Məhkəmə qərarları › İş №2(050)-2124/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2124/2023

06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2124/2023 06.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 may 2021-ci il təvəllüdlü X9 adlı uşağın atasının X8 olmasının müəyyən olunması, 28 may 2021-ci il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması və həmin uşağa baxmaqla heç bir yerdə işləyə bilmədiyindən uşağın doğulduğu gündən 3 il ərzində onun tələbatlarının qarşılaşılanmasına köməklik etməsi üçün hər ay 100 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, cavabdeh X8 ilə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuş, lakin nikahlarını rəsmi qeyd etdirmək istəsə də, cavabdeh müxtəlif bəhanələrlə nikahlarını rəsmiləşdirməmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2021-ci ildə X9 adlı uşaqları olmuşdur. Uşaq anadan olduğu vaxt nikahları rəsmi qeyd olunmadığından uşağın soyadı ana soyadı kimi, yəni Hüseyonov kimi qeyd edilmişdir. Atalığı müəyyən edilməyən uşağa doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında atalıq müəyyən edilməmişdir. Cavabdeh Qeydiyyat şöbəsinə gedib ərizə verməkdən yayınmışdır. Dəfələrlə cavabdehə nikahlarını rəsmiləşdirməyi və uşağın atalığının müəyyən etməyi tələb etsə də, heç bir nəticəsi olmamışdır. Sonra cavabdeh ailədə səbəbsiz söz-söhbət salmağa, onunla davadalaş etməyə başlamış, bir müddət sonra uşağın tələbatlarını qarşılamaqdan imtina etmişdir. Daha sonra cavabdeh onu valideyinlərinin evinə aparıb qoymuş və o gündən nə ailəsi, nədə ki, uşağı ilə maraqlanmamışdır. Cavabdeh bir valideyin kimi uşağın yaşayışından, onun gündəlik tələbatının qarşılanmasından narahat deyildir. Uşağı bir yaşa qədər müəyyən vitamin quruplarından istifadə etməsi üçün təyin edilən gücləndirici dərmanları və digər ehtiyacları almağa ona köməklik etmir. Uşaq balaca olduğundan heç bir yerdə işləyə bilmir, uşaq ondan ayrı qalmadığından işləməyi mümkün deyil. Cavabdeh isə əmək qabiliyyətli olmaqla işləyir və aylıq yaxşı gəlir əldə edir. Buna baxmayaraq cavabdeh azyaşlı uşağın saxlanılmasına ona heç bir köməklik etmir. Uşağı tək başına saxlamaqda çətinlik çəkir və onun gündəlik tələbatını, yeməyni, geyimini, əşyalarını almaq onun üçün cox çətindir. Eyni zamanda azyaşlı uşaq balaca olmaqla ona bağlı olduğundan bağçaya verə bilmir və ondan ayrı qala bilmədiyindən işləyə bilmir. O, tələbatlarını qarşılamaqda çətinlik çəkir. Hesab edir ki, uşağı bir yaşına çatdığından cavabdeh azyaşlı uşağının üç yaşına qədər tələbatlarını qarşılamağa borcludur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X8 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı Nərmin Nəzərova ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuş və faktiki ər-arvad yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində 28 may 2021-ci ildə X9 adlı bir nəfər uşaqları anadan olmuşdur. Həqiqətən də, o, azyaşlı Əlixanın atasıdır. O, vətən müharibəsi iştirakçısı olmaqla 80 manat müavinat alır. Eyni zamanda müharibədə aldığı xəsarətə görə daima müalicə alır. İddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. Hər ay uşağa görə 130-140 manat məbləğində aliment ödəyə bilər. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28 may 2021-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuşdur. X2 tərəfindən təsdiqlənmiş 25 noyabr 2022-ci il tarixli, MŞL-01391 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, X8 isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh el adəti qaydasında toy etməklə evlənmiş, 28 may 2021-ci ildə onların birgə nikahdan Əlixan adlı uşağı doğulmuş və hal-hazırda da uşaq iddiaçının himayəsində yaşayır. Daha sonra aralarında yaranan narazılığa görə ayrılmışlar. Hazırda iddiaçı uşağın atalığının müəyyən edilməsini, həmçinin azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulmasını və həmin uşağa baxmaqla heç bir yerdə işləyə bilmədiyindən uşağın doğulduğu gündən 3 il ərzində onun tələbatlarının qarşılaşılanmasına köməklik etməsi üçün hər ay 100 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 45.1-ci maddəsainə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Göründüyü kimi, ailə qanunvericiliyinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq valideyinlərdən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. İş materiallarından görünür ki, cavabdeh azyaşlı Əlixanın atalığının müəyyən edilməsi üçün qeydiyyat orqanına gəlməmiş, buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən doğulmuş uşağın atasının cavabdeh olması iddiaçının izahatı və cavabdehin özünün etirafı ilə öz təsdiqini tapmışdır. Belə olan halda iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. Həmçinin qanunvericiliyin tələbi baxımından valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilməmişdir. Odur ki, cavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsaslanaraq, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq bu nəticəyə gəlir ki, iddia alimentin məbləğinin müəyyən edilməsi hissədə qismən təmin edilməklə iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 23 may 2023-cü ildən başlayaraq cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 160 manat (bir yüz altımış) manat sabit pul məbləğində aliment tutulmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən tələbinə görə ər və arvad bir-birinə maddi cəhətdən köməklik etməlidirlər. 84.2-ci maddəsinə əsasən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının övladı X7 3 yaşına çatanadək onun özü üçün aliment tələbi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehdən özü üçün 100 manat məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin buna zəruri vəsaitinin olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, Ailə Məcəlləsinin 84.2-ci maddəsində buna zəruri vəsaitə malik olan tərəfdən alimentin tələb edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Odur ki, iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh 50 (əlli) manat ödənilmiş dövlət rüsumu və mediasiya qurumu üçün ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu tutulub iddiaçı Cavabdeh qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X5 28 may 2021-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş X7 atası olması müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması Masallı rayon Qeydiyyat Şöbəsinə tapşırılsın. 28 may 2021-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 may 2023-cü il tarixdən başlayaraq X3 hər ay uşaq üçün 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. X3 50 (əlli) manat ödənilmiş dövlət rüsumu və mediasiya qurumu üçün ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamənin aliment tələbinə dair hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar