Məhkəmə qərarları › İş №2(050)-2575/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2575/2025

18.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2575/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: O, Masallı rayonu Boradigah qəsəbəsində ata evində yaşayır. Özünə aid tikilməkdə olan təzə ev tam hazır olmadığı üçün bu vaxta qədər orada heç bir yaşayış olmamışdır. 2025-ci ilin avqust ayında təzə evə işıq çəkdirmək məqsədilə Masallı elektrik şəbəkəsinə müraciət etmiş, ona yerində baxış keçirəcəklərini və 1 ay ərzində evini sayğacla təmin edəcəklərini bildirmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixində özlərini işıq idarəsinin işçiləri kimi təqdim edən 2 nəfər gəlib tikilməkdə olan təzə evin yaxınlığından keçən elektrik xətlərinə baxış keçirmişlər. Sayğac qoyulmasından ötrü ondan şəxsiyyət vəsiqəsinin surəti tələb edilmiş, daha sonra dayaqdan evə qədər olan məsafəni ölçüb getmişlər. xx.xx.2024-cü il tarixində isə elektrik sayğacını gətirib quraşdırmışlar. Sayğac quraşdırılandan bir neçə gün sonra məlum olmuşdur ki, onlar həmin vaxtı heç bir yaşayış olmayan evə görə akt yazaraq onu 802 manat cərimə etmişlər. Buna görə Masallı elektrik şəbəkəsinə gedərək orada yaşayış olmadığını və heç bir kənar xətt olmadığını bildirsə də, ona 005761 nömrəli aktın surətini təqdim edərək cəriməni ödəməyini tələb etmişlər. Halbuki evə baxış keçirənlər hər hansı kənar xətt və ya akt barədə heç bir söz deməmişlər. Orada heç bir akt da yazılmamışdır. Ümumiyyətlə o heç vaxt kənar xətdən istifadə etməmişdir. Akt əsassız olduğundan cərimə silinməlidir. İddiaçının tələbi: Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 005761 saylı akt əsasında hesablanmış 802 manat həcmində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 005761 saylı akt əsassız və qanunsuz tərtib edilmişdir. Onun tərəfindən əlavə xətdən istifadə edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Lakin ərizə təqdim edərək işə nümayəndənin iştirakı olmadan baxılıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli 005761 saylı aktın surətindən görünür ki, abonentin fərdi evinə baxış keçirilən zaman məlum olmuşdur ki, abonent elektrik enerjisindən sayğacsız, qeydiyyatsız istifadə edir. Akt İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsi, ev 0463, mənzil 5761-də yaşayan abonent kodu **********35761 olan İddiaçı 802 manat Etais borcu hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarından göründüyü kimi iddiaçı tərəf "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli 005761 saylı akt əsasında 802 manat cərimə hesablamışlar və bunu qanunsuz qoşulmanın aşkar edilməsi ilə əsaslandırmışlar. Lakin məhkəmə iclasında iddiaçı hər hansı bir qanunsuz qoşulmanın olmadığını, evin tikintisinin tam başa çatmadığını və hazırda orada yaşayış olmadığını, bu səbəbdən aktın əsassız tərtib edildiyini iddia etmişdir. Həmçinin istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması inzibati orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməmiş, akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. İddiaçının sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamış, həmçinin cavabdeh tərəfindən qanunsuz qoyulmaya dair hər hansı video görüntü və digər mötəbər sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli 005761 saylı akt əsasında hesablanmış 802 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar