Məhkəmə qərarları › İş №2(050)-1799/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1799/2023

12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1799/2023 12.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Masallı rayonu, Mollaoba kəndində yerləşən evinə verilən elektrik enerjisinə görə "xxxx" ASC tərəfindən əsassız hesablanmış 976,08 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin faktiki olaraq Bakı şəhərində bacısının yanında yaşayır. Həmin kənddə atasından qalmış fərdi yaşayış evi vardır və bəzən rayona gələndə həmin evdə yaşayır. O, heç vaxt ailə qurmamışdır, subaydır, İİ qrup əlildir və yalnız yaşayır. Fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuş və o, istifadə etdiyi enerjinin pulunu ödəmişdir. Buna dair ödəniş qəbzləri vardır və abonentin saldosunda ödənişlər təsdiqini tapır. Lakin, hazırda ona “Azərişıq" ASC-nin əməkdaşları bildirmişlər ki, onun işıq borcuna görə 976,08 manat borcu vardır. O, həmin borcu qəbul etmir, əsassız hesab edir və silinməsini tələb edir. Belə ki, o, Bakı şəhərində yaşayır və hərdən kəndə gedəndə öz evində qalır. Evində elektrik sayğacı smart tiplidir və karta pul yüklədikdən sonra elektrik enerjisi verilir. Lakin hazırda ondan 976.08 manat borc tələb olunur. Həmin borcun 2019-cu ilin aprel ayından hesablanması göstərilmişdir. Halbuki, "xxxx" ASC-nin əməkdaşları hər ay sayğaclara baxış keçirirlər. Keçən müddət ərzində ondan hər hansı borc tələb olunmamışdır. O, Bakı şəhərində yaşadığı halda həmin məbləğdə borc yazılması qeyri-mümkündür. Ümumiyyətlə o, kənddə yaşamış belə olsaydı, tək qadındır və maksimum 10 manat aylıq borc ola bilər, belə olan halda 1 ilə 120 manat, 10 ilə isə 1200 manat borc hesablana bilərdi. Buradan belə çıxır ki, o, 10 il elektrik enerjisinə görə pul ödəmədən istifadə etmişdir. Belə hal isə mümkün deyildir. "xxxx" 2 ayın pulunu verməyəndə dərhal xətləri kəsir, qaldı ki, 10 il pul vermədən işıqdan istifadə etmiş olasan. Həmçinin, sayğac həyətdən kənarda yerləşir və əgər müdaxilə vardısa bunu 10 il ərzində "xxxx" ASC-nin əməkdaşları görmüş olardı. Həmçinin, ümumiyyətlə ona hesablanmış borc məbləği ilə bağlı hər hansı akt belə yoxdur. "xxxx" ASC-nin Masallı rayon şöbəsinə müraciət etmiş və aktın olmadığı bildirilmişdir. Əgər belə bir akt yoxdursa, borc nəyin əsasında hesablanmışdır o, da məlum deyildir. Onun isə ümumiyyətlə borcdan heç vaxt xəbəri olmamış və ondan heç kim borcunun olmasını bildirməmişdir. "xxxx" ona qarşı məhkəməyə müraciət etməmişdir. Bütün qeyd olunan hallar göstərir ki, borc əsassız hesablanmış, heç bir hüquqi əsası yoxdur və ləğv olunmalıdır. Ona görə də əsassız hesablanmış borcun silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, borcun silinməsi üçün əvvəlcə cavabdehin Masallı şöbəsinə getmişdir. Orada ona Lənkərana getməsini məsləhət görmüşlər. Lənkərandan isə ona Bakıya getməsini demişlər. Belə olan halda iddia qaldırmaq üçün olan müddəti ötürmüşdür. Getdiyi idarələrin heç birindən rəsmi qayadada hər hansı sənəd ala bilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında yazılı vəsatət təqdim edərək izahatında bildirdi ki, iddia tam əsassızdır. Belə ki, abonent kodu **********00075 olan İddiaçı barəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən hər hansı akt tərtib edilməmişdir, abonentin silinməsini tələb etdiyi borc məbləği isə xx.xx.2019-cu il tarixə qədər istifadə edilmiş elektrik enerjisinin hesablanmış dəyəridir və həmin vaxt da sayğac göstəricilərinə uyğun olaraq müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Mollaoba kənd sakini İddiaçı 13 may 2019-cu il tarixə 976,08 manat borc hesablanmışdır və iddiaçı həmin borcun silinməsini iddia etsədə qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbi üzrə iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddianın rədd edilməsi barədə yazılı vəsatət təqdim etmişdir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz ve müdafie hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi "köhnəlmiş" tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibetlerində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 2001-ci il 27 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1. maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar