Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-181/2023 09.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatına görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən fərdi yaşayış evi təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt öhdəliklərin icrasından yayınmamışdır. “Azəriqaz” İB Lənkəran X2 İdarəsinin əməkdaşları xx.xx.2022ci ildə ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayağaca baxış keçirmişlər və sayağacı yenisi ilə əvəz etmişlər. Qaz İdarəsi sayağacı apardıqdan sonra xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib etmiş, aktda sayağacda olan qüsur kimi sayğacın hesablama mexanizminin zavod seriya yazılmış lövhə və qoruyucu şüşəsi gövdənin üzərində aşkar olunmadı cümləsi yazılmışdır. İtirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği 8640 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Aktın lövhəsini və qoruyucu şüşəsini o, sındırmamış, qaz sayğacının lövhəsinin və qoruyucu şüşəsinin sındığını aşkar etdikdən dərhal sonra ərizə ilə Masallı RPŞ-yə müraciət edilmişdir. İş üzrə araşdırılma aparılmış, cinayət tərkibi olmadığına görə cinayət işi başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və həmin qərara əsasən sayğacı sındırmış naməlum şəxsin tapılaraq inzibati qaydada tənbeh edilməsi qərara alınmışdır. Qaz sayğacları bütün rayon ərazisinə qoyulmuş, üzərinə qoruyucu qutu və ya hər hansı başqa qoruyucu vasitə qoyulmamışdır. Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilərlər və sayğaca istənilən müdaxiləni edə bilərlər. Belə olan halda sayğaca hər hansı bir müdaxiləyə görə məsuliyyət daşıya bilməz. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştrakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, “sayğacın hesablama mexanizmi, zavod seriya yazılmış lövhə və qoruyucu şüşəsi gövdənin üzərində aşkar olunmadı.”, sayğac həyətdən kənarda yerləşir. Aktın “İstehlakçının nümayəndəsi” yazılmış hissəsində onun iştirak edib-etməməsi, “İstehlakçının nümayəndəsi aktı imza etməkdən imtina etdi, bir nüsxə ona təqdim edildi” hissəsində də hər hansı bir qeydiyyat aparılmamışdır. “Azəriqaz” X1 X2 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 oktyabr 2022-ci il tarixli hesabtadan görünür ki, qaz sayağacının nominal qaz sərfi 4 m3 günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən itirilmiş təbii qaza görə iddiaçıya borc hesablana bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, sayğac həyətdən kənarda mühafizə olunmayan sahədə yerləşir. Sayğacda yaranmış problemin kim tərəfindən törədilməsi ilə bağlı iddiaçı Masallı Rayon Polis şöbəsinə müraciət etmiş, araşdırma nəticəsində xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, baş vermiş hadisə nəticəsində sayğacı yararsız hala salmış şəxs (lər) müəyyən ediməmişdir. Bundan başqa, mübahisələndirilən 31 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın “İstehlakçının nümayəndəsi” yazılmış hissəsində onun iştirak edib-etməməsi, “İstehlakçının nümayəndəsi aktı imza etməkdən imtina etdi, bir nüsxə ona təqdim edildi” hissəsində də hər hansı bir qeydiyyat aparılmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatına görə borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 31 oktyabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatına görə borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-181/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-181/2023
09.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver