Məhkəmə qərarları › İş №2(050)-2138/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2138/2024

25.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2138/2024 25.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə2 və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə1 iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən barəsində yazılmış xx.xx.2022-ci il tarixli 029463 saylı aktın etibarsız hesab edərək hesablanmış 706 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cəfərov X4 rayonu Bədəlan kəndində yaşayır. Hamı kimi yaşadığı evə də Azərişıq ASC-nin Masallı elektrik şəbəkəsi tərəfindən elektrik sayğacı quraşdırılmışdır. Həmişə də istifadə etdiykləri işığın pulunu tam ödəmişdir. Burada daimi işi olmadığı üçün ailəni dolandırmaq məqsədilə iş tapdıqca Bakıya və ya digər rayonlara da işləməyə gedir. 2022-ci ilin iyun ayında Bakı şəhərinə tikintidə iş tapdığım üçün ailəlikcə Bakıya gedərək orada yaşamağa başlamışdır. Həmin müddətdə Masallıdakı evində ümumiyyətlə yaşayış olmamışdır. 2024-cü ilin mart ayında isə kəndə qayıtmışdır. Həmin vaxtı evinə məxsus elektrik sayğacının yerində olmadığını görmüşdür. Dərhal nəzarətçiyə zəng edərək sayğacı soruşmuşdur. Nəzarətçi həmin evdə yaşayış olmadığı üçün sayğacın sökülərək idarəyə aparıldığını bildirmişdir. Məcbur qalaraq Masallı elektrik şəbəkəsinə getmişdir. Orada məlum oldu ki, xx.xx.2022-ci ildə yaşayış olmayan evə akt tərtib edərək 706 AZN cərimə yazılmışdır. Həmin dövr ərzində, həmin evdə yaşayış olmamışdır. Bu barədə rəsmi arayışı da iddia ərizəsinə əlavə etmişdir. Sayğacı söküb apardıqları üçün nəzarətçi də sonuncu dəfə xx.xx.2024-ci il tarixində həmin sayğaca baxış keçirib daha sonra isə bir də 2024-cü ilin mart ayında təzə sayğac quraşdırmışlar. Əlavə olaraq bildirir ki, sayğac da küçədə quraşdırılmışdır. O, sayğaca heç bir müdaxilə etməmiş, evində də heç vaxtı kənar xətt olmamışdır. Həmçinin akt onun xəbəri olmadan tərtib edilmişdir. Ona görə də həmin aktın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2022-ci ilin iyun ayında Bakı şəhərinə tikintidə iş tapdığım üçün ailəlikcə Bakıya gedərək orada yaşamağa başlamışdır. Həmin müddətdə Masallıdakı evində ümumiyyətlə yaşayış olmamışdır. 2024-cü ilin mart ayında isə kəndə qayıtmışdır. Həmin vaxtı evinə məxsus elektrik sayğacının yerində olmadığını görmüşdür. Dərhal nəzarətçiyə zəng edərək sayğacı soruşmuşdur. Nəzarətçi həmin evdə yaşayış olmadığı üçün sayğacın sökülərək idarəyə aparıldığını bildirmişdir. Məcbur qalaraq Masallı elektrik şəbəkəsinə getmişdir. Orada məlum oldu ki, xx.xx.2022-ci ildə yaşayış olmayan evə akt tərtib edərək 706.47 AZN cərimə yazılmışdır. Həmin dövr ərzində, həmin evdə yaşayış olmamışdır, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacda qüsur aşkar edilmişdir. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli, R 029463 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Çayqıraq kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacında giriş və çıxış fazaları eyni yuvaya bərpa edildiyi, sayğacda xəttən keçən yükü qeyd etmədiyi, sayğacda dövlət “A” möhüründə müdaxilələri müəyyən olunduğu, sayğacın alt qapağ möhrü yerində olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Çayqıraq kəndində yaşayan abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (akt R 029463) olaraq 706.47 manat məbləğində sərfiyyat hesablanmışdır. İşdə olan Masallı rayon İHB-nın Bədəlan kənd İƏDÜ nümayəndəsinin 31 may 2024cü il tarixli 244 saylı Arayışından görünür ki, İddiaçı 2022-ci ilin iyun ayından 2024-cü ilin aprel ayına qədər Bakı şəhərində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 19 iyul 2022-ci il tarixdə Masallı rayonu, Çayqıraq kənd sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacında giriş və çıxış fazaları eyni yuvaya bərpa edildiyi, sayğacda xəttən keçən yükü qeyd etmədiyi, sayğacda dövlət “A” möhüründə müdaxilələri müəyyən olunduğu, sayğacın alt qapağ möhrü yerində olmadığı əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və 706.47 manat sərfiyyatın silinməsini xahiş etmişdir. Beləliklə məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim edilməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf məhkəmə iclasında izahat verərək ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi müəyyən olunmadığı üçün etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli, R 029463 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 706.47 manat məbləğində sərfiyyat silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar