Məhkəmə qərarları › İş №2(050)-2485/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2485/2023

30.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2485/2023 30.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, R 291532 saylı aktın etibarsız hesab olunması və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu, Hişkədərə kəndində yaşayır və həmin kənddə fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuş və o, hər ay istifadəyə görə pulu ödəmiş, ödəniş qəbzləri vardır və abonentin saldosunda ödənişlər təsdiqini tapır. O, 2022-ci və 2023-cü ilin hazırkı vaxtına qədər hər ay 9, 11, 25, 27, 31, 24, 33, 36, 18, 12 manat və beləcə müxtəlif aylarda xeyli miqdarda pul ödəmişdir. O, əgər elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdirsə, o zaman hər ay pul ödəməmiş olardı. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun fərdi yaşayış evində olan sayğaca baxış keçirərək sayğacın enerji sərfiyyatını qeyd etmədiyini, sayğacdan kənar X1 edildiyini müəyyən etmişlər və atk tərtib olunmuşdur. Daha sonra 857,71 manat ziyan hesablanmış və ondan tələb olunmuşdur. O, sözügedən aktla razı deyil və qanunsuz olmasını hesab edir. Belə ki, o, sayğaca hər hansı müdaxilə etməmiş, sayğacdan kənar xəttdən istifadə etməmiş, aylıq ödənişləri etmiş, öhdəliklərinin icrasından yayınmamışdır. Saldodan göründüyü kimi son ay ərzində qısa qapanma nəticəsində sayğacda problem yaranmış, sayğac sərfiyyatı tam qeyd etməmiş və o, bununla bağlı "xxxx" ASC-nin əməkdaşlarına dərhal məlumat vermişdir. Onun müraciəti əsasında sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacda qısaqapanma nəticəsində problem yarandığı üçün sayğac sərfiyyatı qeyd etməmişdir. Bundan sonra onun xəbəri olmadan akt yazılmışdır. Ona akt yazılmasına baxmayaraq həmin xarab olmuş sayğac hazırda da onun evindədir. Əgər sayğacda problem olmuşdursa Azərişıq ASC-nin əməkdaşları həmin sayğacı dəyişərək yenisi ilə əvəz etməli idilər. O, nə elektrik deyildir, nədə ki, sayğac ustası deyildir. Sayğacın daxilində olan problemi də bilməyi mümkün deyildir. Sayğacı qorumaq onun yox, paylayıcının vəzifəsidir. Ümumiyyətlə Hişkədərə kəndində may ayında baş vermiş qısaqapanma nəticəsində xeyli təsərrüfata ziyan dəymiş və evlərdə avadanlıqlar yanmışdır. Onun ödənişlərinə nəzər yetirilərsə görünür ki, xx.xx.2023-cü il tarixədək ödənişləri normal olmuş, sonuncu sərfiyyat 24.28 manat, xx.xx.2023-cü il tarixdən isə sərfiyat 7.84 manat olmuşdur. O, cəmi 1 ay 7.84 manat pul ödəmişdir ki, o da onun yox, sayğacın günahıdır. Sayğac xarab olduğu üçün düzgün hesablama apara bilməmişdir. Bunun səbəbi qısaqapanma nəticəsində sayğacda problem yaranması olmuşdur. O, hər hansı kənar xətt çəkməmiş, müdaxilə etməmişdir. Bundan başqa, sayğacın xarab olması nəticəsində dəymiş ziyanın ondan tutulması qanunsuzdur, o, törətmədiyi əmələ görə məsuliyyət daşımamalıdır. Sayğacın xarab olması onun səhvi yox, istehsalçının səhvidir. Həmçinin, akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakı təmin olunmamış, foto və ya video çəkiliş aparılmamışdır. Bundan başqa, sayğacı hər ay işıq idarəsinin işçiləri yoxlayırlar, onlar sayğacda belə qüsur vardısa, bununla bağlı dərhal tədbir görməli idilər. Lakin "xxxx" ASC-nin əməkdaşları qanunsuz olaraq sözügedən aktı tərtib etmişlər. Odur ki, həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcu hər zaman vaxtında ödəmişdir. Bu səbəbdən akt etibarsız hesab olunmalı, borc məbləği silinməlidir. İddiaçının vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 17 iyul 2023-cü il tarixli və 01 avqust 2023-cü il tarixli iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun vəklinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli, R 291532 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Hişkədərə kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı elektrik enerjisinin sərfiyyatını qeyd etmədən abonent sayğacdan kənar X1 etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Hişkədərə kəndində yaşayan abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (akt R 291532) olaraq 804.84 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 09 iyun 2023-cü il tarixdə Masallı rayonu, Hişkədərə kənd sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacı elektrik enerjisinin sərfiyyatını qeyd etmədən abonent sayğacdan kənar X1 etdiyi əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkməyə müraciət etmiş və 804.84 manat sərfiyyatın silinməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim edilməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf məhkəmə iclasında izahat verərək ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi şübhə doğurur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, R 291532 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 804.84 manat məbləğində sərfiyyat silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar