Məhkəmə qərarları › İş №2(050)-1755/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1755/2025

23.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1755/2025 23.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən 15 yanvar 2022-ci il tarixli, 237442 nömrəli akt əsasında hesablanmış 908.62 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Türkoba kəndində yaşayır. Hazırda yaşadığı ev atasının adına olduğu üçün Azərişıq Masallı elektrik şəbəkəsi tərəfindən elektrik sayğacı da onun adına qeyd edilib. Atası rəhmətə gedəndən sonra da həmin evdə o, ailəsilə birlikdə yaşayır. Hər bir abonent kimi o da sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə etmiş və ödənişlər etmişdir. İndiyə kimi də işığa görə heç bir borcu qalmamışdır. Bu yaxınlarda Masallı elektrik şəbəkəsinin işçiləri həyətə gələrək ona 900 manatdan çox borcu olduğunu deyərək işıq kartını bloklayacaqlarını bildirdilər. Onlara bu məbləğdə borcunun ola bilməyəcəyini bildirmiş. Onlar isə əlindəki kağızların arasından 1 ədəd aktın surətini ona verərək həmin akt əsasında cərimə edildiyini bildirdi. Həmin aktla tanış olanda məlum oldu ki, xx.xx.2022-cü il tarixində yazılmış aktda güya sayğacdan kənar əlavə xəttdən istifadə etdiyi yazılmışdır. Bu səbəbdən də ona 908.62 manat cərimə hesablanmışdır. Onun həmin aktın yazılmasından xəbəri olmayıb. Onlar hansı tarixdə və hansı evdə kənar xətt barədə akt tərtib ediblər bu ona məlum deyil. Onların evində isə heç vaxtı kənar xətt olmayıb. Elektrik sayğacı da həyətdən kənarda, küçədə işıq dirəyində quraşdırılıb. Kəndin nəzarətçisi də hər ay sayğacları yoxlayıb onlara bildiriş təqdim edib. O, heç vaxtı heç bir kənar xətdən istifadə etmədiyinə görə həmin aktı qanunsuz hesab edərək yazılmış cərimənin silinməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, heç vaxt kənar xəttdən istifadə etməmişdir. Akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakları təmin olunaraq birgə yoxlanış aparılmalı, foto və ya videoçəkiliş olmalı idi. İddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xaihş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, R№237442 saylı aktdan görünür ki, abonent kodu **********00286 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, abonent kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edir. Hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixli, R№ 237442 saylı akta əsasən 908.62 manat əlavə sərfiyyat hesablanmışdır. ölüm haqqında arayışdan görünür ki, X1 xx.xx.2015-ci ildə ölmüşdür. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddia ilə bağlı subyektiv hüququ malik olubolmamasına münasibətdə bildirir ki, elektrik enerjisinin verildiyi fərdi yaşayış evi iddiaçının atasının mülkiyyətində olmuş və atası xx.xx.2015-ci ildə vəfat etdiyindən sonra iddiaçının faktiki isifadəsinə keçmişdir, sayğacın formal olaraq vəfat etmiş abonentin adında qalması mülkiyyətçinin məhkəmə müdafiəsi hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 15 yanvar 2022-ci il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonent kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 908.62 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, R№237442 saylı akta əsasən hesablanmış 908.62 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, R№237442 saylı akta əsasən hesablanmış 908.62 manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar