Məhkəmə qərarları › İş №2(050)-217/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-217/2024

09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-217/2024 09.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli 304448 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayon Türkoba kəndində özünə məxsus fərdi yaşayış evi, X1 qaydalarına uyğun olaraq elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin dəyərinin müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O, tarif planına uyğun olaraq X1yə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. Heç vaxt abanent kimi öhtəliklərinin icrasından yayınmamışdır. Lakin 10 avqust 2023-cü il tarixində "xxxx" ASC-nin Masallı EŞ-nin işçiləri evinə gələrək onun iştirakı olmadan elektrik sağacını dəyişərək yenisi ilə əvəz etmişlər. Müəyyən müddətdən sonra 10 avqust 2023-cü il tarixinə akt tərtib edib ona 623 manat borc yazmışlar. Sonradan tərtib etdikləri akta əsasən sayğacın dövlət möhürünə ciddi şəkildə müdaxilə edilmiş və gövdə hissəsi qopmuşdur. Əgər belə bir hal var idisə niyə nəzarətçilər bu barədə akt tərtib edənə kimi ona heç bir söz deməmişlər. Evində heç vaxt sayğacdan kənar X1 etməmişdir. Akt əsassız və qanunsuz yazılmışdır. Aylıq ödəniş cədvəlinə də baxdıqda görmək olur ki, istifadə etdiyi elektrik enerjisinin pulunu mütəmadi ödəmişdir. Hesab edir ki, akt etibarsız hesab edilməlidir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, borcunu hər zaman vaxtında ödəmişdir. Bu səbəbdən akt etibarsız hesab olunmalı, borc məbləği silinməlidir. O və ailə üzvləri sayğaca müdaxilə etməmişdir, sayğaca nəzarət edən nəzarətçilər ondan pul tələb etmişlər ki, akt yazmasınlar, pul vermədiyi üçün barəsində akt yazmışlar. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edildiyi aşkar edilmişdir. Belə ki, videogörüntülərə baxış keçirilərkən də açıq-aşkar görmək olar ki, iddiaçı sayğaca müdaxilə etmişdir. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə iclasında cavabdeh tərəfdən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı evinə baxış keçirilən zaman sayğaca müdaxilə edildiyi barədə şübhələnmişlər, sayğaca müdaxilə barədə onun da iştirakı ilə 10 avqust 2023-cü il tarixli akt tərtib edilmişdir, akt tərtib edilərkən həmdə videogörüntü də aparılmışdır. Məhkəmə təqdim edilmiş videogrüntüyə baxış keçirmiş və həmin videogörüntüdə sayğaca mqdaxilə edilməsi, kənar xəttin qoşulması və başqa pozuntu olması müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli, R 304448 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Türkoba kəndində yaşayan abonent Aqalar Əliyevə məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının dövlət möhürünə ciddi şəkildə müdaxilə edilmiş və gövdə hissəsi qopduğu müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Qəzvinoba kəndində yaşayan abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (akt R 304448) olaraq 622.79 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 10 avqust 2023-cü il tarixdə Masallı rayonu, Tükoba kənd sakini İddiaçı yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacın dövlət möhürünə ciddi şəkildə müdaxilə edilməsi və gövdə hissəsi qopduğu müəyyən edilməklə akt tərtib etmişlər. Daha sonra həmin akt əsasında 622.79 manat məbləğində sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib edilmiş aktın etibarsız hesab edilməsi üçün məhkməyə müraciət etmiş və hesablanmış sərfiyyatın silinməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf məhkəmə iclasında izahat verərək ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi şübhə doğurur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, R 304448 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 622.79 manat məbləğində sərfiyyat silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar