Məhkəmə qərarları › İş №2(050)-1780/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1780/2023

08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1780/2023 08.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, R 261313 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Mollaoba kəndində yaşayır və həmin kənddə fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuş, hər ay istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmiş, bunlar abonentin saldosunda təsdiqini tapır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları ona aid sayğaca baxış keçirərək, sayğacın giriş xəttinin kəsilməsini, sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyini müəyyən etmişlər və akt tərtib olunmuşdur. Daha sonra 1326.53 manat ziyan hesablanmış və ondan tələb olunmuşdur. Aktla razı deyil. Sayğaca hər hansı müdaxilə etməmiş, sayğacdan kənar xəttdən istifadə etməmiş, aylıq ödənişləri etmiş, öhdəliklərinin icrasından yayınmamışdır. Həyətindən kənarda küçə işığı var, həmin işığın xətti küçədən işıq dirəyindən götürülmüş, yandırılıb-söndürülməsi də küçədə yerləşir. Həmin işığın onun həyətinə və sayğacına heç bir aidiyyəti yoxdur. Həmin işıqdan həyətinə çəkməmiş, işıq yalnız küçəni işıqlandırmışdır. Həmçinin, akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakları təmin olunmamış, foto və ya video çəkiliş aparılmamışdır. Bundan başqa, sayğacı hər ay işıq idarəsinin işçiləri yoxlayırlar, onlar sayğacda belə qüsur vardısa, bununla bağlı dərhal tədbir görməli idilər. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 560.1, 560.2, 337.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.1, 8.2, 8.13 və 8.14-cü bəndlərinə istinad etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, küçənin işıqlandırılması üçün bir lampa vasitəsi ilə elektrik enerjisindən istifadə etmişdir. Həmin lampanı elektrik enerjisi ilə təmin edən elektrik xətti sayğacdan kənar olmuşdur. Səhv etmişdir. Yazılmış cərimənin pulundan ödənişlər olmuşdur. İmkanı yoxdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, bildirdi ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, R 261313 saylı aktın yazılmasına səbəb sayğacdan kənar elektrik enerjisindən istifadə olunmasıdır. Bunu təsdiq edəcək video görüntü var. İdarənin əməkdaşları İddiaçı fərdi yaşayış evinə verilən elektrik xəttinə, sayğaca baxış keçirmişdilər. Bu zaman müəyyən olmuşdur ki, elektrik sayğacının giriş xətti kəsilib, sayğacdan kənar 2x2.5 mm2 mis kabel vasitəsi ilə elektrik enerjisindən istifadə edilir. Akta əsasən hesabat aparılmış, itirilmiş enerjinin dəyəri 50 gün üçün hesablanaraq 4990 kvts qəbul edilmişdir. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, R 261313 saylı aktda göstərilir ki, elektrik sayağacının giriş xətti kəsilib, sayğacından kənar 2x2.5 mm2 mis kabel vasitəsi ilə elektrik enerjisindən istifadə edilir. Təsdiq edilmiş hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixli, R 261313 saylı akta əsasən 50 gün üçün 625.37 manat əlavə sərfiyyat hesablanmışdır. Təqdim edilmiş CD-yə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" Acıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən abonent İddiaçı verilən elektrik enerjisindən istifadə vəziyyəti yoxlanmış, bu zaman elektrik sayğacının giriş xəttinin kəsilməsi, sayğacdan kənar 2x2.5 mm2 mis kabel vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən aktın və həmin akta əsasən hesablanmış borcun əsassızlığı işin araşdırılması zamanı təsdiqini tapmamışdır. İşdə olan sübutlar, o cümlədən təqdim edilmiş CD-yə baxış keçirilərkən "xxxx" ASC-nin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı abonentin elektrik sayağacından kənar (sayğac sərfiyyatı qeydə almadan) elektrik enerjisindən istifadə etməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək sübut təqdim edilməmiş və ya işin araşdırılması zamanı sübuta yetirilməmişdir. İddiaçı məhkəmə iclasında da verdiyi izahatı ilə törətmiş olduğu əməlini etiraf etmişdir. Belə ki, o, məhkəmə iclasında izahatında bildirmişdir ki, “...küçənin işıqlandırılması üçün bir lampa vasitəsi ilə elektrik enerjisindən istifadə etmişdir. Həmin lampanı elektrik enerjisi ilə təmin edən elektrik xətti sayğacdan kənar olmuşdur. Səhv etmişdir.” “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli, R 261313 saylı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar