Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2119/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı xx.xx.2023-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında 12960 kub. metr qaza görə hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonu, Bədəlan kəndində yaşayır, özünə məxsus fərdi yaşayış evi vardır və ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri edir. Cavabdeh İB-nin Lənkəran RQİl-nin Masallı xidmət sahəsinin işçiləri qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirmiş, guya sayğacın qurğuşun plombu kəsildiyinə görə ******* saylı akt tərtib etmişlər. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun, “Qazdan istifadə qaydalarının tələblərinə əsasən evinin qaz xətti üzərindən çıxarılmış qaz sayğacı ilə bağlı tərtib edilmiş xx.xx.2023=cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və həmin akt əsasında hesablanmış 1555,20 manat cərimə məbləği ondan tələb edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nm 4.2 bəndində bildirilir ki, “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılır, dəyişdirilir”. Həmin “Qaydalafın 4.8 bəndinə əsasən “Fiziki şəxs olan istehlakçıların (məişət qaz qurğularının istifadəsi) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz sayğacları kənd ərazisində, o cümlədən evinə gedən qaz xəttinin üzərində qaz sayğacı küçədə quraşdırılmışdır, üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Qaz sayğacının həyətdə yox, evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutusu qurulmadığından qaz sayğacına ediləcək müdaxiləyə abonent məsuliyyət daşımamalıdır. Deməli, fiziki şəxs olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o cavabdeh deyil. Ona görə də müdaxilə ilə bağlı tərtib edilmiş ******* saylı akt qanunsuz və əsassız hesab edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, aktın doğru olduğunu, borcun düzgün hesablandığını, əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, ona görə də iddianın rədd olunmasını xahiş etdi. Həmçinin iddiaçının iştirakı olmadan işə baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 27 may 2022-ci il tarixli aktın surətindən görünür ki, növbəti dövlət yoxlamasına görə sayğac açılmış və yenisi ilə əvəz olunmuşdur. Aktda sayğaca müdaxilə olunması ilə bağlı qeyd yoxdur. 28 mart 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilib xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında imza etməkdən imtina etməsi qeyd edilmişdir. 31 mart 2023-cü il tarixli qərarın surətindən görünür ki, 28 mart 2023-cü il tarixli ******* saylı akt əsasən 12960 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz 6 edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu 27 may 2022-ci il tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 31 mart 2023-cü il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı xx.xx.2023-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında 12960 kub. metr qaza görə hesablanmış 1555,20 manat borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2119/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2119/2023
28.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver