Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2380/2023 24.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı aktların etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 fevral 2021-ci il tarixli, ******* saylı və 27 dekabr 2022-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış 3600 (2160+1440) m3 qaz sərfiyyatına görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən evinə qaz xətti çəkilməklə istifadə etdiyi qaz sərfiyyatının dəyərini hər ay qaz nəzarətçisinin verdiyi bildirişə uyğun olaraq vaxtlı-vaxtında ödəmişdir. Qaz sayğacı atasının adınadır. Atası 14 mart 2023-cü il tarixdə vəfat etmişdir. Lakin sayğac hazırda da onun adında qalmışdır. Evdə isə anası ilə yaşamaqla qaz sərfiyyatnı özü ödəyir. Hələ atasının sağlığında, yəni 2021-ci ildə onlara məlum olmuşdur ki, Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən 26 fevral 2021-ci il tarixli, ******* saylı akt yazılaraq onlara qaz sərfiyyatına görə borc hesablanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, əslində sayğac nömrəsində səhv olmuşdur. Yəni onların istifadə etdikləri sayğacın nömrəsi Binə Xocavar kəndində olan Ədalət Hüseynovun adına qeyd olunmuş, onun sayğacının nömrəsi isə atasının adına qeyd olunmuşdur. Nəticədə faktiki olaraq Ədalət Hüseynovun istifadəsində olan sayğacla bağlı sərfiyyata dair akt əsassız olaraq atasının adına qeyd edilmişdir. Bununla bağlı atası 09 avqust 2021-ci il tarixdə Lənkəran RQİİ-yə ərizə ilə müraciət etmiş, həmin ərizə 12 avqust 2021-ci il tarixdə həmin idarədə qeydə alınmış və sayğaclarda olan nömrələr dəyişdirilmişdir. Həmin borcun da atasının adından silinməsi bildirilmişdir. Bundan başqa, ötən ilin oktyabr ayının 14-də Qaz İstismarı İdarəsinin əməkdaşları sayğacı yenisi ilə əvəz edib, bu barədə akt tərtib etmişlər. Bunun müddət keçməsi ilə bağlı olmasını bildirmişlər. Həmin vaxt o, telefonla proseduru videoya çəkmişdir. Çəkiliş zamanı da cavabdehin əməkdaşları sayğacda hər hansı qüsur olmamasını etiraf etmişlər. Bu çəkilişdə də əks olunmuşdur. Sonradan isə məlum olmuşdur ki, həmin sayğacla bağlı 27 dekabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək qaz sərfiyyatına görə əsassız borc hesablanmışdır. Lakin bu barədə ona bildirilməmişdir. Nəhayət Masallı regional “ASAN xidmət” mərkəzindən müvafiq sənədləri götürərkən bununla bağlı bilmişdir. Mübahisəli aktla tələbnamə tərtib edilərkən və bu məsələ müzakirə edilərkən nəinki iştirakı təmin edilməmiş, bununla bağlı izahatı dinlənilməmiş, hətta müvafiq aktla tələbnamənin surəti ona göndərilməmişdir. Yalnız qaz nəzarətçisinin məlumatından sonra Masallı regional “ASAN xidmət” mərkəzindən mübahisəli aktla tələbnamənin surətlərini əldə etmişdir. Bundan başqa, mübahisəli birinci aktda başqasına aid olan borc sayğacın nömrəsinin sistemdə səhv qeyd edilmsinə görə onların adına yazılmış, mübahisəli ikinci aktda isə əvvəlki 1 aylıq dövr üçün mümkün maksimal qaz sərfi hesablanmışdır. Halbuki, hər ay qaz nəzarətçisi sayğacı yoxlayaraq bildiriş vermiş və sayğacda hər hansı bir qüsur aşkar etməmişdir. Bildirişlər verilən tarixlərdə qaz nəzarətçisi sayğaca baxmış və rəqəmləri sayğacdan götürmüşdür. Həmin tarixlərdə sayğacda hər hansı bir qüsur olsaydı təbii ki, bunu qaz nəzarətçisi görər və həmin tarixdə də bunu sənədləşdirərdi. Lakin qaz nəzarətçisinin bildirişlər verilən tarixlərdə bununla bağlı hər hansı aktının olmaması, onun verdiyi bildirişlərdə bu barədə qeydiyyatın olmaması və ondan həmin bildirişlərə uyğun ödənişlərin tələb və qəbul edilməsi bir daha göstərir ki, cavabdeh təşkilatın son 1 aylıq dövr üçün qaz sərfiyyatnı ehtimallara görə real vəziyyətdən bir neçə dəfə çox hesablaması əsassız və ədalətsizlikdir. Tələbnamədə mübahisəli akta istinad edilərək sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyyətdə olması qeyd edilmişdir. Halbuki, videoçəkilişdən görünür ki, bu belə deyildir, sayğac tam normal vəziyyətdədir. Bundan başqa cavabdehin əməkdaşlarının özlərinin tərtib etdikləri mübahisəli aktda bu xüsusat göstərilməmitşdir. Mübahisəli aktda sayğacın qaz sərfiyyatını qeyd etməməsi göstərilmişdir. Halbuki, saldodan görünür ki, sayğac açılan ərəfədə və ondan əvvəlki aylarda qaz sərfiyyatını qed etmişdir. Bu isə aktda göstərilən həmin xüsastın da realığa və saldoya zidd olmasını göstərir. Bundan əlavə sayğac akt tərtib edilərək götürülərkən onda yalnız hesablama mexanizminin qapağında çat olması qeyd edilmişdir. Mübahisəli aktda isə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması, qoruyucu plastmast qapağının sınıq olması qeyd edilmişdir. Halbuki, bunlarla bağlı aktda heç bir qeyd aparılmamışdır. Bundan başqa, mübahisəli aktda adları göstərilən şəxslər cavabdeh təşkilatın əməkdaşlarıdır. Beləliklə, akt tərtib edilərkən hal şahidi kimi yoxlama ilə marağı olmayan, yoxlamanı aparan şəxslərdən heç bir asılılıq və onlarla münasibəti olmayan şəxslərin iştirakı təmin edilməmişdir. İddiaçının məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisəli sayğac həyətdən kənarda küçədə mühafizə olunmayan açıq sahədə yerləşir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, İddiaçı 17 martb 1991-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuşdur. X1r. Ölüm haqqında arayışdan görünür ki, X4 14 mart 2023-cü ildə ölmüşdür. Masallı RİHB-nın Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 686 saylı arayışdan görünür ki, X4 öldükdən sonra ona məxsus evdə arvadı X5 və İddiaçı yaşayır. 26 fevral 2021-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən daxili qulaqcıqları kəsilib.” Sayğac № 4633754. Cavabdeh Lənkəran X8 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 26 fevral 2021-ci il tarixli hesabatda göstərilir ki, sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən daxili qulaqcıqları kəsilib. Hesabtda qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 2160 kub/metr itirilmiş qaz hesablanmışdır. 14 oktyabr 2022-ci il tarixli aktda göstərilir ki, istehlakçı Şərifov Əlipənaha aid ******* nömrəli sayğac növbəti Dövlət yoxlaması üçün çıxarıldı. 27 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, “sayğacın hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir.” Sayğac № 4633752. Sayğac həyətdən kənarda yerləşir. Cavabdeh Lənkəran X8 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli hesabatda göstərilir ki, sayğaca ümumi baxış keçirildi. Sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. Hesabtda qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 1440 kub/metr itirilmiş qaz hesablanmışdır. 09 avqust 2021-ci il tarixdə İddiaçı tərəfindən Lənkəran RQİİ-nin rəisi Azər Musayevə ünvanlanmış ərizədən görünür ki, ona səhvən yazılmış 2160 kub/metr cərimə Binə Xocavar kəndində abonent Hüseynov Ədalətə məxsus olan sayğacda (**********02150) oların sayğacları ******* ona məxsus olan sayğac (4633752) onun müraciətindən sonra sayğac nömrələri hərənin özününkünü özünə dəyişdirmişlər. Lakin onun adına düşmüş 216 manat borc silinməmişdir. Həmin borcun əsl sahibinin adına keçirilərək onun hesabından çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddia ilə bağlı subyektiv hüququ malik olubolmamasına münasibətdə bildirir ki, təbii qazın verildiyi fərdi yaşayış evində (mübahisəli aktın yazıldığı) iddiaçı və anası yaşayır, sayğacın formal olaraq ölmüş atasının adında qalması onun hazırki mübahisə üzrə məhkəmə müdafiə hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Qeyd edilən səbəbdən məhkəmə hesab edmişdir ki, iddiaçı hazırki iddia ilə bağlı subyektiv hüququ malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə ilk növbədə 26 fevral 2021-ci il tarixli, ******* saylı aktla bağlı bildirir ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin aktın yazılmasına səbəb ******* saylı sayğac ilə bağlı olmuşdur, həmin sayğac isə iddiaçının atasının adına səhvən sənədləşdirilmişdir, iddiaçının yaşadığı evə verilən sayğacın nömrəsi ******* olmuşdur. Digər tələbə münasibətdə isə məhkəmə bildirir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, sayğac həyətdən kənarda mühafizə olunmayan sahədə yerləşmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, 26 fevral 2021-ci il tarixli, ******* saylı və 27 dekabr 2022-ci il tarixli, ******* saylı aktlar etibarsız hesab edilməli, həmin aktlara əsasən hesablanmış 3600 (2160+1440) m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 26 fevral 2021-ci il tarixli, ******* saylı və 27 dekabr 2022-ci il tarixli, ******* saylı aktlar etibarsız hesab edilsin, həmin aktlara əsasən hesablanmış 3600 (2160+1440) m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2380/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2380/2023
24.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver