Məhkəmə qərarları › İş №2(050)-2325/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2325/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2325/2023 12.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, Ərizəçi hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Masallı Rayon Bələdiyyəsinin sənədlərində Səfərova Sevil göstərilməsi, eyni şəxs olması və Masallı Bələdiyyəsinin 15 iyun 2006-cı il (protokol 06) qərarının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə ərizənin icraata qəbulundan imtina olunmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (1.1, 1.2). Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur (20.1, 20.2). Fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət inzibati icraatın başlanılması üçün əsaslardır (28.1, 28.1.1, 28.1.2, 28.1.3). Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır (28.4). Ərizəyə ərizəçinin mövcud məsələ ilə bağlı Masallı Rayon Bələdiyyəsinə müraciət etməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Mübahisə üzrə ərizəçi ilkin olaraq Masallı Rayon Bələdiyyəsinə müraciət etməli, inzibati orqan tərəfindən inzibati icraata uyğun araşdırılma aparılmalı, araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edilməlidir. Araşdırmanın nəticəsindən asılı olaraq mübahisə inzibati hüquq münasibətinə aid olduğu təqdirdə qanunla müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəmədə, yox məsələ hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi ilə həllini tapmalı olduğu halda isə xüsusi icraat qaydasında ümumi məhkəmədə iddia qaldırıla bilər. Hər bir halda ərizəçi yuxarıda qeyd edilən prosedur qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizənin yolverilməzliyinə görə ərizənin icraata qəbulundan imtina olunsun. Ərizəçi məsələ ilə bağlı ilkin olaraq Masallı Rayon Bələdiyyəsinə müraciət etməli olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar