Məhkəmə qərarları › İş №2(050)-199/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-199/2023

20.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-199/2023 20.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakı ilə. Ərizəçi 28 yanvar 1985-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 28 yanvar 1985-ci il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 28 yanvar 1985-ci il təvəllüdlü qızı X5 anadangəlmə psixoloji xəstə kimi qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə ona birinci dərəcə əlillik təyin edilmişdir. Ona neçə illərdir özü baxır. Bu vaxta kimi onun qulluğunu tutur, gündəlik tələbatları ilə məşqul olur. Xəstə qızının qəyyumluğa verilməsi ilə bağlı İcra Hakimiyyətinə müraciət etsə də hazırda onun yetkinlik yaşı olduğundan qəyyumluq himayə orqanı Mülki Məcəllənin 33.4-cü maddəsinə əsasən sərəncamın verilməsi mümkün olmamışdır. Ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Lalənin fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsi üçün bir sıra dövlət tərəfindən edilmiş güzəştlər və müavinətlərdən istifadə edə bilmir. Bundan başqa bir sıra sənədlərin alınmasında çətinliklər çəkir. Odur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X3 izahatında bildirdi ki, rəy və materiallarla tanış olmuş, rəy ilə razııdır. Lalə Salayevanın qəyyuma ehtiyacı vardır. Ona görə də ərizənin təmin olunmasını xahiş edir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 28 yanvar 1985-ci ildə doğulmuşdur. Masallı Rayon İcra Hakimiyyəti Başçısının 01 oktyabr 2015-ci il tarixli sərəncamından görünür ki, Masallı rayonu Ərkivan qəsəbə sakini 28 yanvar 1985-ci il təvəllüdlü X5 anası Ərizəçi qəyyumluğuna verilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, 28 yanvar 1985-ci il təvəllüdlü X4 uşaq serebral iflici tetraparez diaqnozu ilə İ qrup əlil kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Pulblik hüquqi şəxsin Qiyabi sənədlər üzrə Məhkəmə Psixiatrik Ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 91 saylı rəyindən görünür ki, X4 uşaq serebral iflici ilə əlaqədar əqli geriılik aşkar edilir. X5 onda qeyd olunan ağır əqli gerilik səbəbindən öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onların şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinin tələbinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə 28 yanvar 1985-ci il təvəllüdlü X2 məhkəmə iclasında iştirakınə zəruri hesab etməmişdir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, ərizə təmin edilməli, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 yanvar 1985-ci il təvəllüdlü X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar