Məhkəmə qərarları › İş №2(050)-2521/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2521/2024

10.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2521/2024 10.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X3 adına tərtib olunmuş 30 may 2024-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 4320 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonu, Viləş kəndində yaşayır, həmin ev və sayğaclar mərhum əri X4 adına olmuşdur. Əri xx.xx.2016-cı ildə vəfat etmiş və ondan sonra həmin evdə o, yaşamışdır. Yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o da, taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Abonentin saldosunda həmin ödənişlər əks olunmuşdur. Hər ay istifadə etdiyi qazın dəyərini ödəmişdir. Qaz sayğacı onun həyətindən kənarda yerləşdirilmiş, sayğaca nəzarəti qaz paylayıcı Cavabdeh İB-nin nümayəndəsi həyata keçirir, hər ay iki dəfə yoxlayır və bildiriş verir. Cavabdeh İB Lənkəran X13 İdarəsinin əməkdaşları ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və növbəti dövlət yoxlaması məqsədi ilə sayğacı aparmışlar. Daha sonra xx.xx.2024-cü il tarixdə tərtib olunmuş akta əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması barədə akt tərtib olunmuşdur. Həmin akt əsasında xx.xx.2024-cü il tarixli tələbnamə ilə 4320 kub metr ziyan hesablanmışdır. Hazırda aşağıdakı əsaslara görə hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 4320 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, ilk olaraq bildirmək istəyir ki, tərtib olunmuş akt mərhum əri X2 adına tərtib olunmuş, lakin həmin evdə o, yaşayır və o istifadə edir. xx.xx.2024-cü il tarixli aktda qeyd olunan sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması onun günahı ucbatından baş verməmişdir, sayğac növbəti dövlət yoxlamasına aparılarkən Cavabdeh-ın nümayəndələri sayğacı açmışlar, həmin qüsur da o vaxt yaranmış ola bilər, həmin qüsurlar olsa belə o yaratmamışdır, nədə ki sayğaca cavabdeh şəxs o deyildir. Sayğac həyətdən kənarda yerləşir və onu qorumaq iddiaçının yox, qaz paylayıcısı olan Cavabdeh səlahiyyətinə aiddir. Həmçinin o, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Qaz sayğacında qüsur vardırsa, şahidlərin və onun iştirakı ilə akt tərtib olunmalı, çəkiliş aparılmalı idi. Onun aktdan ümumiyyətlə xəbəri olmamış, imza çəkməmişdir. Aktdakı imza ona məxsus deyildir. Həmçinin, onun aylıq sərfiyyat və ödənişləri saldosundan görünür. Həmçinin, sayğacda hər hansı qüsur varsa belə həmin qüsurun onun tərəfindən yaradılması barədə hər hansı sübut yoxdur. Həmin aktla razı olmadığı üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 06 aprel 2024-cü tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, abonentə yeni qaz sayğacı təhvil verilmişdir. 30 may 2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik-cızıq işlərinin aşkar olunması və hesablama mexanizminin qoruyucu örtüyünün plastmas qapağının üzərindəki qulaqcığın qırıq olması əsası ilə itirilmiş qazın bərpası tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə X3 adının qarşısında qeyd yoxdur. 31 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30 may 2024-cü il tarixli, ******* saylı akta əsasən 4320 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə X7 tərəfindən ödənilməsi tələb olunmuşdur. X5 aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Masallı rayonu, Kalinovka kəndində vəfat etmişdir. Nikah haqqında arayışdan görünür ki, X1 Xoşqədəm Bəhlul qızı ilə 23 iyul 1983-cü ildə nikaha daxil olmuşlar. Nikaha P.X.Baxşaliyevin xx.xx.2016-cı ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2016-cı ildə 15 saylı akt qeydi ilə Masallı rayon Viləş kənd ərazi nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz 6 edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, sayğacın hesablama mexanizminin plastmas borusunun alt hissəsinin deşici alətlə deşilməsi və sayğacın istismara yararsız olması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 31 may 2024-cü il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X13 İdarəsinin X3 adına tərtib etdiyi 30 may 2024-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 4320 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar