Məhkəmə qərarları › İş №2(050)-2450/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2450/2024

05.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2450/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X6 (sədrlik edən), məhkəmə iclasının katibi X5 iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC tərəfindən yazılmış xx.xx.2016-cı il tarixli 297803 nömrəli aktın etibarsız hesab edilməsi və yazılmış 554.85 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rzayeva X3 rayonu Mahmudavar kəndində yaşayır. Yaşadığı ev həyat yoldaşının adına olduğu üçün elektrik sayğacı da o vaxtdan onun adına qeydiyyata alınıb. Bu günə kimi də evdə sərf etdiyi işığa görə də hər ay ödənişləri ödəmişdir. İstifadə etdiyi işığa görə də heç vaxtı borcu qalmamışdır. 2022-ci ildə həyat yoldaşı rəhmətə gedəndən sonra həmin evdə o, yaşayır. İşıq idarəsindən də bu vaxta qədər borcu olması barədə o, heç vaxtı heç nə deyilməmişdir. Bu yaxınlarda işıq idarəsindən 2 nəfər həyətə gələrk ona 500 manata yaxın borcu olduğunu bildirərək onu ödəməli olduğunu bildirmişlər. Sonra bunu həll etmək üçün ona Masallı işıq idarsinə gəlməyini məsləhət bilmişlər. İdarədən ona xx.xx.2016-cı ildə tərtib edilmiş 297803 saylı protokolun surəti verilərək bildirildi ki, həmin vaxtı evində sayğacdan kənar xətt olduğu üçün 554.85 AZN cərimə yazılmışdır. Sayğacın dövriyyə çıxarışında bağlanan aktlar bölməsində də US 297803 nömrəli aktın qarşısında 512.22 AZN və 42.63 AZN cərimə yazıldığı da qeyd olunmuşdur. Evndə heç vaxtı kənar xətt olmamışdır. İndiyə qədər də bu barədə onlara heç kim heç nə bildirməmişdir. Əlavə olaraq da onun həmin aktdan xəbəri olmamışdır. Yazılmış aktda onun və hal şahidlərinin imzası yoxdur. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı oğu məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının teleqramını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X9 16 fevral 2022-ci il tarixdə miokard inkarkt səbəbindən Masallı rayonu Mahmudavar kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X1 arasında 07 oktyabr 1992-ci il tarixdə Masallı rayon Mahmudavar kənd sovetliyində 42 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Rzayeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, US 297803 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Mahmudavar kəndində yaşayan abonent X7 məxsus fərdi yaşayış evinə sayğacsız X2 etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Mahmudavar kəndində yaşayan abonent Qürbət Rzayevə “EİQ pozulması” ilə əlaqədar (akt US 297803) olaraq 554.85 manat məbləğində sərfiyyat hesablanmışdır. xx.xx.2016-cı il tarixli, US 297803 saylı aktda kənar xətt ləğv edilsin qeyd edilməsinə baxmayaraq cavabdeh tərəf kənar xətt barədə hər hansı sübut fotoşəkil, videoğörüntü və başqa rəsmi sənəd təqdim etməmişdir. Həmçinin məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi sayğaca kənar xətt qoşulması barədə heç bir sübutun olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 17 may 2015-ci il tarixdə Masallı rayonu, Mahmudavar kənd sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacı elektrik enerjisinin sərfiyyatını qeyd etmədən abonent sayğacdan kənar X2 etdiyi əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və 554.85 manat sərfiyyatın silinməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf məhkəmə iclasında izahat verərək ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi şübhə doğurur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, US 297803 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 554.85 manat məbləğində sərfiyyat silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar