Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2038/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 may 2024-cü il tarixli, AKT R № 332156 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 673.88 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Miyankü kəndində yaşayır. Hazırda yaşadığı ev babasının adına olduğu üçün Azərişıq ASC tərəfindən elektrik sayğacı da onun adına rəsmiləşdirilib. Babası rəhmətə gedəndən sonra 10 ilə yaxındır ki, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Hər bir abonent kimi o, da sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə etmiş və ödənişlər etmişdir. İndiyə kimi də işığa görə heç bir borcu qalmamışdır. 20 may 2024-cü ildə Masallı elektrik şəbəkəsinin Miyankü kənd üzrə nəzarətçisi həyətə gələrək ona 700 manatdan çox borcu olduğunu və bu səbəbdən də işığını kəsəcəyini bildirmişdir. Ona bu məbləğdə borcu ola bilməyəcəyini, ən çoxu son 1 aylıq sərfiyyat qədər borc qala biləcəyini bildirmişdir. O, isə əlindəki kağızların arasından 1 ədəd aktın (AKT R N:332156) surətini ona verərək həmin akt əsasında cərimə edildiyini bildirmişdir. Həmin aktla tanış olanda məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində yazılmış aktda "Abonent sayğacdan kənar əlavə xəttdən istifadə edir. Naqilin en kəsiyi 2x4 mm-dir” sözləri yazılmışdır. Bu səbəbdən də ona 673.38 manat cərimə hesablanmışdır. Onun həmin aktın yazılmasından xəbəri olmamışdır. Onlar hansı tarixdə və hansı evdə kənar xətt barədə akt tərtib ediblər bu da məlum deyil. Onların evində isə heç vaxtı kənar xətt olmayıb. Elektrik sayğacı da həyətdən kənarda, küçədə işıq dirəyində quraşdırılıb. Kəndin nəzarətçisi də hər ay sayğacları yoxlayıb onlara bildiriş təqdim edib. Akt yazılan anda da 27.36 manat sayğac sərfiyyat hesablayıb. Bunu onun abonent saldosundan da görmək olur. Əgər onun evində sayğacdan kənar xətt olsaydı onda sayğac bu qədər məbləği hesablamazdı. O, heç vaxt heç bir kənar xətdən istifadə etmədiyinə görə həmin aktı qanunsuz hesab edərək onun etibarsız sayılması və əsassız hesablanmış cərimənin silinməsi üçün məhkəyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, X4 adına sənədləşdirilmiş sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent sayğacdan kənar əlavə xəttdən istifadə edir. Bununla bağlı 06 may 2024-cü il tarixli, AKT R № 332156 saylı akt tərtib edilmiş və akta əsasən 673.88 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 06 may 2024-cü il tarixli, AKT R № 332156 saylı aktda göstərilir ki, abonent kodu **********00002 olan istehlakçı X1 məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, “Abonent sayğacdan kənar əlavə xəttdən istifadə edir. Naqilin en kəsiyi 2x4 mm-dir”. Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Miyankü kəndində yaşayan, abonent X1 “EİQ pozulması” ilə əlaqədar (AKT AKT R № 332156) 673.88 manat borc hesablanmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2015-ci ildə ölmüşdür. Masallı RİHBA-nın Miyankü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 may 2024-cü il tarixli arayışından göünür ki, İddiaçı babası X2 xx.xx.2015-ci il tarixdəvəfat etmiş, onun evində nəvəsi X3 yaşayır və təsərrüfat onun adınadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 06 may 2024-cü il tarixdə Masallı rayonu, Miyankü kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xəttdən istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 673.88 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktın və akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Eyni zamanda abonentin saldosuna nəzər yetirdikdə müəyyən edilir ki, cavabdeh tərəfindən akt tərtib edildiyi vaxtadək və akt tərtib edildikdən sonrakı vaxtda elektrik enerjisindən istifadəyə görə sərfiyyat qeydə alınmış və təqribən bir-birinə yaxın məbləğlərdə sərfiyyat hesablanmışdır. Azərişıq ASC-nin nümayəndələri abonentin iştirakı olmadan akt tətib etdiklərindən, kənar xəttin mövcud olub-olmamasını, kənar xətt mövcud olmuşdursa da, həmin qoşulma nəticəsində abonent tərəfindən enerjinin talanmasını sübutetmə yükü cavabdehə keçmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən kənar xəttdən istifadə edilməsi ilə bağlı akt tərtib edilmiş, lakin cavabdehin nümayəndəsi sayğacın kənar xəttə qoşulmadan normal vəziyyətdə sərfiyyatının nə qədər olması, kənar xəttin qoşulması nəticəsində isə sərfiyyatın hansı dərəcədə azalması ilə bağlı halları əsaslandıra bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06 may 2024-cü il tarixli, AKT R № 332156 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 673.88 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 06 may 2024-cü il tarixli, AKT R № 332156 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 673.88 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2038/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2038/2024
11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver