Məhkəmə qərarları › İş №2(050)-1884/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1884/2024

12.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1884/2024 12.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən adına tərtib olunmuş 28 aprel 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qəbul edilmiş 28 aprel 2023-cü il tarixli tələbnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh tərəfindən adına tərtib olunmuş 28 aprel 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 12960 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, yaşadığı Masallı rayonu, Göyəçöl kəndində yerləşən evinə qaz xətti çəkilməklə müvafiq sayğac quraşdırılmışdır. İstifadə etdikləri qaz sərfıyyatının dəyərini hər ay qaz nəzarətçisinin verdiyi bildirişə uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. Ötən ilin oktyabr ayının 05-də o, evdə olmadığı vaxt Azəriqaz İBnin əməkdaşları qaz sayğacına baxış keçirərək, sayğacı açıb aparmış, sonra yeni sayğac quraşdırmışlar. Qaz nəzarətçisinin verdiyi növbəti bildirişdə artıq borcun yaranmasını görüb səbəbi ilə maraqlananda bildirilmişdir ki, sayğaca müdaxilə olunması səbəbindən borc hesablanmışdır. Həmin borcun əsassız olmaqla ləğv edilməsi barədə şifahi müraciətlər etmişdir. Bu ilin aprel ayında borcu görüb, maraqlandığı zaman məlum olmuşdur ki, sayğacın götürülməsi zamanı guya hesablanma mexanizmi qapağının və yan tərəfdən əzilməsi ilə əlaqədar olaraq qaz sərfiyyatı yenidən hesablanmış və 12960 kub metr qaz itkisi məyyən edilmiş, bununla əlaqədar olaraq 28 aprel 2023-cü il tarixdə akt və həmin akt əsasında qərar qəbul edilmişdir. Ancaq bu məsələ müzakirə edilərkən, iştirakı təmin edilməmiş, bununla bağlı izahatı dinlənilməmiş, hətta müvafiq aktla qərarın surəti ona göndərilməmişdir. Yalnız borca dair bildirişi aldıqdan sonra Masallı Regional «Asan Xidmət» Mərkəzindən mübahisəli aktla qərarın surətlərini aprel ayının sonunda əldə etmişdir. Bundan başqa həmin qaz sayğacı onun həyətindən kənarda yerləşir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2022-ci tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında və aktdan görünür ki, abonentə yeni qaz sayğacı təhvil verilmişdir. 28 aprel 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq işarələrinin olması əsası ilə itirilmiş təbii qazın dəyəri hesablanması və ödənilməsi tələb olunur. 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 28 aprel 2023-cü il tarixli, ******* saylı akta əsasən 12960 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə, İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzikcızıq işarələrinin olması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 28 aprel 2023-cü il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X2 İdarəsinin İddiaçı adına tərtib etdiyi 28 aprel 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 12960 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar