Məhkəmə qərarları › İş №2(050)-198/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-198/2025

30.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-198/2025 30.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 mart 2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimənin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Ərkivan qəsəbəsində özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 12 mart 2024-cü il tarixdə Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sayğacdan kənar qaz xətti aşkar olunmuş ona 12 mart 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 20952 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdur. Onun həyətindən keçən qeyri-qanuni qaz xəttinə görə ona cərimə yazmışlar. Qaz xəttindən onun məlumatı olmamışdır. Lakin, cəriməni də düzgün yazmamışlar. Yəni onun il ərzində istifadə etdiyi qazdan 10 dəfə artığını yazmışlar. Cavabdeh təşkilatın aktda göstərdiyi kub metr heç bir əsasa uyğun deyildir. Nəyə istinad edərək cəriməni hesablamışlar onu da bilmir. İran sobasının iş rejimini 180 günlə hesablamışlar. Lakin o, işi ilə əlaqədar qışın çox hissəsini Bakı şəhərində ailəsilə birlikdə yaşayır. Qənaətli su qızdırıcının da iş rejimini 12 saat səhv hesablamışlar. Ona görə ki, su qızdırıcı 12 saat işləmir, lazım olanda yandırılır. PQ-3 də 12 saat hesablamışlar. Axı necə ola bilər hansı evdə 12 saat 4 piltə qaz yandırılır. İdarənin işçiləri hansı yolla olursa olsun formal 20952 kub metri hesablayıb çıxardıblar. Odur ki, göstərilənləri nəzərə alaraq cərimənin düzgün hesablanmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, yaşadığı evdə kənar qaz xətti həqiqətən olub, bu halı inkar etmir. Lakin, akt əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış cərimə məbləği ilə razı deyil. Belə ki, tələbnamədə fasiləsiz olaraq qazdan istifadə edilməsi göstərilmiş və buna uyğun olaraq itirilmiş qaz sərfiyyatına görə cərimə yazılmışdır. Məhkəmədən cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. iş materiallarında olan: 12 mart 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh əməkdaşları İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə baxış keçirən zamanı sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və təbii qazdan istifadə edilməsinə görə dəymiş ziyan məbləğinin hesablanması barədə akt tərtib edilmişdir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə qeyd olunmuş fakt aktın tərtib edilməsində iştirak edən şəxslər tərəfindən və İddiaçı tərəfindən təsdiq edilmişdir. Cavabdeh Lənkəran X3 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 29 mart 2024-cü il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən, PQ-2 maksimal saatlıq qaz sərfi 3.5 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün, Qənaətli su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün, İran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Ümumilikdə itirilmiş qazın bərpası üçün 20952 kub/metr borc hesablanmışdır. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. 07 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan görünür ki, abonent İddiaçı İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı: 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 3.4.1-ci bəndə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-cü maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, İddiaçı qanuna zidd əməlinin, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Lakin məhkəmə dəymiş ziyan məbləğini müzakirə edərək qeyd edir ki, tədqiq olunmuş akta əsasən 20952 kub metr itirilmiş qazın bərpa olunması hesablansa da, göstərilən dərəcədə ziyanın dəyməsi həqiqətə uyğun deyil və ehtimallarla hesablanmışdır. Aktdan və tələbnamədən göründüyü kimi, ziyanın hesablanması barədə tələbnamədə qaz işlədicilərdən PQ-2 maksimal saatlıq qaz sərfi 3.5 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün, Qənaətli su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün, iran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 180 gün qəbul edilməklə hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 3.1.10-cu və 6.5-3-cü maddəsinin göstərişindən göründüyü kimi, dəymiş ziyanın məbləği maksimium 90 gün və gündəlik 12 saat üçün hesablana bilərdi. Aktın tərtib edildiyi əvvəlki aylarda qazın maksimal səviyyədə istifadə olunması ağlabatan deyil və bu barədə cavabdeh tərəf məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən iddiaçıya məxsus sayğac yaşayış sahəsindən kənarda yerləşdiyindən 3 aydan bir cavabdeh şirkətin əməkdaşları tərəfindən yoxlanılmalı idi. Şirkət tərəfindən qeyri-qanuni qoşulma aşkar edilməmişdən əvvəl konkret hansı tarixdə yoxlamanın keçirildiyini müəyyən etmək mümkün deyildir. Belə olan halda, qeyri qanuni qoşulma faktının aşkar edildiyi vaxtdan 3 ay əvvəl cavabdeh şirkət tərəfindən sayğacın yoxlanıldığını, həmin vaxt isə sayğaca qanunsuz qoşulmanın olmadığı qənaətinə gəlmək olar. Ona görə də məhkəmə yalnız son 3 aya münasibətdə dəymiş ziyanın bərpa olunmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa təbii qazın günlük istehlakı maksimal saatlıq qaz sərfi ilə bağlı məhkəmə iddiaçı tərəfin etirazı ilə razılaşmayaraq əsaslı hesab etmir. Çünki iddiaçı gündəlik 12 saatdan az müddətdə qazdan istifadə etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Tərtib edilmiş tələbnamədən görünür ki, cavabdeh şirkət iddiaçının qeyri-qanuni qoşulma yolu ilə qazdan 12 saatdan çox istifadə edilməsi halını müəyyən edə bilmədiyindən “Qazdan istifadə qadaları”nın tələblərinə əsaslanmaqla gündəlik 12 saat ərzində hesablanmaqla düzgün qərar qəbul etmişdir. Məhkəmə göstərilənləri Mülki Məcəllənin 560.1-560.3. və 560.3.5.2.-ci maddələrinə istinadən hüquqdan sui-istifadə olaraq qiymətləndirir. Həmin maddələrə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılşamalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəf minimum, cavabdeh tərəf maksimum qaz istehlak edilməsi barədə sübut təqdim etmədiklərinə görə, qaz işlədicilərindən PQ-2- orta iş rejimi 12 saat, qazın maksimal saatlıq sərfi 0.6 m3/saat hesabat müddəti 90 gün (12x0.6x90=648 m3), Qənaətli su qızıdırıcısı-orta iş rejimi 12 saat, qazın maksimal saatlıq sərfi 3.5 m3/saat hesabat müddəti 90 gün (12x3.5x90=3780 m3), iran sobası- orta iş rejimi 12 saat, qazın maksimal saatlıq sərfi 1.5 m3/saat hesabat müddəti 90 gün (12x1.5x90=1620 m 3) olmaqla, ümumlikdə (648+3780+1620=6048x0.12=725.76 manat) cərimə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən İddiaçı adına 12 mart 2024-cü il tarixli, ******* saylı akt üzrə xx.xx.2024-cü il tarixli tələbnamə əsasında itirilmiş qazın bərpası üçün hesablanmış borc azaldılaraq, 725.76 (yeddi yüz iyirmi beş manat yetmiş altı qəpik) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar