Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1871/2024 16.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2019-cu il tarixli, AKT R № 128076 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 154.22 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı kənddə özünə məxsus fərdi yaşayış evi vardır və fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli “X1 Qaydalar”na uyğun olaraq müqavilə əsasında sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. O, da fiziki şəxs kimi hər ay sayğac vasitəsi ilə hesablanmış elektrik enerjisinin dəyərini tarif planına uyğun dəyər ilə ödəmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Azərişıq” ASC-nin əməkdaşları gəlib yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirmişlər. xx.xx.2019-cu il tarixli 128076 saylı akt tərtib etmişlər və həmin akta görə elektrik sayğacı yanmış və yararsız hala düşmüşdür. Buna görə onu, 154.22 manat həcmində cərimələmişlər. Elekrtik İdarəsinin tərtib etdiyi aktla razılaşmır. Həmin akt qanunsuz və əsassızdır, buna görə də, ləğv olunmalıdır. Belə ki, o, sayğaca hər hansı bir müdaxilə etməmişdir. Tərtib olunan qanunsuz akta imza etməmişdir. Sayğacdan kənar isə heç bir xətt çəkməmiş, sayğacın plombu üzərində olmuşdur. Həmçinin onun evinə və ümumiyyətlə kəndə qoyulan elektrik sayğaclarının müddəti bitmişdir. Belə olduğu təqdirdə Elektrik İdarəsinin əməkdaşları tərəfindən qanunun şərtlərinə görə vaxtı keçmiş elektrik sayğacları pulsuz olaraq dəyişdirilməlidir. İşıq idarəsinin əməkdaşları onu cərimə etmişdir. Lakin həmin cərimə qərarının alınmasında ötrü müraciət etsə də, cərimə qərarını ona verməmişlər. Akt və cərimə qərarı əsassız və qeyri-qanunidir. Elektrik sayğaclarının vaxtı bitdiyi zaman həmin sayğaclar dövlət hesabına vətəndaşdan heç bir pul alınmadan dəyişdirilir. Elektrik Şəbəkəsinin əməkdaşları sayğaca müdaxilə etdiyini sübut edəcək heç bir sübutları yoxdur, nə foto və video çəkilişləri, nədə ki, qonşulardan, kənd sakinlərindən, yəni şahid ola biləcək heç bir insanın şahid olmasını təsdiq edən heç bir sənəd-sübutları yoxdur. Sadəcə öz əməkdaşlarını şahidliyi ilə belə bir akt tərtib etmişlər. Həmçinin sayğacda hansı nasazlığın olmasını sübut edəcək ekspert rəyi yoxdur. Ona görə də hazırda həmin aktın etibarsız hesab olunması və cərimənin silinməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, həmin evdə anası ilə birlikdə yaşamışdır. Anası 2020-ci ildə vəfat etmiş, həmin vaxdan da o evdə yaşamamışdır. Evdə yaşamadığından da X1 etməmişdir. Sayğac küçədə yerləşdiyindən küçədə olan kol-koslar yanarkən sayğaca ziyan dəymiş, sonradan idarənin əməkdaşları gəlib sayğacı yenisi ilə əvəz etmişlər. Onun barəsində yazılmış aktdan xəbəri olmamışdır. Əvvəllər evdə yaşadığı dövrdə olan borclarını hər ay vaxtı vaxtında ödəmişdir. Lakin sayğac dəyişdirildikdən sonra evinə gəlmiş və sayğacın dəyişdirildiyini görmüş və sayğaca pul yükləmək istəyərkən ona bildirmişlər ki, borcu olduğuna görə ona kart verilə bilməz. Borcunu ödədikdən sonra ona kart veriləcəkdir. O, zaman bilmişdir ki, köhnə sayğaca görə ona əsassız olaraq cərimə yazılmışdır. Sonra İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iddiaçının iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı adına sənədləşdirilmiş sayğaca baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı yanıb, yararsız hala düşüb. Bununla bağlı 12 mart 2019-cu il tarixli, AKT R № 128076 saylı akt tərtib edilmiş və akta əsasən 154.22 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Araşdırma zamanı müəyyən edilmişdir ki, 12 mart 2019-cu il tarixli, AKT R № 128076 saylı aktda göstərilir ki, abonent kodu **********00265 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, “Elektrik sayğacı yanıb, yararsız hala düşüb. Axan yük 3.5 A. Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Pələnküştə kəndində yaşayan, abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (AKT R № 128076) 154.22 manat borc hesablanmışdır. İddiaçı ona məxsus sayğacın kol-kosun yanması nəticəsində plastmas qapaq hissəsinin cuzi yandığını bildirərək sayğacın normal şəkildə işlədiyini qeyd etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən sayğacın onun iştirakı olmadan çıxarılaraq, sayağıc yararsız halda olması əsası ilə yeni sayğac quraşdırılmış özü də bilmədiyi səbəbdən cərimələndiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi gah sayğacın yanaraq yararsız hala düşdüyünə görə sayğacın dəyəri miqdarında abonentin cərimələndiyini bildirmiş, gah da qeyd edilən borcun sayğacın zədələnməsi nəticəsində axan yükü düzgün qeyd etməməsi ilə əlaqədar yazıldığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.6-cı maddəsinin tələbinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlaşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 12 mart 2019-cu il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda elektrik sayğacının yanaraq yararsız hala düşməsi nəticəsində sayğacdan axan yükün düzgün qeyd etmədiyi əsası ilə cavabdehin hesabına borc hesablamışdılar. Akt tərtib edildiyi zaman sayğacdan axan yükün 3,5 Amper olduğu qeyd edilmişdir. Cavabdehin nümayəndəsi izahatında yaşayış sahəsində X1 edilən avadanlıqlara əsasən sayğacdan axan yükün ayrı-ayrı vaxtlarda fərqli vəziyyətdə ola biləcəyini qeyd etmiş, bu fikrinə münasibətdə qeyd edilən aktın tərtib edildiyi zaman sayğacın axan yükü az qeyd etdiyini, yəni 3,5 Amper olduğunu, əslində isə axan yükün artıq olduğunu göstərsə də, axan yükün artıq olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Bundan başqa cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətini tətbiqi ilə əlaqədar ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəyə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən-iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin məcəllənin 373-cü maddənin bəndlərinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Cavabdeh müqavilə münasibətlərinə istinad etməklə 3 illik iddia müddətinin tətbiq edilməsini zəruri hesab etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müqavilə münasibətləri ilə bağlı yaranmamış, cavabdehin qanunsuz hərəkəti ilə bağlı yazılmış akt əsasında borcun silinməsi ilə bağlı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən abonentin barəsində borcun yazılması aktla deyil, aktın əsasında qəbul edilmiş qərarla həyata keçirilir. Abonent borcun silinməsi tələbi ilə məkhəməyə müraciət edərkən dolayısı ilə həmin borcun yazılmasına əsas olmuş qərarın ləğv edilməsini xahiş etmişdir. Belə olan halda abonentin borcun silinməsi tələbinə dair Mülki Məcəllənin iddia müddətinin tətbiqi ilə bağlı normaları tətbiq edilə bilməz. Odur ki, cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqi barəsində ərizəsindən imtina edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12 mart 2019-cu il tarixli, AKT R № 128076 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 154.22 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı şəhəri Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 154.22 (yüz əlli dörd manat iyirmi iki qəpik) manat İddiaçı (abonent kodu **********00265 olan) abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1871/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1871/2024
16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver