Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1936/2025 03.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 6480 kub metr borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il tarixdə Masallı rayonu, Bambaşı kəndində anadan olmuş və hazırda Masallı rayonu, Banbaşı kəndində yaşayır, ona məxsus fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. O, istifadə etdiyi qazın pulun hər ay sayğac vasitəsi ilə hesablanaraq ödəmişdir. Ödənişlərdən yayınmamış və öhdəliklərini vaxtında icra etmişdir. Ödənişlər barədə qəbzlər və abonent saldosu vardır. Qaz sayğacı onun həyətindən 10 metr kənarda yerləşdirilmiş, sayğacın nəzarəti qaz paylayıcı Cavabdeh İB-nin nümayəndəsi həyata keçirir, hər ay iki dəfə yoxlayaraq, bildirişi ona təqdim edir. Qeyd edir ki, Cavabdeh İB X1 İstismarı İdarəsinin əməkdaşları 13 mart 2023-cü il tarixdə ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və növbəti dövlət yoxlaması məqsədi ilə sayğacı aparmışlar. Daha sonra 29 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş akta əsasən sayğacın ekranın zədələnməsi barədə akt tərtib olunmuşdur. Həmin akt əsasında 29 sentyabr 2023-cü il tarixli tələbnamə ilə 6480 kub metr ziyan hesablanmışdır. O, 12 may 2025-ci il tarixdə bundan xəbər tutmuş və 13 may 2025-ci il tarixdə Masallı regional “Asan Xidmət” mərkəzindən sənədləri aldıqdan sonra cərimədən xəbərdar olmuşdur. Hazırda aşağıdaki əsaslara görə hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 6480 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, ilk olaraq bildirmək istəyir ki, sayğaca müdaxilə etməmiş, sayğacı aparanda onun hər-hansı qüsuru olmamış, əgər sonradan olmuşsa onun hərhansı səhvindən baş verməmişdir, sayğac növbəti dövlət yoxlamasına aparılarkən Cavabdeh İB-nin nümayəndələri sayğacı açmışlar, həmin qüsur da o vaxt yaranmış ola bilər, həmin qüsurlar olsa belə onun tərəfindən yaranmamış, nədəki sayğaca cavabdeh şəxs o deyildir. Sayğac 13 mart 2023-cü il tarixdə aparılmış, lakin 29 sentyabr 2024-cü il tarixdə qüsur barədə aktı tərtib edilmişdir. Həmin müddət ərzində sayğacın hansı şəraitdə yoxlanması, hansı şəraitdə aparılması ona məlum deyildir. Buna görə də, o, həmin zədəyə görə cavabdehlik daşımalı deyil. Sayğac həyətdən kənarda yerləşir və ona nəzarət etmək Cavabdeh səlahiyyətinə aiddir. Həmçinin, o, qaz sayğacına hər-hansı bir müdaxilə etməmişdir. Qaz sayğacında qüsur vardısa, şahidlərin və onun iştirakı ilə akt tərtib olunmalıdır, çəkiliş aparılmalıdır. Onun aktdan ümumiyyətlə xəbəri olmamış, həmçinin hərhansı sənədə imza çəkməmişdir. Aktda olan imza ona məxsus deyildir. Həmçinin, onun aylıq sərfiyyat və ödənişləri saldodan görmək olar. Sayğacda hər-hansı qüsur varsa belə həmin qüsurun onun tərəfindən yaradılması barədə hər-hansı sübut yoxdur. O, sayğaca müdaxilə etməmiş, ümumiyyətlə sayğacın işləmə mexanizmi barədə anlayışı yoxdur, sadəcə aylıq ödənişləri ödəmişdir. Ümumiyyətlə qaz sayğacına müdaxilə vardısa onun barədə Energetika Nazirliyi tərəfindən inzibati araşdırma aparılmalıdır, lakin belə bir araşdırmada aparılmamış və qanunsuz olaraq ona borc hesablanmışdır. Həmin aktla razı olmadığı üçün məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Dəymiş ziyanın bərpasına dair 29 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, 29 sentyabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən G-4 markalı **********443 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın LCD ekranı zədəlidir. Göstəricilər və informasiya oxunmur. Sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x12x90=6480 m3.
8. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Masallı rayonu, Banbaşı kəndində fərdi evdə quraşdırılmış smart qaz sayğacına yeni plomb vurulmuşdur.
9. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Masallı rayonu, Banbaşı kəndində fərdi evdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın LCD ekranı zədəlidir. Göstəricilər və informasiya oxunmur. Sayğac istismara yararsızdır. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur.
10. Abonentin saldosundan görünür ki, Masallı rayonu, Banbaşı kəndində fərdi evində İddiaçı adlı abonentə 14 mart 2023-cü il tarixdə ZENNER G4T SMART markalı, **********635 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********01190-dır. 2023-cü ilin sentyabr ayında 6480 m3 qaz sərfiyyatına görə 777,60 manat borc hesablanmışdır.
İşin faktiki halları:
11. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli akta əsasən İddiaçı məxsus Masallı rayonu, Banbaşı kəndində yerləşən fərdi evində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı abonentin **********443 nömrəli sayğacın LCD ekranı zədələnmiş, göstəricilərin və informasiyanın oxunması mümkün olmaması müəyyən edilmişdir. İddiaçıya 6480 kub/metrə görə 777,60 manat məbləğində dəymiş ziyan borcu hesablanmışdır. Hesabat müddəti ümumi 90 gün qəbul edilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli, ******* saylı akta və tələbnamayə əsasən hesablanmış 6480 kub/metr ziyana görə hesablanmış borcun silinməsini xahiş edir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
18. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da, göründüyü kimi iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac onun iştirakı olmadan, smart tipli qaz sayğacı mexaniki qaz sayğacına dəyişdirilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın LCD ekranı zədələnmiş, göstəricilərin və informasiyanın oxunması mümkün olmaması müəyyən edilmişdir. Müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.
20. Bundan başqa itirilmiş qaz 90 gün müddətinə hesablanaraq (6x12x90=6480 m3) iddiaçıya 777,60 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir.
21. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 25 fevral 2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, iddiaçı barəsində ******* saylı akt 29 sentyabr 2023-cü il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə şəxsin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Banbaşı kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 29 sentyabr 2023cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********01190 abonent kodu üzrə İddiaçı 6480 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 777,60 manat məbləğində borc silinməlidir.
Məhkəmə xərcləri:
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
24. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Masallı rayonu, Banbaşı kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********01190 abonent kodu üzrə İddiaçı 6480 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 777,60 manat məbləğində borc silinməlidir.
25. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi təmin edilsin. Masallı rayonu, Banbaşı kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında **********01190 abonent kodu üzrə İddiaçı 6480 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 777,60 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov