Məhkəmə qərarları › İş №2(050)-1665/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1665/2023

04.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1665/2023 04.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən adına tərtib olunmuş 07 mart 2023-cü il tarixli, 291166 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 874 manat borcun silinməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, onun Masallı rayonu Yeyənkənd kəndində yaşayış evi var, həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qayda və qanunlara uyğun olaraq sayğacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu da tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayğaca müdaxilə edilməmiş, əlavə xətdən istifadə etməmişdir. xx.xx.2023-ci il tarixdə "xxxx" ASC-in əməkdaşlan onun evində quraşdırılmış sayağaca baxış keçirmiş, baxış zamanı guya sayğacın gövdə möhürünə müdaxilə edildiyi, elektrik sayğacının yükü hiss etmədiyi aşkar edilmişdir. xx.xx.2023-ci ildə onun barəsində 291166 saylı akt tərtib edilmiş, guya onun sayğacın birləşmə sxeminə müdaxilə etdiyini, sayğacı xətdən kənarlaşdıraraq sayğacdan kənar elektrik enerjisindən istifadə etməsini qeyd etmişdir. Həmin aktı bir neçə şəxs imzalamış, o, isə imza etməkdən imtina etmişdir. Buna səbəb isə onun sayğaca heç bir müdaxilə etməməsi olmuşdur. Heç bir əsas olmadan qanunsuz olaraq ona əlavə 874 manat sərfiyyat hesablanmışdır. Evinin elektrik enerjisindən istifadə yükü amperemaj cihazı ilə yoxlanılmadan ona əsassız olaraq sərfiyyat hesablamışlar. Odur ki, aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 874 manat borcun silinməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, özü elektrik işləri ilə məşğul olur. Mütəxəssis kimi ona məlumdur ki, elektrik enerjisi istifadə edilən obyektlərdə, o cümlədən evlərdə “torpaqlama” işi görülməlidir. Bu zaman ildırım vurması və hər hansı səbəbdən qısaqapanma zamanı evdə olan məişət əşyalarının yanması, adamlarən xəsarət alması ehtimalı çox az olur. Ona görə də evinin arxa hissəsində torpağa dəmir parçası vurmaqla “torpaqlama” işini görmüşdür. Bununla bağlı baxış keçirilərkən ona irad tutulmuşdur ki, həmin “torpaqlama” işi ilə o, “Smart kart” elektrik sayğacından istifadə edərkən, dana az sərfiyyata nail olur. Halbuki, onun təhlükəsizlik məqsədi ilə etmiş olduğu “torpaqlama” işinin sərfiyyata heç bir təsiri yoxdur, əgər müdaxilə olarsa, bu hal sayğacın ekranında avtomatik qeyd olunur. Göstərilənlərə əsasən aktın etibarsız hesab edilməsi və ziyanın silinməsi tələb olunur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, aktın doğru olduğunu, cavabdehin faktiki olaraq “0” fazanı torpaqdan götürmüş, bununla da elektrik enerjisindən istifadə etməsinə baxmayaraq, daha az pul köçürməsinə nail olduğunu bildirmişdir. Qanunsuz qoşulma barədə videoçəkiliş aparılmışdır. Həmin videoçəkilişlə aktın qanuni olması sübuta yetir. Ona görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 07 mart 2023-cü il tarixli, 291166 saylı aktın surətindən görünür ki, sayğacın birləşmə sxeminə müdaxilə etməklə sayğacı sxemdən kənarlaşdıraraq, sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuşdur. İddiaçı adına olan abonent saldosuna baxış keçirilən zaman, sayğacın açılması tarixindən əvvəlki və sonrakı aylar üzrə elektrik enerjisindən istifadəyə görə ödənilən məbləğlər üzrə hansı fərq müşahidə olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskinə baxış keçirilmiş və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin satışa nəzarət mütəxəssislərinin apardığı çəkilişlə müəyyən edilmişdir ki, İddiaçı elektrik sayğacı quraşdırılmış fərdi yaşayış evində torpağa dəmir dirək vurmaqla “torpaqlama” işi görmüşdür. Baxış zamanı mütəxəssilər həmin işi sayğacdan kənar xətt kimi ifadə etsələr də, faktiki olaraq elektrik sayğacına hər hansı müdaxilə, o cümlədən faktiki istehlak edilən elektrik enerjisinə görə daha az pul hesablanması faktı müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 7.11-ci bəndinə əsаsən yаşаyış binаlаrının girişində, yаxud pilləkən meydаnçаlаrındа qurаşdırılmış mənzillər üzrə hesаblаşmа elektrik sаyğаclаrının, о cümlədən üzərindəki plоmblаrın qоrunmаsınа və işçi vəziyyətdə sаxlаnılmаsınа görə enerjitəchizаtı müəssisəsi cаvаbdehlik dаşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 8.33.-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunmuş Qaydaların 9.20.-ci bəndinə görə İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır: -9.20.1. fors-major hadisə ilə əlaqədar; -9.20.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılşamalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq qeyd edir ki, göstərilən maddi hüquq normalara və Qaydalara əsasən cavabdeh tərəfin aktda qeyd etdiyi hallar sübuta yetmir, hesabladığı ziyana görə iddiaçının təqsirli və qanuna zidd hərəkətləri, səbəbli əlaqə müəyyən olunmur. Belə ki, aktdan belə nəticəyə gəlmək olur ki, abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuşdur. Həmin göstəricilərlə İddiaçı sayğaca müdaxilə edib-etməməsi müəyyən deyil. Belə ki, bu barədə videodisk təqdim edilsə də, həmin görüntüdən məlum olur ki, İddiaçı elektrik sayğacı quraşdırılmış fərdi yaşayış evində torpağa dəmir dirək vurmaqla “torpaqlama” işi görmüşdür. Baxış zamanı mütəxəssilər həmin işi sayğacdan kənar xətt kimi ifadə etsələr də, faktiki olaraq elektrik sayğacına hər hansı müdaxilə, o cümlədən faktiki istehlak edilən elektrik enerjisinə görə daha az pul hesablanması faktı müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, “Torpaqlama” işinin əsas vəzifəsi qısa qapanma zamanı ilk cərəyan dəyərləri ilə əlaqəli elektrik xəsarətlərinin baş verməsinin qarşısını almaq üçün qoruyucu dövrəni yaratmaqdır. Bundan başqa videoçəkilişdən də göründüyü kimi, sayğacdan kənar istifadənin müəyyənləşdirilməsi üçün, sayğaca hər hansı elektrik ölçmə cihazı vasitə ilə baxış keçirilməmişdir. Bu hallar da aktın doğru olmasını şübhə altına alır. Həmçinin abonent saldosundan da göründüyü kimi, iddiaçı hər ay elektrik enerjisinin istifadə edilməsinə görə ağlabatan məbləğlərdə ödənişlər etmişdir. Belə olan halda istifadə edilməmiş elektrik enerjisinə görə ziyan hesablanması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Odur ki, akt əssasız hesab edilməli və hesablanmış ziyan məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı adına tərtib etdiyi 07 mart 2023cü il tarixli, 291166 nömrəli akt etibarsız hesab edilsin, həmin akt əsasında abonent İddiaçı adına hesablanmış ziyan məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar