Məhkəmə qərarları › İş №2(050)-2155/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2155/2023

25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2155/2023 25.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-yə və X1 Təhcizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-yə və X1 Təhcizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, NDM 029535 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 825,87 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayış evi vardır. Həmin ev elektrik enerjisi ilə təmin edilmiş, o da sayağac göstəricinə uyğun sərf etdiyi aylıq elektrik enerjisinin dəyərini tam ödəmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-in əməkdaşları evində quraşdırılmış sayağaca baxış keçirmiş, baxış zamanı guya sayağacın gövdə möhürünə müdaxilə edilmiş, elektrik sayağacının yükü hiss etmədiyi aşkar edilmişdir. Bununla bağlı NDM 029535 saylı akt tərtib edilmiş, onun sayağcdan kənar elektrik enerjisindən istifadə etdiyi qeyd edilmişdir. İşıq idarəsinin işçiləri evə gələn elektrik xətlərini yoxlamamışlar. Əsasız olaraq 825,87 manat məbləğində borc hesablanmışdır. Halbuki, heç bir ayda 100 manat məbləğində elektrik enerjisindən istifadə etmir. Evinin elektrik enerjisindən istifadə yükü amperemaj cihazı ilə yoxlanılmadan əsassız olaraq sərfiyyat hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakı təmin olunaraq birgə yoxlanış aparılmalı, foto və ya videoçəkiliş olmalı idi. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, baxış zamanı sayağacın çıxış faza xəttinin yuvasından çıxarılması, giriş faza xəttinin yuvasına daxil edilməsi (eyni yuva), sayağacın dövrdədən kənarlaşdırılması aşkar edilmişdir. Bununla bağlı xx.xx.2022ci il tarixli, NDM 029535 saylı akt tərtib edilmiş və həmin akta əsasən 825,87 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 18 iyul 2022-ci il tarixli, NDM 029535 saylı aktda göstərilir ki, Masallı rayonu, Mollaoba kəndində yaşayan abonent kodu **********00142 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq abonentin fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı məlum oldu ki, sayğacın çıxış faz xətti yuvasından çıxarılıb, giriş faz xəttinin yuvasına daxil edilərək (eyni yuva) sayğac dövrədən kənarlaşdırılıb. xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, 18 iyul 2022-ci il tarixli, NDM 029535 saylı akta əsasən 825,87 manat əlavə sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 18 iyul 2022-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, baxış keçirilən zaman sayğacın çıxış faz xətti yuvasından çıxarılması, giriş faz xəttinin yuvasına daxil edilərək (eyni yuva) sayğacın dövrədən kənarlaşdırılması aşkar olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 825,87 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktın və akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən aktın tərtibi zamanı hər hansı video və fotoçəkiliş aparılmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənmişlər. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPMnin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ziyana görə hesabat müddətinin hansı səbəbdən 150 gün müddət çərçivəsində aparılmasının qanuniliyi təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, NDM 029535 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 825,87 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, NDM 029535 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 825,87 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar