Məhkəmə qərarları › İş №2(050)-2211/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2211/2025

29.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2211/2025 29.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimi Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 may 2024cü il tarixli, ******* saylı akt əsasında 6480 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh İB Lənkəran X2 İdarəsinin əməkdaşları xx.xx.2024-cü il tarixdə yaşadıqları evi təbii qazla təchiz edən qaz xəttinə, sayağaca baxış keçirmişlər və sayğacı yenisi ilə əvəz etmişlər. Qaz İdarəsi sayğacı apardıqdan sonra iştirakı olmadan 06 may 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda sayğacda olan qüsur kimi “sayğacın seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Çıxış plastmas boruda qaynaq şlaqı aşkar olundu. Çıxış plastmast boru deşilib, Nisbi xətayla sərfiyyatı qeyd etmir.” göstərilmişdir. Dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 6480 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğac açılıb aparılarkən plombu üstündə olub və sayğaca nəzarəti cavabdeh etməlidir. Hər ay nəzarətçi sayğaca baxış keçirmiş, heç bir nöqsan aşkar etməmiş, sərfiyyata uyğun işlədilmiş təbii qazın dəyərini ödəmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, 2022-ci ildə tufan nəticəsində onun həyətinin darvazası və hasarı aşmışdır. Hasar aşarkən sayğacın üzərinə düşmüş və sayğaca gələn qaz xəttini zədələmişdir. Bundan sonra o, usta çağıraraq və qaz idarəsinə müraciət edərək, sayğacı yerinə bərpa etdirmişdir. Daha sonra 2024-cü ildə qaz idarəsinin işçiləri gəlib sayğacı aparmışlar və bundan sonra ona cərimə yazmışlar. Sayğaca heç bir müdaxilə etməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan: 06 may 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, “sayğacın seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Çıxış plastmas boruda qaynaq şlaqı aşkar olundu.Çıxış plastmast borusu deşilib, Nisbi xətayla sərfiyyatı qeyd etmir.” Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 06 may 2024-cü il tarixli hesabatdan görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 kub/metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 6480 kub/metr itirilmiş qaz hesablanmışdır. Əsaslandırıcı hissə: Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən 01 aprel 2024-cü il tarixdə abonentə məxsus sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Çıxarılan köhnə sayğac yoxlanılarkən “sayğacın seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Çıxış plastmas boruda qaynaq şlanqı aşkar olundu.Çıxış plastmast boru deşilib, Nisbi xətayla sərfiyyatı qeyd etmir.” pozuntuları aşkar edildiyindən 06 may 2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş 6480 kub/metr qazın dəyəri borc kimi hesablanmışdır. Aktda Cavabdeh İB-nin əməkdaşlarının imzası olsa da, İddiaçı adının qarşısında imza etməkdən imtina etməsi qeyd edilmişdir. Akt əsasında tərtib olunmuş 06 may 2024-cü il tarixli qərarla, gündəlik 12 saat olmaqla 90 gün müddət üzrə (6480) kub metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən tərtib edilmiş akt üzrə sərf edilmiş (talan edilmiş) qazın dəyəri vurulmuş ziyan kimi hesablanaraq abonentin (iddiaçının) borc hesabına yazıldığından, iddiaçı da hazırki tələbində hesablanmış ziyanın qanunsuz sayılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent tərəfindən vuruluduğunu, onun qanunzidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq olunduqda qaz paylayıcısı vurulmuş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə hesab etmişdir ki, sayğaca müdaxilənin aşkar edilməsi sübuta yetirilmir. Cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda sayğaca müdaxilə halı qeyd edilsə də bu fakt digər sübutlarla təsdiqini tapmır, əksinə fakt təkzib edilir. Cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda (abonentin) iddiaçının imzası yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə halı sübuta yetirilmədiyindən, o, məsuliyyət daşımamalıdır. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Qeyd olunanlarla yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, 06 may 2024-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş 6480 m3 qaz sərfiyyatına görə hesablanmış borc silinməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 06 may 2024-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 6480 m3 qaz sərfiyyatına görə İddiaçı abunə hesabına yazılmış borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar