Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-169/2025 18.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 avqust 2024-cü il tarixli, AKT NİM № 005749 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 802 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2(050)-169/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı “aktın etibarsız hesab olunması və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə iddia tələbinin “aktın etibarsız hesab olunması” hissəsinə xitam verilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Bədəlan kəndində ata evində yaşayır. Özünə aid tikilməkdə olan təzə ev tam hazır olmadığı üçün bu vaxta qədər orada heç bir yaşayış olmamışdır. Bu ilin avqust ayında təzə evə işıq çəkdirmək məqsədilə Masallı elektrik şəbəkəsinə müraciət etmişdir. İdarənin əməkdaşları ona yerində baxış keçirəcəklərini və 1 ay ərzində evini sayğacla təmin edəcəklərini bildirmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixində özlərini işıq idarəsinin işçiləri kimi təqdim edən 2 nəfər gəlib tikilməkdə olan təzə evin yaxınlığından keçən elektrik xətlərinə baxış keçirmişlər. Sayğac qoyulmasından ötrü ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişlər. Sonra dayağdan evə qədər olan məsafəni ölçərək çıxıb getmişlər. xx.xx.2024-cü il tarixində isə elektrik sayğacını gətirib quraşdırmışlar. Sayğac quraşdırılandan 10-15 gün sonra məlum olmuşdur ki, onlar həmin vaxtı heç bir yaşayış olmayan evə görə akt yazaraq onu 802 manat cərimə ediblər. Buna görə Masallı elektrik şəbəkəsinə gedərək orada yaşayış olmadığını və heç bir kənar kətt olmadığını bildirsə də heç bir xeyri olmamışdır. Sadəcə 005749 nömrəli aktın surətini ona verərək cəriməni ödəməsini tələb etmişlər. Onun müraciətindən sonra təzə evə baxış keçirənlər hər hansı kənar xətt və ya akt barədə heç bir söz deməmişlər. Orada heç bir akt da yazılmamışdır. Aktın surətini bu yaxınlarda idarədən ona veriblər. Onlar yerində belə bir akt tərtib etməyiblər, iddia etdikləri kənar xətt isə ümumiyyətlə heç vaxtı olmayıb. Bu səbəblərə görə də həmin qanunsuz akt etibarsız hesab edilməli və onun əsasında yazılmış cərimə məbləği silinməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 13 avqust 2024-cü il tarixli, AKT NİM № 005749 saylı aktda göstərilir ki, EEİQ-nə uyğun olaraq İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirən zaman məlum oldu ki, “abonent elektrik enerjisindən sayağacsız qeydiyyatsız istifadə edir” P fak=0.5 kvt. Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Bədəlan kəndində yaşayan, abonent İddiaçı AKT NİM № 005749 saylı akta əsasən 802 manat borc hesablanmışdır. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 13 avqust 2024-cü il tarixdə Masallı rayonu, Bədəlan kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonentin elektrik enerjisindən sayağacsız qeydiyyatsız istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 802 manat sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktın və akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Eyni zamanda həmin təlimatın 7.4-cü madəsinə əsasən, Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu barədə cavabdeh tərəfindən hər hansı bir sübut, videoçəkiliş təqdim edilməmiş, akt tərtib edilərkən abnentin iştirakı təmin edilməmiş, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələblərinə əsasən aktın tərtib edilməsi zamanı istehlakçının və məişət abonentinin iştirakı təmin edilməli, onlar iştirak etməkdən imtina etdikdə, aktda bunun səbəbləri göstərilməklə yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Tərtib edilmiş akta nəzər yetirdikdə görünür ki, aktda abonentin nümayəndəsi qrafasının qarşısında heç bir qeyd yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 13 avqust 2024-cü il tarixli, AKT NİM № 005749 saylı akta əsasən hesablanmış 802 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 13 avqust 2024-cü il tarixli, NİM № 005749 saylı akta əsasən hesablanmış 802 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-169/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-169/2025
18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver