Məhkəmə qərarları › İş №2(050)-2186/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2186/2025

31.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2186/2025 31.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 iyun 2022-ci il tarixdə tərtib edilmiş ******* saylı akt əsasında 8640 kub/metrə görə hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona, yaşadığı ünvanda Cavabdeh tərəfindən 1555,20 manat məbləğində sayğacın çıxış plasmas borusu deşik olduğuna görə əsassız olaraq borc hesablanmışdır. Qeyd etmək istəyir ki, həyat yoldaşı X2 21 may 2013-cü il tarixdə vəfat etmişdir. Həmin tarixə kimi təsərrüfatı birgə idarə etmişlər. Həyat yoldaşı vəfat etdikdən sonra yaşadığı ünvanda təsərrüfatı o, təkbaşına idarə edir. Yaşadığı evin qaz sayğacı həmişə küçə ərazisində olmuşdur. İstehlak etdiyi qazın pulu qaz nəzarətçisi tərəfindən verilmiş “hesab-bildiriş” əsasında ödəmişdir. Qaz sayğacı ilə heç bir təması olmamışdır. Hüquqlarını müdafiə etmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi üzrə tələbi, Cavabdeh tərəfindən adına hesablanmış 1036 manat 80 qəpik borcun silinməsindən ibarətdir.

Tərəflərin izahatları:

3. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, 23 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

5. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı adlı abonentə məxsus fərdi evdə 10 iyun 2022-ci il tarixdə ZENNER G4T MEXANİKİ markalı, **********2 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********02650-dir. 2022-ci ilin iyun ayında 8640 m3 qaz sərfiyyatına görə 1036,80 manat borc hesablanmışdır.

9. 25 noyabr 2024-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı AK-05147/11-24 nömrəli müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə istehlakçı İddiaçı arasında (abonent kodu: **********02650) müqavilə bağlanmış, quraşdırılan sayğac ZENNER G4T MEXANİKİ markalı, **********2 nömrəli sayğac kimi qeyd edilmişdir.

10. AZ-İ seriyalı 630313 nömrəli 21 may 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 10 aprel 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 may 2013-cü il tarixdə 62 nömrə ilə qeyd edilmişdir.

11. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş ******* nömrəli 07 iyun 2022ci il tarixli aktdan görünür ki, X1 məxsus Masallı şəhəri, H.Əlibala küçəsi ünvanında fərdi evdə quraşdırılmış Elester G-4 markalı ******* nömrəli mexaniki qaz sayğac çıxarılmış və yeni ZENNER G4T markalı **********2 nömrəli mexaniki sayğacla dəyişdirilmişdir.

12. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 24 iyun 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Masallı şəhəri, H.Əlibala küçəsi ünvanında yerləşən fərdi evdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilib. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur.

13. Dəymiş ziyanın bərpasına dair 28 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, 17 iyun 2022-ci il tarixli, 29/1710-02325-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilib. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 4x24x90=8640 m3.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 07 iyun 2022-ci il tarixli akta əsasən X1 məxsus (hazırda İddiaçı məxsus) Masallı şəhəri, H.Əlibala küçəsi ünvanında yerləşən fərdi evində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı abonentin ******* nömrəli sayğacın sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. İddiaçıya 8640 kub/metrə görə 1036,80 manat məbləğində dəymiş ziyan borcu hesablanmışdır. Hesabat müddəti ümumi 90 gün qəbul edilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş 24 iyun 2022-ci il tarixli, ******* saylı akta və tələbnamayə əsasən hesablanmış 8640 kub/metr ziyana görə hesablanmış borcun silinməsini xahiş edir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

21. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da, göründüyü kimi iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac onun iştirakı olmadan, smart tipli qaz sayğacı mexaniki qaz sayğacına dəyişdirilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.

23. Bundan başqa itirilmiş qaz 90 gün müddətinə hesablanaraq (4x24x90=8640 m3) iddiaçıya 1036,80 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir.

24. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 25 fevral 2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, iddiaçı barəsində ******* saylı akt 24 iyun 2022-ci il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə şəxsin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı şəhəri, H.Əlibala küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 24 iyun 2022-ci il tarixli, ******* saylı akt əsasında **********02650 abonent kodu üzrə İddiaçı 8640 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 1036,80 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

27. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Masallı şəhəri, H.Əlibala küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 24 iyun 2022-ci il tarixli, ******* saylı akt əsasında **********02650 abonent kodu üzrə İddiaçı 8640 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 1036,80 manat məbləğində borc silinməlidir.

28. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Masallı şəhəri, H.Əlibala küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Cavabdeh tərəfindən tərtib olunmuş 24 iyun 2022-ci il tarixli, ******* saylı akt əsasında **********02650 abonent kodu üzrə İddiaçı hesablanmış 1036,80 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar