Məhkəmə qərarları › İş №2(050)-1879/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1879/2024

08.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1879/2024 08.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X1 istismarı idarəsinin Masallı XS tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasən hesablanmış ziyan kimi 6480 kub metr qaz sərfiyyatına və ona hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayır. Özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Abonentin saldosunda həmin ödənişlər əks olunmuşdur. Qaz sayğac həyətdən kənarda yerləşdirilmiş, ona nəzarəti qaz paylayıcı "Azəriqaz" İB-nin nümayəndəsi həyata keçirir, hə ay iki dəfə yoxlayır və bildiriş verir. "Azəriqaz" İB-nin Lənkəran X5 idarəsinin əməkdaşları ona məxsus yaşayış evinə təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və növbəti dövlət yoxlaması məqsədi ilə sayğacı aparmışlar. Daha sonra 26 dekabr 2023-cü il tarixdə, tərtib olunmuş akta əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfədən əzilməsi barədə akt tərtib olunmuşdur. Həmin akta əsasında 30 dekabr 2023-cü il tarixli tələbnamə ilə 6480 metr kub metr ziyan hesablanmışdır. 26 dekabr 2023-cü il tarixli aktda olan qeyd olunan sayğacın hesablama mexanizminin qapağının yan tərəfədən əzilməsi onun günahı ucbatından baş verməmişdir. Sayğac növbəti dövlət yoxlamasına aparılarkən "Azəriqaz" İB-nin nümayəndələri sayöacı açmışlar, həmin qüsur da, o vaxt yaranmış ola bilər. Qüsurlar olsa belə həmin qüsuru o, yaratmamış, nədə ki, sayğaca cavabdeh şəxs o, deyldir. Sayğac evindən kənarda yerləşir və onu qorumaq onun yox, qaz paylayıcısı olan "Azəriqaz" İB-nin səlahiyyətinə aiddir. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Qaz sayğacında müdaxilə vardısa onun və şahidlərin iştirakı ilə akt tərtib olunmalı, çəkiliş aparılmalı idi. Onun aktdan ümümiyyətlə xəbəri olmamış, imza etməmişdir. Həmçinin onun aylıq sərfiyyatı və qüsurun onun tərəfindən yaradılması barədə hər hansı bir sübut yoxdur. Həmin aktla razı olmadığı üçün məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahatında verərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz“ İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 03 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 03 noyabr 2023-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlanması üçün yenisi ilə əvəz olunmuşdur. Cavabdeh X1 İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin rəis müavini S.Seyfullayev tərəfindən təsdiq edilmiş 26 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 26 dekabr 2023-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olması aşkar olunmuşdur. Cavabdeh X1 İstismarı İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Qızılağac kəndində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 6 kub/metr, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 6480 kub metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, qaz paylayıcısı olan Cavabdeh ilə istehlakçı X4 arasında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən ona məxsus fərdi yaşayış evi təbii qazla və qazın sərfinə görə hesablama aparılması üçün sayğacla təchiz olunmuş, lakin 03 noyabr 2023-cü il tarixdə tərtib olunmuş akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus evinin qaz sayğacının növbəti dövlət yoxlanması üçün yeni sayğacla əvəz olunmuş, 26 dekabr 2023-cü il tarixdə qaz sayğacının təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olması aşkar olunduğu üçün 6480 kub/metr itirilmiş qazın həcminə görə ziyan hesablanmışdır. Hazırda İddiaçı faktiki istifadəsində olan sayğaca tərtib edilmiş həmin akt və qərarla razılaşmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarının: 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısıalğı-satqı müqaviləsi əsasında istehlakçılara qaz paylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda Cavabdeh əməkdaşları 03 noyabr 2023-cü il tarixdə istehlakçı Masallı rayonu, Qızılağac kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacını yenisi ilə əvəz edərkən və 26 dekabr 2023-cü il tarixdə akt tərtib edilərkən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olmasını aşkar edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 dekabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və itirilmiş 6480 kub/metr qaza görə hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 dekabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və itirilmiş 6480 kub/metr qaza görə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar