Məhkəmə qərarları › İş №2(050)-1615/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1615/2025

08.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1615/2025 08.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC əməkdaşları tərəfindən tərtib olunmuş 14 mart 2025-ci il tarixli, 376964 saylı aktın etibarsız hesab edilməklə həmin akt əsasında hesablanmış 597,77 manat həcmində cərimənin və 17 yanvar 2025-ci il tarixdə 361452 saylı aktın etibarsız hesab edilməklə həmin akt əsasında hesablanmış 174,24 manat həcmində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclazı zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, yaşadığı Masallı rayonu, Köhnə Alvadı kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli “X1 Qaydalar”na uyğun olaraq müqavilə əsasında sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. O da fiziki şəxs kimi hər ay sayğac vasitəsi ilə hesablanmış elektrik enerjisinin pulunu tarif planına uyğun dəyər ilə ödəmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "xxxx" ASC-nin Masallı EŞ-nin əməkdaşları 2024-cü ilin sentyabr ayının əvvəllərində gəlib yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirərək yenisi ilə əvəz etmişlər. Bir müddət sonra ona məlum olmuşdur ki, barəsində 18 sentyabr 2024-cü il tarixli, 361452 saylı akt tərtib edilərək 174,24 manat cərimə edilmişdir. Əsas kimi isə hesabat sayağacının dövlət möhürünün qırılması göstərilmişdir. Halbuki, sayğacın möhürü normal vəziyyətdə olmuş, qırılmamışdır. Eyni zamanda o, heç bir zaman sayağaca müdaxilə etməmiş, istifadə etdiyi enerjinin pulunu hər ay sayağacın göstəricisinə uyğun ödəmişdir. Bundan əlavə o, uzun müddətdir ərindən ayrılsa da, sonuncu ona məxsus evin bir otağında yaşayır və onunla heç bir münasibəti yoxdur. 2025-ci ilin mart ayında "xxxx" ASC-nin Masallı EŞ-nin əməkdaşları tərəfindən fərdi yaşayış evinə sayğacdan kənar xəttin gəldiyi aşkarlanmış və buna görə xx.xx.2025-ci il tarixli, 376964 saylı akt tərtib edilərək 597,77 manat cərimələnmişdir. Lakin, o, sayğacdan kənar hər-hansı bir xətt çəkməmişdir. İstəsə belə bir qadın olaraq bunu edə bilməsi mümkün deyildir. "xxxx" ASC-nin Masallı EŞ-nin əməkdaşları kənar xətti aşkarlasalar da, bunu kimin etməsini müəyyənləşdirmədən sözügedən akta əsasən onu cərimələmişlər. Göründüyü kimi o, sayğaca heç bir müdaxilə etmədiyi və kənar xətt çəkmədiyi halda EŞ-nin əməkdaşları qanunsuz və əsassız aktlar tərtib etmişlər. Ona görə də hazırda həmin aktların etibarsız hesab olunması və borcun silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğac yenisi ilə əvəz olunarkən çıxarılan sayğacın dövlət möhürünün qırılması aşkar edilmişdir. Bu səbəbdən də iddiaçı barəsində 18 sentyabr 2024-cü il tarixli, 361452 saylı akt tərtib edilərək 174,24 manat cərimə edilmişdir. Bundan əlavə "xxxx" ASCnin Masallı EŞ-nin əməkdaşları tərəfindən aparılmış reydlər zamanı iddiaçıya məxsus evdə sayağacdan kənar qanunsuz qoşulma halları aşkar olunmuşdur. Buna görə də iddiaçı barəsində xx.xx.2025-ci il tarixli, 376964 saylı akt tərtib edilərək 597,77 manat cərimə edilmişdir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: -18 sentyabr 2024-cü il tarixli, R361452 nömrəli aktdan və Əhali istehlakçılar qurupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, EETQ-na uyğun olaraq Masallı rayonu, Təzə Alvadı kənd sakini X2 məxsus evin elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, abonentə məxsus sayğacın dövlət möhürləri və alt qapaq möhürü qırılmışdır. Sayğac sındırılıb, qapağı iki yerə ayrılmışdır. Naqilin en kəsiyinin ölçüsü 6 mm olmaqla iki damarlı alminum naqildir. Sayağac yenisi ilə əvaz olunaraq Z.Yahyayeva 174,24 manat cərimə edilmişdir. -04 mart 2025-ci il tarixli, R376964 nömrəli aktdan və Əhali istehlakçılar qurupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, EETQ-na uyğun olaraq Masallı rayonu, Təzə Alvadı kənd sakini X2 məxsus evə gedən elektrik naqillərinə baxış zamanı məlum olmuşdur ki, abonent sayğacdan kənar X1 edir. Naqilin en kəsiyinin ölçüsü 10 mm olmaqla iki damarlı alminum naqildir. Kənar xətt ləğv olunaraq Z.Yahyayeva 597,77 manat cərimə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 8.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacım xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17- ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1- ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkilis aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Maddənin məzmunundan da aydın olduğu kimi, elektrik sayağacına müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh tərərfindən Qanunun göstərilən maddəsinin tələblərinə əməl edilməmiş, elektrik sayğacına müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması və qanunsuz qoşulma halları mübahisələndirilmiş və hesab edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları qeyd olunan aktları tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktlarda göstərilən qüsur-hesabat sayağacının dövlət möhürünün qırılmasının və qanunsuz qoşulma hallarının aşkar edilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyi və məhz onun tərərəfindən qanunsuz qoşulması güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı elektrik sayğacına müdaxilə etmiş və qanunsuz qoşulma onun tərəfindən olmuşdur. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə işıq sərfiyyatına dair tərtib edilmiş 18 sentyabr 2024-cü il tarixli, 361452 saylı və 04 mart 2025-ci il tarixli, 376964 saylı aktlar etibarsız hesab edilsin və həmin aktlar əsasında hesablanmış ümumilikdə 772,01 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar