Məhkəmə qərarları › İş №2(050)-1885/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1885/2024

20.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1885/2024 20.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı hesablanmış ziyanın azaldılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”-nin Lənkəran X3 idarəsinin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə xx.xx.2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 35.040 kub metr dəymiş ziyana görə hesablanmış 4200 (dörd min iki yüz) manat borcun azaldılaraq 500 (beş yüz) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmiş işin halları: İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonu, Çaxırlı kəndində yaşayır, yaşadığı ev təbii X1 uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Abonentin saldosunda həmin ödənişlər əks olunmuşdur. Hər ay istifadə etdiyi qazın dəyərini ödəmişdir. Qaz sayğacı onun həyətindən kənarda yerləşdirilmiş, sayğaca nəzarəti qaz paylayıcı Cavabdeh İB-nin nümayəndəsi həyata keçirir, hər ay iki dəfə yoxlayır və bildiriş verir. Qeyd edir ki, Cavabdeh İB Lənkəran X3 İdarəsinin əməkdaşları ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında guya sayğacdan kənar təbii qazdan istifadə halı müəyyən etmişlər. xx.xx.2023-cü il tarixli tələbnamə əsasında 35040 kub/metr ziyan hesablanmış və ondan ödənilməsi tələb olunmuşdur. O, həmin aktdan məhkəməyə şikayət etmiş, lakin qüvvədə qalmış və etibarsız hesab olunmamışdır. Hazırda isə tələbini dəyişmişdir. Hesab edir ki, dəymiş ziyan həddindən artıq çox hesablanmışdır, hazırda tələbinin predmeti tamamilə fərqli iddiadır və buna görə də hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, uzun illərdir ki, o, qazdan istifadə edir, hər ay qaz idarəsinin əməkdaşları sayğaca baxış keçirirlər, onlar əgər müdaxilə və ya kənar xətt vardısa, bunu görə bilərdilər. 3 ay ərzində 35040 kub metr, yəni 4200 manat dəyərində qaz istifadə etməsi üçün gərək onun istixanası və ya kərpic zavodu olardı. Heç ümumiyyətlə kənd yerində 1 il ərzində 4200 manat qazın işlədilməsi mümkün deyildir, qaz əsasən 4 ay işlənir, yay aylarında isə ayda 5-10 manat arası qaz sərfiyyatı olur. Bir il 12 aydır və hazırda hesablanan borc 4200 manat, aylara bölsək, hər aya 350 manat pul hesabianır ki, belə sərfiyyat mümkün deyildir. Yay, yaz və payız aylarında hər ay 350 manat heç kombi olan evlərdə qaz işlənmir, qaldıki onun evində hər ay 350 manat qaz işlənməsi mümkün deyildir. Dəymiş ziyanın məbləği real və ağlabatan olmalı, ziyanla nəticə arasında səbəbli əlaqə olmalıdır. Lakin göründüyü kimi dəymiş ziyanın məbləği real deyildir. Qaz idarəsinin əməkdaşları 1 il ərzində kənar xətt vardısa 3 ay ərzində həmin xətti görə bilərdilər, ümumiyyətlə “X1” əsasən dəymiş ziyanın məbləği maksimum 90 gün və gündəlik 12 saat üçün hesablana bilərdi, lakin 1 illik müddət hesablanmışdır. Həmçinin, onun əvvəlki dövrə münasibətdə sərfiyyatı, qaz sayğacının tipi, istifadə etdiyi qurğular və markalar hamısı nəzərə alınmaqla dəymiş ziyan hesablanmalıdır. O, dəymiş ziyanın real olmadığını və çox artıq məbləğdə hesablandığını fikirləşir. Əgər ehtiyac olarsa məhkəmə ekspertiza keçirməli və dəymiş ziyanın real məbləği müəyyən olunmalıdır. Həmçinin, tələbnamədən görünür ki, 365 gün müddətin hansı əsasla hesablanması, kənar xəttlə hasnıq urğuların quraşdırılması və 35.040 kub metr ziyanın hansı əsasla hesablanması barədə heç bur qeyd və sübut yoxdur. Bu onu göstərir ki, dəymiş ziyan düzgün hesablanmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə göndərərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsinin və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə, təbii qazdan oğurluq edilməsi əsası ilə yeni sayğacın dəyəri və ziyan tələb olunur. 30 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, 30 yanvar 2023-cü il tarixli, ******* saylı akt əsasən 35040 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Masallı Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(050)-1085/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən adına tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(106)-413/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Masallı Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(050)-1085/2023 saylı qətnaməsinin qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5-1.-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2.-ci bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3.-cü bəndinə əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, İddiaçı qanuna zidd əməlinin, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Lakin məhkəmə dəymiş ziyan məbləğinə münasibətdə qeyd edir ki, tədqiq olunmuş akta əsasən 35040 kub metr itirilmiş qazın bərpa olunması hesablansa da, göstərilən həcmdə ziyanın olması həqiqətə uyğun deyil və ehtimallarla hesablanmışdır. Ziyanın həcminin hesablanması barədə tələbnamədə orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün nəzərdə tutulmuşdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 3.1.10-cu və 6.5-3-cü maddələrinin göstərişindən görünür ki, dəymiş ziyanın məbləği maksimium 90 gün və gündəlik 12 saat üçün hesablana bilərdi. Aktın tərtib edildiyi əvvəlki aylarda qazın maksimal səviyyədə istifadə olunması isə ağlabatan deyildir. Həmçinin cavabdeh təşkilat tərəfindən buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları hər ayın sonu vətəndaşların yaşayış ünvanlarında olaraq, onların istehlak etdikləri qaz miqdarını qeyd etməklə bildiriş vermişlər. Bu isə o deməkdir ki, əgər həqiqətən də, son 90 gün ərzində qanunsuz qoşulma olmuş olsa idi, bu hal daha əvvəl müəyyən olunmalı idi. Bu səbəbdən məhkəmə dəymiz ziyanın yalnız son 3 aya münasibətdə hesablanmalı olması qənaətinə gəlir. Bundan başqa təbii qazın günlük istehlakı maksimal saatlıq qaz sərfinə uyğun hesablansa da, məhkəmə iddiaçı tərəfin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı 24 saat ərzində maksimal qaz sərf etməsi qənaətinə gəlinməsinin səbəbi məlum deyildir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş ziyan dedikdə, dəymiş real zərər nəzərdə tutulur. Məhkəmə göstərilənləri Mülki Məcəllənin 560.1-560.3. və 560.3.5.2.-ci maddələrinə istinadən hüquqdan sui-istifadə olaraq qiymətləndirir. Həmin maddələrə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılşamalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. Beləliklə məhkəmə hesab edir ki, sərfiyyat 365 gün müddətə deyil, son 90 gün müddətə münasibətdə hesablanarsa, həmin məbləğin 1050 (4200/4=1050) manat olacağı müəyyən olunur. Gündəlik qaz sərfiyyatının isə 24 saata deyil, 12 saata münasibətdə hesablanmalı olması nəzərə alınarsa, ziyan məbləğinin yekun olaraq 525 (1050/2=525) manat miqdarında olacağı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4200 (dörd min iki yüz) manat sərfiyyat məbləği azaldılaraq 525 (beş yüz iyirmi beş) manat miqdarında müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar