Məhkəmə qərarları › İş №2(050)-1866/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1866/2025

03.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1866/2025 03.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında yazılmış cərimələrin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış 15 iyul 2021-ci il tarixli, AKT R № 226680 saylı və 03 mart 2025-ci il tarixli, AKT NİM № 010310 saylı aktlar əsasında yazılmış 1147.86 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Böyük Xocavar kəndində yaşayır. Anası rəhmətə gedəndən sonra tək vərəsə olduğu üçün onun adına olan evə də özü nəzarət edir. Özü ayrı evdə yaşadığı üçün həmin evdə heç kim yaşamır. Ancaq gecələr qapıda 1 ədəd lampa yanır. O da ay ərzində 2-3 manat sərfiyyat edir. Bu yaxınlarda Masallı işıq idarəsinin işçiləri gəlib həmin evin sayğacını dirəkdən ayıraraq çıxıb getmişlər. Nəzarətçi mühəndisdən bunun səbəbini soruşduqda o, həmin evdə aylıq sərfiyyat az olduğu üçün orada kənar xətt olmasını ehtimalının olduğunu, səfiyyat az olduğu üçün rəhbərliyin tapşırığına əsasən xx.xx.2025-ci ildə 010310 saylı akt yazıldığı və 814.46 manat cərimə edilməsi barədə bildirmişdir. Həmin cərimənin nə vaxtı və nə səbəbə yazıldığından xəbəri olmadığı üçün Masallı elektirik şəbəkəsinə müraciət etmişdir. İdarəyə gedəndə isə məlum olmuşdur ki, onlar həmin bu aktdan əlavə xx.xx.2021-ci ildə yenə xəbərləri olmadan 226680 saylı daha bir akt yazıblar və ona görə də 333.4 manat cərimə olunmuşdur. Lakin, aktların heç biri barədə ona heç kim məlumat verməmişdir. Sayğac küçədə yerləşir, sayğaca da heç vaxtı müdaxilə etməmiş, həmin evdə də heç bir kənar elektrik xətti olmamışdır. Həmin aktın yazılmasından xəbəri olmayıb, çünki onların sayğacına heç kim baxış keçirməyibdir. Onlar həmin aktları otaq şəraitində və heç bir əsas olmadan tərtib ediblər. Bu səbəbdən də həmin aktlarla razı deyil və həmin cərimələrin silinməsini xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Sözügedən fərdi yaşayış evi onun qaynanasına məxsus olmuşdur. Qaynanası vəfat etdikdən sonra evdə heç kim yaşamamış, həmçinin onun həyat yoldaşı qaynanasının yeganə övladı olmuşdur. Onların ayrıca evləri vardır, həmin evə də onlar nəzarət edir. Həmin ev ümumiyyətlə yaşamaq üçün yararlı deyildir. Birinci yazılan aktdan məlumatsız olmuş, ikinci aktda isə qonşuluqda yaşayan qardaşını çağıraraq akta imzalatdırmışlar. Qardaşı aktın məzmunundan sayğacın yeni sayğacla əvəz edilməsi ilə bağlı qeydlər gördüyündən aktı imzalamışdır. Sonda Nümayəndə1 iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, bildirmişdir ki, X1 adına sənədləşdirilmiş hesablaşma sayğacına 15 iyul 2021ci il tarixdə baxış zamanı məlum olmuşdur ki, abonent sayğacın quraşdırıldığı divarın arxa tərəfindən deşik açaraq sayğacın giriş sıxaclarına əlavə xətt çəkilmişdir. Bununla bağlı 15 iyul 2021-ci il tarixli, AKT R № 226680 saylı akt tərtib edilmiş və akta əsasən 333.4 manat məbləğində borc hesablanmışdır. Bundan başqa 03 mart 2025-ci il tarixdə baxış zamanı məlum olmuşdur ki, sayğacın qoşulma sxemi səhvdir. Sayğac kənar mənbədən götürülmüş sıfır xətti vasitəsi ilə dövriyyədən kənarlaşdırılmışdır. Bununla bağlı 03 mart 2025-ci il tarixli, AKT NİM № 010310 saylı akt tərtib edilmiş və akta əsasən 814.46 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 15 iyul 2021-ci il tarixli, AKT R № 226680 saylı aktda göstərilir ki, EEİQ-nə uyğun olaraq X2 məxsus fərdi yaşayış evinə baxış keçirən zaman məlum oldu ki, “abonent sayğacın quraşdırıldığı divarın arxa tərəfindən deşik açaraq sayğacın giriş sıxaclarına əlavə xətt çəkilmişdir.” 03 mart 2025-ci il tarixli, AKT NİM № 010310 saylı aktda göstərilir ki, EEİQ-nə uyğun olaraq X2 məxsus fərdi yaşayış evinə baxış keçirən zaman məlum oldu ki, “sayğacın qoşulma sxemi səhvdir. Sayğac kənar mənbədən götürülmüş sıfır xətti vasitəsi ilə dövriyyədən kənarlaşdırılmışdır.” Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Böyük Xocavar kəndində yaşayan, abonent X2 AKT R № 226680 saylı akta əsasən 333.4 manat, AKT NİM № 010310 saylı akta əsasən 814.46 manat borc hesablanmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 24 noyabr 2020-ci il tarixdə ölmüşdür. Masallı RİHB-nın Banbaşı kənd İƏD üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Masallı Rayonu Böyük Xocavar kəndində yaşamış mərhum X2 məxsus fərdi yaşayış evində 3 ilə yaxındır ki, heç kim yaşamır. Tək övladı olan İddiaçı ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Məhkəmə sözü gedən fərdi yaşayış evinin məxsus olduğu X1 2020-ci il tarixdə ölməsini nəzərə alaraq, onun adına olan sayğacla bağlı qızı İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olduğunu qəbul edir. Əsaslandırıcı hissə: Beləliklə, işin faktiki halları və əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 15 iyul 2021-ci il tarixdə Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən iddiaçının mərhum anasına məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonent sayğacın quraşdırıldığı divarın arxa tərəfindən deşik açaraq sayğacın giriş sıxaclarına əlavə xətt çəkilməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 333.4 manat, 03 mart 2025-ci il tarixdə Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən iddiaçının mərhum anasına məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına yenidən baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman sayğacın qoşulma sxeminin səhv olması, sayğacın kənar mənbədən götürülmüş sıfır xətti vasitəsi ilə dövriyyədən kənarlaşdırılması müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 814.46 manat sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktlara əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Eyni zamanda həmin təlimatın 7.4-cü madəsinə əsasən, Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntular barədə cavabdeh tərəfindən hər hansı bir sübut, videoçəkiliş təqdim edilməmiş, akt tərtib edilərkən abnentin iştirakı təmin edilməmiş, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələblərinə əsasən aktın tərtib edilməsi zamanı istehlakçının və məişət abonentinin iştirakı təmin edilməli, onlar iştirak etməkdən imtina etdikdə, aktda bunun səbəbləri göstərilməklə yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Tərtib edilmiş aktlara nəzər yetirdikdə görünür ki, xx.xx.2021-ci il tarixli aktda abonentin nümayəndəsi qrafasının qarşısında imza və heç bir qeyd yoxdur. xx.xx.2025-ci il tarixli aktda abonentin nümayəndəsi kimi Nümayəndə1 qeyd edilmiş, qarşısında imza olsa da, hər hansı qeyd aparılmamışdır. İddiaçı cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə iclasında bildirmişdir ki, aktda onun ad və soyadının qeyd edildiyi və qarşısında çəkilmiş imza ona məxsus deyildir. O, Bakı şəhərində yaşadığından qonşuluqda yaşayan qardaşı onun əvəzinə həmin aktda imza çəkmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi hər hansı etirazını bildirməmişdir. Eyni zamanda tərtib edilmiş aktda abonentin nümayəndəsi qrafasında qeyd edilmiş şəxsin imzası olsa da, akt tərtib edilərkən imzalayan şəxsin aktda göstərilən nöqsanlarla bağlı firkirləri öyrənilməmiş və bu barədə qeydlər aparılmamışdır. Həmçinin mərhum anasının adına olan sayğacla bağlı İddiaçı subyektiv hüquqa malik olduğundan məhkəməyə müraciət etmiş, tərtib edilmiş aktda isə nədənsə onun ərinin ad və soyadı qeyd edilmişdir. Əslində həmin aktda abonentin nümayəndəsi qrafasında göstərilmiş Nümayəndə1 həmin sayğacla hə hansı bağlılığı olmamışdır. Bütün bunlar göstərir ki, qeyd edilən akt formal olaraq tərtib edilmiş, abonentin nümayəndəsi kimi həmin aktı imzalayan şəxs də həmin aktın məzmununu başa düşmədən imzalamışdır. Həm də ki, hər hansı sadə vətəndaşın aktın məzmununda qeyd edilən nöqsanları başa düşmədiyini düşünmək də o qədər çətin deyildir. Çünki bu işlə məşğul olan mütəxəssislər sayğacı yoxlayarkən qeyd edilən qüsurların dəqiq nədən ibarət olmasını deyə bilər. Ona görə də sözü gedən akt Nümayəndə1 özü tərəfindən imzalansa da belə bu o demək deyildir ki, aktda göstərilən qüsurlar həqiqətən də mövcud olmuşdur. Bunun üçün sayğaca videoçəkiliş aparılmaqla ətraflı baxış keçirilməsi təmin edilməli idi ki, hazırda həmin qüsurların həqiqətən də mövcud olduğunu görmək mümkün olsun. Məhkəmə qeyd edir ki, göstərilən iddia tələbi üzrə aktda qeyd edilən qüsurların həqiqətən də mövcud olmasını sübut etmək vəzifəsi cavabdeh şirkətin üzərində olmuş, lakin cavabdeh şirkət həmin aktlarda göstərilən nöqsanların möcvudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 15 iyul 2021-ci il tarixli, AKT R № 226680 saylı akta əsasən hesablanmış 333.4 manat, 03 mart 2025-ci il tarixli, AKT NİM № 010310 saylı akta əsasən hesablanmış 814.46 manat, cəmi 1147.86 manat borc silinməlidir. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 15 iyul 2021-ci il tarixli, AKT R № 226680 saylı akta əsasən hesablanmış 333.4 manat, 03 mart 2025-ci il tarixli, AKT NİM № 010310 saylı akta əsasən hesablanmış 814.46 manat, cəmi 1147.86 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar