Məhkəmə qərarları › İş №2(050)-250/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-250/2023

24.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-250/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun, iddiaçı Şərifov Çərkəz Ağaşərif oğlunun, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Məhərrəmov Fuad Hüseynqulu oğlunun iştirakı ilə, İddiaçı Şərifov Çərkəz Ağaşərif oğlunun cavabdeh “Azəriqaz” İB-nə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şərifov Çərkəz Ağaşərif oğlu cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İB tərəfindən tərtib olunmuş 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 8640 m3 qaz sərfiyyatına hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuşdur.Hazırda Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur, qaz sayğacı onun yaşadığı evin həyətində quraşdırılmaqla yerləşir, hamı kimi o, da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir və heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır.26 aprel 2022ci tarixdə “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin əməkdaşları ona məxsus fərdi yaşayış evini qazla təhciz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və növbəti dövlət yoxlaması ilə əlaqədar yoxlamaya aparmışlar.30 sentyabr 2022-ci il tarixdə sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapşdırılaraq yerinə bərpa olunması müəyyən edilmiş, itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği 8640 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur.Hesab edir ki, həmin akt etibarsız hesab edilməli və 8640 m3 qaz sərfiyyatı silinməlidir.Belə ki, aktdan da göründüyü kimi aktın tərtib olunmasına sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapşdınlaraq yerinə bərpa olunması əsas olmuşdur.Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur.Belə ki, Azəriqaz İB-nin işçilərinin aktı tərtib etmək səlahiyyətləri yoxdur.Bu səlahiyyət yalnız Azərbaycan Respublikası Energetika Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə verilmişdir.İdarənin işçiləri ayda iki dəfə olmaqla sayğaca baxış keçirirlər.Əgər belə bir problem olmuşdursa ona 15 günün cəriməsi yazılmalı idi.Sayğac onun həyətində yerləşir.Həmçinin, qaz sayğacları bütün rayon ərazisinə qoyulmuş və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır.Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilərlər və sayğaca istənilən müdaxiləni edə bilərlər.Belə olan halda o, sayğaca hər hansı bir müdaxiləyə görə məsuliyyət daşıya bilməz.Bütün bunlar onu göstərir ki, tərtib olunmuş akt hansısa maraqlara görə tərtib olunmuşdur.Lakin bütün bunlara baxmayaraq sonradan bilmişdir ki, “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin əməkdaşları onun sayğacını yarasız hala düşməsi barədə akt tərtib edərək ona 8640 m3 cərimə yazaraq onu cərimələmişlər.Ona görə də, hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müəraciət etmişdir. İddiaçı Şərifov Çərkəz Ağaşərif oğlu məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir, qaz sayğacından istifadə edilməsi və ya hər hansı bir müdaxilənin edilməsi mümkün deyildir, qaz sayğacı həyətdən kənarda deyil həyətində yerləşir. Cavabdehin nümayəndəsi Məhərrəmov Fuad Hüseynqulu oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, Şərifov Çərkəz Ağaşərif oğlunun yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ayın 10 və 20-nə kimi olmaqla, iki dəfə baxış keçirilir, sayğacın üzərində qoruyucu vardır, iddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayğacda müdaxilə izləri aşkar edilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması aşkar edildiyi üçün akt tərtib olunmuşdur.Daha sonra isə 30 sentyabr 2022-ci il tarixli akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır.Lakin abonent tərəfindən heç bir ödəniş edilməmişdir.Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsinin dəlilləri işdə olan 26 aprel 2022-ci il tarixli, ******* nömrəli aktla və 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktla müəyyən və sübut olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlaraın məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 aprel 2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı Çərkəz Şərifova məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı Çərkəz Şərifova məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır.Cəmi 8640 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı XS-in rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı Çərkəz Şərifova məxsus fərdi yaşayış evində qaz sayğacında sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapşdırılaraq yerinə bərpa olunması aşkar olunmuşdur. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdən göründüyü kimi iddia fiziki şəxs tərəfindən qaldırılmış, işə əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 aprel 2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı Çərkəz Şərifova məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuş və “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı XS-nin rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktla müəyyən edilmişdir ki, istehlakçı Çərkəz Şərifova məxsus fərdi yaşayış evində qaz sayğacında sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması aşkar olunmuşdur. İşin hallarına görə iddiaçının yaşadığı evə sayğac quraşdırılmış və iddiaçı sayğacla bağlı iradı olmadan qəbul etmiş və istismarına görə cavabdehlik daşımışdır və qazdan istifadəyə və sayğacın saxlanmasına görə öhdəlik daşımışdır. Mülki işə iddiaçı tərəfindən əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 may 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, iddiaçı Şərifov Şərkəz Ağaşərif oğlu 27 aprel 2022-ci il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək və Masallı RPŞ-nə ərizə yazaraq 2022-ci ilin yanvar ayında özünü Masallı rayon Qaz İstismar İdarəsinin əməkdaşları kimi təqdim edən şəxlər tərəfindən yaşadıqları ünvanda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə olunduğunu, sayğacın plombunun həmin şəxlər tərəfindən qırıldığını, 24 aprel 2022-ci il tarixdə isə müdaxilə olunduğu üçün sayğacın Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsi tərəfindən dəyişdirildiyini bildirmişdir. İşdən göründüyü kimi istehlakçı barədə “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 aprel 2022-ci il tarixli, ******* nömrəli akt tətib edilmiş və sayğac dəyişdirilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 may 2022-ci il tarixli qərarla Şərifov Şərkəz Ağaşərif oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən Şərifov Şərkəz Ağaşərif oğlunun yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına müdaxilə etmiş şəxsin müəyyən edilmədiyi mümkün olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmişdir. İddiaçının dəlillərinə görə qaz sayğacları bütün rayon ərazisinə qoyulmuş və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır.Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilərlər və sayğaca istənilən müdaxiləni edə bilərlər.Belə olan halda o, sayğaca hər hansı bir müdaxiləyə görə məsuliyyət daşıya bilməz.Bütün bunlar onu göstərir ki, tərtib olunmuş akt hansısa maraqlara görə tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı yuxarıda göstərdiyi hallara dair sübut təqdim etmədiyi üçün həmin dəlillər əsassız hesab edilmişdir. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin tələbinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” təsdiqlənmiş, həmin mqavilənin 2.1.7-ci bəndinə görə istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir; 2.2.4-cü və 2.2.5-ci bəndlərinə əsasən isə aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək; istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğac göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik Enerjisindən İstifadə Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır.Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır.Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir.Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki və hüquqi hallarına əsasən hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.Belə ki, iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində quraşdırılmış sayğaca istehlakçı tərəfindən müdaxilə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 26 aprel 2022-ci il tarixli, ******* nömrəli aktla və “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı XS-in rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktla, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən edildiyi və iddiaçı yaşadığı evin həyətində quraşdırılmış sayğaca onun və ailə üzvləri tərəfindən müdaxilə olunmaması barədə sübut təqdim edə bilmədiyi üşün iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şərifov Çərkəz Ağaşərif oğlunun cavabdeh “Azəriqaz” İB-nə qarşı 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar