Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-220/2024 01.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək akt əsasında yazılmış cərimənin silinməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə qarşı borcun silinməsi barədə iddia üzrə qanunsuz tərtib edilmiş aktın da etibarsız hesab olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, aktın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda ünvan 1 ünvanda yaşayır. Xəbəri olmadan cavabdeh təşkilatın nümayəndələri elektrik enerjisindən istifadə etdiyinə görə ona əsassız olaraq 705 manat cərimə yazmışdılar. Həmişə istifadə etdiyi elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəmiş, bununla bağlı borcu olmamışdır. Xəbəri olmadan akt yazılmış, aktın surətini, həmçinin aktın yazılmasına əsas olmuş sənədləri də ona verməmişdilər. İddiaçı məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş “iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə” ərizəsinin nəzərə alınmamasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Mübahisənin mahiyyəti üzrə iddiaçı bildirdi ki, 19 iyul 2023-cü il tarixli, NDM 033502 saylı akt əsassızdır. Qüsur olmuş, həmin qüsuru aradan qaldırmışdılar. Bu CD diskdə olan çəkilişdə də müəyyən olunur. Səhər saat 5-də gələrək, iştirakı olmadan akt yazılmışdır. Küçəni işıqlandıran dirək evindən 5 metr aralıda yerləşir. ünvan 1 ünvanında yaşayır. Həmin evdə daimi yaşamır. 2019-cu ildən həmin evdə ayda 3-5 gün yaşanılmışdır. Həmin evdə elektrik enerjisindən yalnız televizor, soyuducu və evin işıqlandırılması ilə bağlı lampalar üçün istifadə edilir. Həmin evin isidilməsi üçün qətiyyən elektrik enerjisindən istifadə edilmir. Həmin evdə heç vaxt televizor, soyuducu və evin işıqlandırılması ilə bağlı lampalardan başqa elektrik enerjisindən istifadə edilməmişdir. Həmin evdə heç vaxt 1 ay müddətində yaşayış olmamışdır. Həmin evdə 1 ay müddətində yaşayış olduğu vaxt da olmuşdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı bildirmişdir ki, küçənin işıqlandırılması üçün "xxxx" ASC-nin əməkdaşları elektrik xətti çəkmiş və elektrik mənbəyi qoymuşdular. Təxminən 2-3 il əvvəl həmin xətt çəkilmiş və elektrik mənbəyi qoymuşdular. Həmin xətti çəkən "xxxx" ASC-nin əməkdaşları hazırda həmin təşkilatda işləmirlər. Elektrik mənbəyini o, da küçənin işıqlandırması üçün yandırmışdır. Qanunsuz elektrik enerjisindən istifadə etməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı bildirmişdir ki, küçənin işıqlandırılması üçün "xxxx" ASC-nin əməkdaşları elektrik xətti çəkmiş və elektrik mənbəyi qoymuşdular. Həmin lampa küçəni işıqlandırırdı. Qanunsuz elektrik enerjisindən istifadə etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, 19 iyul 2023-cü il tarixli, NDM 033502 saylı aktın yazılmasına səbəb iddiaçının bildirdiyi kimi küçəni işıqlandıran lampa ilə bağlı deyil. Həmin aktın yazılmasına səbəb abonentin sayğac sxemindən kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsi olmuşdur. Bununla bağlı video görüntü var. Həmin vaxt abonentə aid sayğacdan axan yük 0,15 amper, kənar xəttdən axan yük isə 2,9 amper olmuşdur. Akta əsasən 30 gün nəzərə alınmaqla hesabat aparılmış və 706.72 manat sərfiyyat hesablanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi video görüntü xx.xx.2023-cü il tarixdə, yəni 19 iyul 2023-cü il tarixli, NDM 033502 saylı aktdan sonra çəkilmişdir. Küçəni işıqlandıran lampa üçün elektrik cəryanının yükü 2,9 amper ola bilməz. "xxxx" ASC təchizatı həyatı keçirir, küçələrin işıqlandırılmasını həyata keçirmir. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, NDM 033502 saylı aktda göstərilir ki, abonent sayğac sxemindən kənar xəttdən istifadə edir. Kənar xətt naqilinin en kəsiyinin ölçüsü 2x10 mm alüminium naqildir. Akt "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mühəndisləri E.Məmmədov və N.Qurbanov tərəfindən imzalanmış, aktın “Abonentin nümayəndəsi” qrafasında “İştirak etmədi.” Qeyd edilmişdir. Təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, xx.xx.2023-cü il tarixli, NDM 033502 saylı akta əsasən 30 gün üçün 706.72 manat sərfiyyat hesablanmışdır. Qüsur kimi fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması göstərilmişdir. Abunə haqqında məlumatdan görünür ki, istehlakçının elektrik sərfiyyatının məbləği xx.xx.2023-cü il tarixdə 19.36 manat, xx.xx.2023-cü il tarixdə 70.56 manat olmuşdur. İstehlakçı elektrik enerjisinə görə xx.xx.2023-cü ildə 10 manat, xx.xx.2023-cü ildə 7 manat, xx.xx.2023-cü ildə 7 manat, cəmi 24 manat; xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək, cəmi 480 manat ödəniş etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD-yə baxış keçirilərkən müəyyən olundu ki, 19 iyul 2023-cü il tarixdə "xxxx" Acıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən abonent İddiaçı məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, abonent sayğac sxemindən kənar elektrik enerjisindən istifadə edir. Kənar xətt (qara kabel, ağ yox) elektrik dirəyindən aşağı endirilməklə abonentə məxsus fərdi yaşayış evinə gedir, sayğacdan axan yük 0,15 amper, kənar xəttdən axan yük isə 2,9 amper amper təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş CD-yə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" Acıq Səhmdar Cəmiyyətinin əməkdaşı qeyd edir ki, “26 iyul 2023-cü il. "xxxx" Acıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən abonent İddiaçı barəsində tərtib edilmiş akta əsasən qüsur aradan qaldırılmış, birbaşa qoşulmuş plafon öz sayğacına qoşulmuşdur.” Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir. Məhkəmə qeyd edir ki, həm iddia ərizəsindən, həm də iddiaçının məhkəmə iclaslarında verdiyi müəyyən izahatlardan (məhkəmə hazırlıq iclaslarında vermiş izahatlar, məhkəmə baxış iclasında verdiyi müəyyən izahatlar) görünür ki, xx.xx.2023-cü il tarixli, NDM 033502 saylı aktın yazılmasına səbəb olmuş hal iddiaçıya məlum deyil. Belə ki, iddiaçının məhkəmə iclaslarında verdiyi müəyyən izahatlardan görünür ki, o, mübahisənin mahiyyəti kimi küçəni işıqlandıran lampaya görə sayğacdan kənar istifadə edilən elektrik enerjisinə görə aktın yazılmasını bilir. Halbuki, bu belə deyil. xx.xx.2023-cü il tarixli, NDM 033502 saylı aktın yazılmasına səbəb abonentin elektrik enerjisindən sayğac sxemindən kənar xəttdən istifadə etməsidir. Təbii ki, iddiaçının mübahisənin mahiyyətini bü cür bilməsi də işə müəyyən mənada təsir edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD-yə baxış keçirilərkən müəyyən olundu ki, 19 iyul 2023-cü il tarixdə "xxxx" Acıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən abonent İddiaçı məxsus fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı müəyyə olunmuşdur ki, abonent sayğac sxemindən kənar elektrik enerjisindən istifadə edir. Kənar xətt (qara kabel, ağ yox) elektrik dirəyindən aşağı endirilməklə abonentə məxsus fərdi yaşayış evinə gedir, sayğacdan axan yük 0,15 amper, kənar xəttdən axan yük isə 2,9 amper amper təşkil edir. “Abunə haqqında məlumat” dan görünür ki, istehlakçının elektrik sərfiyyatının məbləği xx.xx.2023-cü il tarixdə 19.36 manat, xx.xx.2023-cü il tarixdə 70.56 manat olmuşdur. İstehlakçı elektrik enerjisinə görə xx.xx.2023-cü ildə 10 manat, xx.xx.2023-cü ildə 7 manat, xx.xx.2023-cü ildə 7 manat, cəmi 24 manat; xx.xx.2023-cü ildən xx.xx.2023cü il tarixədək, cəmi 480 manat ödəniş etmişdir. Yəni, mübahisələndirilən akt yazılandan sonra istehlakçının elektrik enerjisinin sərfiyyatı heç vaxt olmamış şəkildə artmış, iddiaçı isə bu halın necə baş verməsini əsaslandıra bilməmişdir. “Abunə haqqında məlumat” dakı elektrik sərfiyyatı ilə bağlı göstəricilər ilə xx.xx.2023-cü il tarixli, NDM 033502 saylı akt yazıldıqdan sonrakı dövr üzrə göstəricilər qarşılıqlı şəkildə müqayisə edilərkən məlum olur ki, abonentin mübahisələndirilən akt yazıldıqdan sonrakı sərfiyyatı əvvəlki illərdən dəfələrlə çox olmuşdur. Halbuki, iddiaçı məhkəmə iclasında ilk öncə izahatında bildirmişdir ki, “...2019-cu ildən həmin evdə ayda 3-5 gün yaşanılmışdır. Həmin evdə elektrik enerjisindən yalnız televizor, soyuducu və evin işıqlandırılması ilə bağlı lampalar üçün istifadə edilir. Həmin evdə heç vaxt televizor, soyuducu və evin işıqlandırılması ilə bağlı lampalardan başqa elektrik enerjisindən istifadə edilməmişdir. Həmin evdə heç vaxt 1 ay müddətində yaşayış olmamışdır.” Məhkəmə tərəfindən iddiaçının izahatında göstərilən həmin xüsusatlar və “Abunə haqqında məlumat” dakı elektrik sərfiyyatı ilə bağlı göstəricilər qarışılıqlı şəkildə təhlil edilmiş və məhkəmə tərəfindən iddiaçıya belə bir sual ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli, NDM 033502 saylı akt yazılandan sonrakı təxminən 1 aylıq dövr ərzində olan elektrik sərfiyyatı əvvəlki dövlərdən dəfələrlə həmin vaxtadək heç vaxt olmamış şəkildə çox olmuşdur. Bunun səbəbi nədir? İddiaçı bildirmişdir ki, həmin evdə 1 ay müddətində yaşayış olduğu vaxt da olmuşdur. Halbuki, iddiaçı “Abunə haqqında məlumat” dakı elektrik sərfiyyatı ilə bağlı göstəricilər tədqiq edilməmişdən əvvəl başqa mövqe irəli sürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş CD-yə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" Acıq Səhmdar Cəmiyyətinin əməkdaşı qeyd edir ki, “26 iyul 2023-cü il. "xxxx" Acıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən abonent İddiaçı barəsində tərtib edilmiş akta əsasən qüsur aradan qaldırılmış, birbaşa qoşulmuş plafon öz sayğacına qoşulmuşdur.” Məhkəmə həmin məsələ ilə bağlı bildirir ki, xx.xx.2023-cü il tarixli, NDM 033502 saylı aktın yazılmasına səbəb plafon olmamış, mübahisələndirilən aktın birbaşa qoşulmuş deyilən plafona aidiyyəti yoxdur. Şəxsin aktın yazılmasında iştirak etməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsələnin qanunauyğun həyata keçirilməməsi buna məsul olan şəxslərin məsuliyyətinə səbəb ola bilər. Lakin bu məsələ Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin qeyd edilən məsələ ilə bağlı hər hansı bir pozuntu olarsa, bu hal buna cavabdeh olan şəxslərin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur və s.) yol verilir və ya abonent iştirak etmir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir. İşin arşadırılması zamanı cavabdeh tərəf abonentin sayğac sxemindən kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsini təqdim edilmiş sübutlarla sübuta yetirmişdir. İddiaçı isə iddianın əsaslılığını sübuta yetirə bilməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. "xxxx" Acıq Səhmdar Cəmiyyətə qarşı baxılan mülki işdə olmasada “Azəriqaz” İstehsalat Birliyinin qeyri-qanuni təbii qazdan istifadə nəticəsində hesablanmış borc məbləğləri ilə bağlı bağılan mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4749/2021 saylı qərarının 34-cü bəndinə göstərilmişdir ki, “...Məhkəmə kollegiyası hesab edir ki, əslində fərqli fikirlərin, mövqelərin yaranmasına səbəb aktlar üzrə hesablanmış məbləğlərin həddən artıq və ədalətli olmaması real sərfiyyatı əhatə etməməsi ilə bağlıdır. Belə hesablamalar iddiaçı təşkilatın qəbul etdiyi qaydalar və təlimatlar əsasında hesablandığından, onlar normativ xarakterli aktlar olmadığından məhkəmələr həmin qaydalardan kənara çıxaraq vahid bir mövqe nümayiş etdirməkdə haqlı olardılar. Lakin hər bir halda qanunsuz qoşulma halı təsdiq edildiyi təqdirdə məbləğin ədalətli olmaması əsası ilə iddianı təmin etməkdən çəkinmə əsaslı hesab oluna bilməz.” Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü il tarixli, NDM 033502 saylı aktın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-220/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-220/2024
01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver