Məhkəmə qərarları › İş №2(050)-1997/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1997/2023

01.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1997/2023 01.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2023-cü il tarixli, R № 291174 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 800.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Masallı rayonu, Qızılağac kəndində yerləşən evinə elektrik xətti çəkilməklə sayğac quraşdırılmışdır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay nəzarətçinin verdiyi bildirişə uyğun ödəmişdir. Bir neçə gün öncə smart tipli elektrik sayğacına pul yükləyərkən borca görə yüklənən puldan tutma olduğundan, bununla maraqlanmış və aydın olmuşdur ki, cari ilin aprel ayında cavabdehin əməkdaşları həyətnin yanında olan elektrik dirəyindən sayğacdankənar xətt çəkilməsinə görə barəsində akt yazıb ona elektrik enerjisi istifadəsi ilə bağlı borc hesablamışlar. Halbuki, həmin aktın tərtibində iştirak etməmişdir. Sayğacdan kənar xətti olmamışdır. Sonuncu dəfə yoxlamadan bir neçə gün əvvəl nəzarətçi sayğaca baxıb bildiriş vermişdir. Həmin vaxt əlavə xətt olsaydı, aşkar edilərdi. Lakin bu aşkar edilməmiş və bir neçə gün sonra isə ona bir neçə ilə istifadə etdiyi elektrik enerji sərfiyyatı hesablanmışdır. 12 aprel 2023-cü il tarixdə yoxlama aparmış şəxslər tərəfindən evdə enerji ilə işləyən bütün avadanlıqların bir neçə gün ərzində fasiləsiz işlədiyi halda nə qədər enerji sərf edəcəyi hesablanmış və buna uyğun olaraq 800 manat 60 qəpik dəyərində elektrik enerjisi istifadə edilməsi qənaətinə gəlinmişdir. Halbuki, müxtəlif günlərdə elektrik avadanlıqlarından müxtəlif vaxtlar ərzində istifadə edilmiş, bəzən isə ümumiyyətlə istifadə edilməmişdir. Əvvəlki aylarda, eləcə də yoxlamadan bir neçə gün əvvələdək istifadə edilmiş elektrik enerjisinin dəyəri isə nəzarətçinin verdiyi bildirişə uyğun ödənilmişdir. Bu yoxlamanı aparmış şəxslərin gəldikləri nəticələr reallığa deyil, fərziyyələrə əsaslanmasını göstərir. Fərziyyələrə əsaslanmış rəqəmlərə görə təyin edilmiş məbləğ isə reallığı əks etdirməməklə ədalətli hesab edilə bilməz. Bundan başqa, yoxlamanı aparmış şəxslər elektrik enerjisi ilə işləyən hansı avadanlıqların olub-olmamasını yoxlamadan, sayğacdankənar xətdən istifadə edilib-edilməməsini araşdırmadan akt tərtib etmişlər. Bunun özü də aktın əsassız olmasını göstərir. Bundan əlavə qeyd olunan ərazidə axırıncı elektrik dirəyi onun həyətinin yanında olmaqla həmin dirəyə bağlanmış elektrik xəttindən qonşuluqda torpaq sahəsi olan Abışın oğlu Amil əlavə xətt çəkməklə həyətində olan əkinin suvarılmasınada istifadə edir. Həmin xəttin ona heç bir aidiyyəti yoxdur. Barəsində əsassız akt yazılmasını bildikdən sonra elektrik şəbəkəsinin əraziyə nəzarət edən Nicat adlı əməkdaşlı ilə birlikdə gedib həmin xüsusatları göstərmiş, Amil və ailə üzvləri həmin xətti özləri çəkdirməklə, ondan istifadə etdiklərini bildirmişlər. Bu isə başqasının sayğacdankənar elektrik xəttinə qoşulub istifadə etməsinə görə əsassız olaraq onun barəsində akt yazılıb, borc hesablanmasını göstərir. Akt tərtib edilərkən iştirakı təmin edilməmiş, aktda adları göstərilən şəxslər isə cavabdeh təşkilatın əməkdaşlarıdır. Beləliklə, akt tərtib edilərkən hal şahidi kimi yoxlama ilə marağı olmayan, yoxlamanı aparan şəxslərdən heç bir asılılıq və onlarla münasibəti olmayan şəxslərin, eləcə də istehlakçı kimi iştirakı təmin edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, mübahisələndirilən 12 aprel 2023-cü il tarixli, R № 291174 saylı aktın yazılmasına səbəb abonentin sayğacdan kənar, dirəkdən birbaşa xətt götürərək həyətyanı sahəsində elektrik enerjisindən istifadə etməsi olmuşdur. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" ASC-nin Cənub RETŞİ Masallı ES-də nəzarətçi-mühəndis vəzifəsində işləyir. Baxış zamanı abonent İddiaçı aid sayğacın giriş fazasından əkin sahəsinə xətt çəkilməsini müəyyən etmişdir. Həmin faktı çəkərək "xxxx" ASC-nin Cənub RETŞİ Masallı ES-nin Enerji satış şöbəsinin rəisi Şahid2 göndərmişdir. Həmin gün akt tərtib edilməmişdir. Aktın nə zaman tərtib edilməsini dəqiq bilmir. Aktın tərtibində iştirak etməmiş, aktı imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, "xxxx" ASC-nin Cənub RETŞİ Masallı ES-nin Enerji satış şöbəsinin rəisi vəzifəsində işləyir. "xxxx" ASC-nin Cənub RETŞİ Masallı ES-də nəzarətçi-mühəndis vəzifəsində işləyən Şahid1 ona abonent İddiaçı aid sayğacın giriş fazasından əkin sahəsinə xətt çəkilməsinin müəyyən edilməsi ilə bağlı çəkiliş göndərmişdir. Növbəti gün 12 aprel 2023-cü il tarixdə hadisə yerinə getmişlər və qeyri-qanuni xətt çəkilməsini müəyyən etmişlər. Mübahisələndirilən akt idarədə Şahid1 iştirakı ilə tərtib edilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 12 aprel 2023-cü il tarixli, R № 291174 saylı aktda göstərilir ki, abonent kodu **********0005 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, abonent ona məxsus fərdi yaşayış evində quraşdırılmış PAUD sayğacdan kənar, dirəkdən birbaşa xətt götürərək həyətyanı sahəsində elektrik enerjisindən istifadə edir. Təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, “Qüsur” kimi “Baxış keçirilən zaman “sayğacdankənar elektrik enerjisindən istifadə olunması” göstərilmiş, 45 gün üçün hesabat aparılmış və 6320 kvts əlavə sərfiyyata görə 800.60 manat borc hesablanmışdır. İş obyektivliyi baxımından zəruri olduğundan tərəflərin, o cümlədən mübahisələndirilən aktı imzalamış şəxslərin iştirakları ilə hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş, çəkiliş aparılaraq görüntülər qeydə alınmış və CD diskdə iş materiallarına əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sayğacdan kənar xətt çəkilmiş elektrik dirəyi abonent İddiaçı həyətində deyil, başqa şəxsin həyətində yerləşir. "xxxx" ASC-nin Cənub RETŞİ Masallı ES-də nəzarətçi-mühəndis vəzifəsində işləyən Şahid1 bildirməsinə görə də sayğacdan kənar xətt başqa şəxsin həyətinə çəkilmişdir. Sayğacdan kənar xətt ümumi xəttdən götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən 12 aprel 2023-cü il tarixli, R № 291174 saylı aktda göstərildiyi kimi sayğacdan kənar elektrik enerjisindən istifadə edən şəxs, o cümlədən xəttin çəkildiyi sahə abonent İddiaçı aid sahə deyil. Sayğacdan kənar xətt çəkilmiş elektrik dirəyi iddiaçının həyətində deyil, başqa şəxsin (xətti çəkmiş şəxsin) həyətində yerləşir. Sayğacdan kənar xətt ümumi xəttdən götürülmüşdür. Başqa şəxsin əməlinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Cavabdeh tərəf aktın iddiaçıya münasibətdə qanuni olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız formal olaraq hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borclu olmasını bildirmişdir. Bu təbii ki, belədir, amma istifadə edilmiş elektrik enerjisinə və ya təqsirli hərəkətə münasibətdə dəymiş zərərə görə. Baş vermiş hazırki hadisənin isə iddiaçıya aidiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12 aprel 2023-cü il tarixli, R № 291174 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən İddiaçı hesablanmış 800.60 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 12 aprel 2023-cü il tarixli, R № 291174 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən İddiaçı hesablanmış 800.60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar