Məhkəmə qərarları › İş №2(050)-2497/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2497/2023

31.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2497/2023 31.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 25920 kub metr borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Masallı rayon Ərkivan qəsəbəsində özünə məxsus fərdi yaşayış evi təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. Heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh Lənkəran X4 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sayğacın növbəti Dövlət yoxlaması ilə bağlı akt tərtib edilmiş, sayğac yenisi ilə əvəz olunmaqla dövlət yoxlanılmasına göndərilmişdır. Sayğac həyətindən açılarkən idarənin işçilərinə dəfələrlə sayğacı onun iştirakı ilə torbaya qoyulmasını və möhürlə möhürlənməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra onun adına sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcığlarında əzik-cızıq izlərinin olması əsası ilə xx.xx.2023-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 25920 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdur. İşin faktiki hallarından görünür ki, akt otaq şəraitində yazılmış və heç bir araşdırma aparılmamışdır. Əvvəllər də qazdan isifadəyə görə pul ödəmiş, qaz idarəsinin əməkdaşları dəfələrlə sayğaca baxış keçirmişlər. Hər hansı bir problem olmamışdır. Sayğaca isə heç bir müdaxilə etməmişdir. Ona yazılan cərimə illik istifadə etdiyi qaz sərfiyyatından 10 dəfə artıq yazılmışdır. Ona görədə hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, İddiaçı yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Lakin iddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcığlarında əzik-cızıq izlərinin olması aşkar edildiyi üçün akt tərtib olunmuşdur. Daha sonra isə 30 aprel 2023-cü il tarixli akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır. Lakin abonent tərəfindən bugünədək heç bir ödəniş edilməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən işdə olan iddianın təmin edilməsi baxımından mötəbər sübut kimi qəbul edilmiş sənədləri tədqiq etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X4 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərinin qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 25920 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X4 İdarəsinin Masallı XS tərəfindən təsdiq edilmiş 29 aprel 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcığlarında əzik-cızıq izlərinin olması aşkar olunmuşdır. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. İş materillarına əlavə edilmiş abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmışdır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, hərtərəfli və tam baxaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Lakin, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda Cavabdeh əməkdaşları sayğacamüdaxilənin edilməsini müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər.Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir.Lakin, hazırkı mübahisə üzrə sayğaca müdaxilə müəyyən olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir.Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır.Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 180 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də, qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin Qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməklə Cavabdeh Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 aprel 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 25920 kub/metr qaz sərfiyyatına əsasən ziyan və ona əsasən hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış ziyan kimi 25920 kub.metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar