sayğac labaratoriyada yoxlanılmamışdır. "xxxx" ASC-nin əməkdaşları qanunsuz olaraq sözügedən aktı tərtib etmişlər. Odur ki, həmin aktın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin teleqramla müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 14 iyul 2022-ci il tarixli, NDM 029332 saylı aktın surətindən görünür ki, abonentin evində quraşdırılan sayğacın nömrəsi 06090609 proqram təminatı bazasında olan sayğacın nömrəsi ********** ilə uyğun gəlmir. Abonentin evində olan sayğac müdaxiləlidir və hər ay müdaxilə olaraq geri çəkilir. Naqilin en kəsiyinin ölçüsü 2210 mm alüminiumdur. Bu əsasla maddi ziyan tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Türkoba kəndində yaşayan abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (akt NDM 029332) olaraq 893.75 manat məbləğində sərfiyyat hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 14 iyul 2022-ci il tarixdə Masallı rayonu, Türkoba kəndində sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı “abonentin evində quraşdırılan sayğacın nömrəsi 06090609 proqram təminatı bazasında olan sayğacın nömrəsi ********** ilə uyğun gəlmir. Abonentin evində olan sayğac müdaxiləlidir və hər ay müdaxilə olaraq geri çəkilir. Naqilin en kəsiyinin ölçüsü 2210 mm alüminiumdur” əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və hesablanmış sərfiyyatın silinməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. 14 iyul 2022-ci il tarixli, NDM 029332 saylı aktda “abonentin evində quraşdırılan sayğacın nömrəsi 06090609 proqram təminatı bazasında olan sayğacın nömrəsi ********** ilə uyğun gəlmir. Abonentin evində olan sayğac müdaxiləlidir və hər ay müdaxilə olaraq geri çəkilir..” qeyd edilməsinə baxmayaraq, cavabdeh tərəf kənar xətt barədə hər hansı sübut fotoşəkil, videoğörüntü və başqa rəsmi sənəd təqdim etməmişdir. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi şübhə doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 14 iyul 2022-ci il tarixli, NDM 029332 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 893.75 manat məbləğində sərfiyyat silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar