Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2017/2024 23.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X21 (sədrlik edən), məhkəmə iclasının katibi X15, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Masallı Regional ASAN Xidmət mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Masallı Regional ASAN Xidmət mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhərində yerləşən Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 027 saylı qərarı ilə verilmiş JN 542F, KOD 80501004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilmiş 0.19 ha həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsi və 01 noyabr 2008-ci il tarixdə vəfat etmiş mərhum nənəsi X9 tərəfindən xx.xx.2004-cü il tarixli vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş mərhum nənəsinin payına düşən miras qalmış 1/6 paya bütünlüklə vərəsə kimi onun, yəni İddiaçı hüququnun tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X9 iddiaçının nənəsidir. Nənəsi 01 noyabr 2008-ci il tarixdə Masallı rayonunda vəfat etmişdir. Mərhum nənəsi X9 26 fevral 2004-cü il tarixdə Masallı rayon 1 saylı Dövlət Notariat kontorunda şahidlərin də iştirakı ilə mülkiyyətində olan Masallı şəhəri, S.Məmmədov küçəsi, ev 9-da yerləşən birmərtəbəli evin gün batan tərəfindən olan bir otağını və 0.04 ha torpaq sahəsini müvafiq qaydada ona vəsiyyət etməsinə dair vəsiyyətnamə yazmışdır. Bu barədə o, da məlumat vermişdir. Həmin vəsiyyətnamə hal-hazırki vaxta qədər qüvvədədir. Dövlət Notariat Arxivinin 21 noyabr 2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, həmin vəsiyyətnamənin 21 noyabr 2023-cü il tarixə qədər dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Bir tərəfdən hüquqi savadı olmadığı üçün digər tərəfdən də nənəsinin dəfni, yas mərasimləri, digər tərəfdən də mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər. Hətta nənəsi X4 vəfatından sonra hüquqi savadı olmadığından ölüm haqqında şəhadətnaməni əldə edə bilməmişlər. Bu səbəbdən 18 may 2023-cü il tarixdə Masallı Rayon Məhkəməsinə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən 25 oktyabr 2023-cü il tarixdə Masallı rayon Qeydiyyat şöbəsinə müraciət edərək mərhum nənəsi X4 ölüm haqqında şəhadətnaməsini əldə etmişlər. Müvafiq qaydada Masallı Regional "Asan Xidmət" mərkəzində notariat ofisinə miras qalmış əmlaka dair şəhadətnamə verilməsi barədə müraciət etsə də, ona 06 dekabr 2023-cü il tarixli məktubla bildirilmişdir ki, vərəslər arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığına görə məhkəməyə müraciət olunması üçün sənədlər geri qaytarılmışdır. Mərhum nənəsi X1 öz iradəsinə uyğun olaraq ona pay verilməsi barədə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnamədə açıq-aydın şəkildə ona vəsiyyət edilmiş miras əmlak qeyd edilmişdir. Hal-hazırda da həmin vəsiyyətnamə qüvvədədir. Dayısı Cavabdeh6 oğu isə qərəzli şəkildə buna maneəçilik yaradır. Ona dəfələrlə xəbər göndərməklə miras payından imtina etməsi üçün təzyiqlər göstərir. Bu səbəbdən də hal-hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 027 saylı qərarı ilə ona və 5 nəfər ailə üzvünə 19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair JN 542F, KOD 80501004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə ilə verilmiş torpaq sahəsində onunda adı vardır. Nənəsi öldükdən sonra o, nənəsindən miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş və ailə həyatı qurana kimi həmin evdə yaşamışdır. Eləcədə anası X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, yəni nənəsindən əvvəl ölmüşdür. Buda o deməkdir ki, miras əmlak açılan zaman anası sağ olmamışdır. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini Masallı şəhərində yerləşən Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 027 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilmiş 0.19 ha həyətyanı torpaq sahəsindən payların müəyyən edilməsi və 01 noyabr 2008-ci il tarixdə vəfat etmiş iddiaçının mərhum nənəsi X9 tərəfindən xx.xx.2004-cü il tarixli vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət edilmiş mərhum nənəsinin payına düşən miras qalmış 1/6 paya bütünlüklə vərəsə kimi İddiaçı hüququnun tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh6 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X35 məhkəməyə məktub göndərərək 23 sentyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; doğum haqqında arayışdan görünür ki, X16 22 sentyabr 1960-cı il tarixdə Masallı şəhərində doğulmuş, atası X24, anası X5r. doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxx 1992-ci il tarixdə Masallı şəhərində doğulmuş, atası X17, anası X10r. ölüm haqqında şəhadətnamədən görünür ki, X9 01 noyabr 2008-ci ildə müəyyən edilməyən səbəbdən Masallı şəhərində ölmüşdür. Bu barədə xx.xx.2023-cü ildə 920 saylı qeyd aparılmışdır. ölüm haqqında şəhadətnamədən görünür ki, X16 23 iyun 2003-cü ildə uşaqlıq boynunun metastozu səbəbdən Masallı şəhərində ölmüşdür. Bu barədə xx.xx.2003-cü ildə 60 saylı qeyd aparılmışdır. İddiaçı ünvanlanmış Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023cü il tarixli, 1595 nömrəli məktubdan görünür ki, 01 noyabr 2008-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2023-cü il müraciəti nəzərdən keçirildikdə müəyyən olundu ki, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət olunması bildirilmişdir. 26 fevral 2004-cü il tarixli X4 vəsiyyətnaməsindən görünür ki, o, Masallı şəhəri S.Məmmədov küç, ev 9-da yaşayan X9 (pasport 111-JQ № 504919 Masallı DİŞ-i tərəfindən xx.xx.1976 ildə verilmişdir.) həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam vermişdir: 1.Ölən günədək ona məxsus olan Masallı şəhəri S Məmmədov küç, ev 9-da yerləşən bir mərtəbəli evinin gün batan tərəfindən olan bir otağını va 0,04 hek.torpaq sahəsini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Bundan əlavə aşağıdakı sərəncamı vermişdir: bunlardan başqa bütün vərəsələrini vərəsəlik hüququndan məhrum edir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu dövlət notariusu tərəfindən ona izah edilmişdir. 3. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edilmişdir, nüsxənin biri notariat kontorunda saxlanıldı digəri isə vəsiyyət edənə verilmişdir. İddiaçı ünvanlanmış Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dövlət notariat arxivinə daxil olmuş müraciəti ilə əlaqədar Masallı rayonu 1 saylı dövlət notariat ofisində 26 fevral 2004-cü il tarixdə 2V-1-14 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanıldıqdan sonra dublikatın verilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, həmin vəsiyyətnamənin xx.xx.2023-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Dublikatın üzərində müvafiq qeydiyyat aparılaraq göndərilmişdir. JN-542F, Kod 80501004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999cu il tarixli, 027 nömrəli qərarı ilə X6, Cavabdeh6, X18, X19, X11 və X20 0.19 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. X7 ünvanlanmış Masallı RİHB-ın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3064 nömrəli arayışdan görünür ki, onun mərhum nənəsi X9 xx.xx.2008-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı şəhəri H.Əliyev prospekti ev 9 olmuş, vəfat edənədək onunla yaşamış və hazırda yaşayan oğlu Cavabdeh6 və nəvəsi İddiaçı adlı vərəsələri qalmışdır. X2 qeydiyyatından çıxıb gedənlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X16 (vəfat etmişdir). X2 qeyd olunan vərəsələrindən başqa digər vərəsələri barədə məlumat yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, tətbiq olunan maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 223.1, 223.2 və 223.2-ci maddələrinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, ilk öncə Masallı şəhərində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-542F Kod 80501004 saylı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar müəyyən edilməlidir. Nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda mülkiyyətçilərin hər birinin 1/6 payı vardır. Belə olan halda ümumi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: X4 1/6, Cavabdeh6 1/6, X12 1/6, X13 1/6, X8 1/6 və X14 1/6 payı vardır. İş materiallarında olan 26 fevral 2004-cü il tarixdə 2V-01/14 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X9 ona məxsus Masallı şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Nəzərə alınmalıdır ki, vəsiyyət edən şəxs öz əmlakını vəsiyyət edə bilər, lakin X4 vəsiyyət etmiş olduğu 0.04 ha həyətyanı torpaq sahəsi JN-542F Kod ******* saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilmiş və X4 payına düşən hissəsindən çoxdur və hamsı vəsiyyət edənə məxsus olmamışdır. Bu səbəbdən də vəsiyyət edən şəxsin nəvəsi İddiaçı miras qalmış əmlakda 1/6 payını vəsiyyət edə bilməsi nəzərə alınmalıdır. Lakin bu zaman MM-in 1151.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 X4 birinci növbə vərəsələri olmaqla, onların hər birinin vəsiyyətnamənin məzmunundan aslı olmayaraq mirasdan məcburi pay almaq hüquqları vardır və bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi). Eləcədə nəzərə alınmalıdır ki, Cavabdeh6 vərəsə olmaqla yanaşı özünün “Torpağa mülkiyyət hüququna dair” JN-542F Kod 80501004 saylı ilə şəhadətnaməyə əsasən mülkiyyətdə olan 0.19 torpaq sahəsinə münasibətdə 1/6 payı vardır. Belə vəziyyətdə Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə verilmiş 0.19 hektar həyətyanı torpaq sahəsinə münasibətdə X12, X13, X8 və X14 hər birinin 12/72, Cavabdeh6 13/72, İddiaçı 6/72, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin 1/72 payı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-542F Kod 80501004 saylı şəhadətnamədə nəzərdə tutulmuş 0.19 hektar torpaq sahəsinə münasibətdə 01 noyabr 2008-ci ildə ölmüş X6 düşən pay vərəsələr arasında bölünsün. Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-542F Kod 80501004 saylı şəhadətnamədə nəzərdə tutulan 0.19 hektar torpaq sahəsinə münasibətdə X12, X13, X8 və X14 hər birinin 12/72, Cavabdeh6 13/72, İddiaçı 6/72, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinin 1/72 payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2017/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2017/2024
23.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver