Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2584/2023 25.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimə məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022ci il tarixli, 280630 saylı akta əsasən yazılmış 778 manat cərimənin azaldılaraq, bir gecə ərzində istifadə edə biləcəyi ədalətli məbləğdə, ən çoxu 10 manat həcmində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Qəzvinoba kəndində yaşayır. Evlərində də elektron kart sayğacı quraşdırılmışdır. Həmişə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2022-ci ildə evlərində qəfildən işıqlar sönmüşdür. Lakin qonşularda işıq olduğunu gördükdə bu barədə nəzarətçiyə zəng etmişdir. O, da elektrik ilə birlikdə gəlib baxacağını desə də, axşama qədər gəlməmişdir. O, yenidən ona zəng etmiş, o, elektrikin kənddə olmadığını bildirərək, onun bu problemi düzəldə bilməyəcəyini və yalnız sabah gələcəklərini bildirmişdir. Həmin gecəni qaranlıqda qalmamaq üçün evin xəttini sayğacın giriş xəttinə bağlamışdır. Bu barədə nəzarətçiyə də məlumat vermişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə tanımadığı 2 şəxs həyətə daxil olaraq düz həmin xəttin yanına gəlmişlər və kənar xətt çəkdiyini bildirərək, onu 778 manat cərimə etmişlər. Onlara bunu axşam qoşduğunu, əməkdaşlarının da bundan məlumatı olduğunu desə də, heç bir nəticəsi olmamışdır. Sayğaca indiyədək heç vaxt müdaxilə etməmişdir. Sadəcə sayğacın xarab olması səbəbindən gecəni işıqsız qalmamaq üçün həmin xətdən istifadə etmişdir. Dekabr ayının göstəricilərinə əsasən onun elektrik sərfiyyatı 51 manat olmuşdur. Əgər həqiqətən də uzun müddət kənar xətt vasitəsi ilə istifadə etsəydi, bu qədər sərfiyyat da olmazdı. Ona görə də bu məbləğin azaldılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 16 dekabr 2022-ci il tarixli, 280630 saylı aktda göstərilir ki, Masallı rayonu, Qəzvinoba kəndində yaşayan abonent kodu **********00107 olan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq abonentin fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı məlum oldu ki, abonent sayğacdan kənar xətt vasitəsi ilə istifadə edir. Hesabatdan görünür ki, 16 dekabr 2022-ci il tarixli, 280630 saylı akta əsasən 30 gün üçün 778.74 manat əlavə sərfiyyat hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, 16 dekabr 2022-ci il tarixli, 280630 saylı akt yazılmamışdan əvvəl istehlakçı İddiaçı verilən elektrik sərfiyyatını qeydə alan sayğacın göstəriciləri xx.xx.2022-ci il tarixdə götürülmüş, mübahisələndirilən akt yazılan aydan əvvəlki ay abonentin sərfiyyatının məbləği 32.08 manat, akt yazılandan sonrakı ay sərfiyyatın məbləği 50.48 manat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, 16 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Qəzvinoba kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman müəyyən olunmuşdur ki, abonent sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edir, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 778.74 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı da sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsini etiraf edir. Lakin o, akta əsasən hesablanmış borcun azaldılmasını tələb edir. Tərəflər arasında mühabisə elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi müddətinin 30 gün olub-olmamasıdır (əlavə sərfiyyatın düzgün hesablanıbhesablanmaması). Məhkəmə bununla bağlı bildirir ki, abunə haqqında məlumatdan görünür ki, 16 dekabr 2022-ci il tarixli, 280630 saylı akt yazılmamışdan əvvəl istehlakçı İddiaçı verilən elektrik sərfiyyatını qeydə alan sayğacın göstəricisi xx.xx.2022-ci il tarixdə götürülmüş, həmin vaxt hər hansı kənar qoşulma müəyyən edilməmiş (əgər qoşulma olsaydı hazırki vəziyyətdə olduğu kimi akt yazılardı), mübahisələndirilən akt yazılan aydan əvvəlki ay abonentin sərfiyyatının məbləği 32.08 manat, akt yazılandan sonrakı ay sərfiyyatın məbləği 50.48 manat olmuşdur. Cavabdeh tərəfindən elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə edilməsi müddətinin 30 gün olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə bir vəziyyətdə kənar xətt vasitəsi ilə istifadə edilmiş sərfiyyatın dəyəri 50.48 manat nəzərə alınmaqla mübahisələndirilən akt yazılmamışdan əvvəl sayğaca sonuncu baxışdan xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan, 14 gün üçün hesabat aparılmalıdır (50.48:32x14=22.09 manat). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 280630 saylı akta əsasən hesablanmış 778 manat borcdan 756.65 manat hissəsi silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 280630 saylı akta əsasən hesablanmış 778 manat borcdan 756.65 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2584/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2584/2023
25.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver