Məhkəmə qərarları › İş №2(050)-2604/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2604/2024

17.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2604/2024 17.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı adına tərtib olunmuş 30 may 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 3456 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, yaşadığı Masallı rayonu, Bədəlan kəndində yerləşən evlərinə qaz xətti çəkilməklə müvafiq sayğac quraşdırılmışdır. İstifadə etdikləri qaz sərfiyyatının dəyərini hər ay qaz nəzarətçisinin verdiyi bildirişə uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı küçə tərəfdə quraşdırılmışdır. 2018-ci ilin may ayının 10-da həmin qaz sayğacının naməlum şəxs tərəfindən qırılmasını müşahidə etmiş, bu barədə aidiyyəti qurumlara müraciət etmişdir. Həmin ilin iyun ayının 5-də Qaz İstismar İdarəsinin əməkdaşları gəlib qaz sayğacını dəyişmişlər. Hətta sayğacın dəyişdirilməsi ilə bağlı 92.20 manat ona pul ödətdirmişlər. Sonradan isə məlum olmuşdur ki, sayğacın plombunun çıxarılması ilə bağlı may ayının 30-da ******* saylı akt tərtib edilmiş və həmin akt əsasında 31 may 2018-ci il tarixdə 3456 kub metr qaz sərfiyyatına görə borc hesablanmışdır. Halbuki o, ailəsi ilə birlikdə 2017-ci ilin sentyabr ayından 2018-ci ilin mart ayının sonuna kimi Rusiya Federasiyasında olmuşdur. Belə vəziyyətdə qazdan istifadə etmədikləri halda, necə qaz sərfiyyatı hesablana bilərdi? Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Energetika Nazirliyinə şikayət etmiş və şikayətləri əsasında araşdırma aparılmışdır. Energetika Nazirliyinin Enerji X1 Lənkəran Şəhər Regional Bölməsinin 07 noyabr 2018-ci il tarixli məktubunda mənə münasibətdə qaz paylayıcı olan Lənkəran RQİİ tərəfindən X2 3.1.5, 4.7, 4.8, 4.9, 5.2, 6.2, 1.3 bəndlərinin və 1 saylı əlavəsinin tələblərinin pozulmasının müəyyən edilməsi, qeyri-qanuni hesablanmış məbləğin ləğv edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi barədə Lənkəran RQİİyə xx.xx.2018-ci il tarixli göstəriş təqdim edilməsi göstərilmişdir. Bundan sonra ona gələn bildirişlərdə, eləcə də saldoda yuxarıda göstərilən akt əsasında hesablanmış borcla bağlı məlumatlar əksini tapmadığından problemin həll edildiyini düşünmüşlər. Lakin Lənkəran RQİİ-nin 16 iyul 2024-cü il tarixli məktubundan görünür ki, 730.80 manat borcları vardır və həmin borc ödənilməzsə evinə qaz verilməsi dayandırılacaqdır. Araşdırma zamanı həmin borcun 691.20 manatının 2018-ci ildə mübahisəli akt əsasında hesablanmış borc olması məlum olmuşdur. Halbuki həmin borc şikayətləri əsasında ləğv edilmişdir. Qeyd olunan borcun yenidən hesablanması isə qanunsuz olmaqla istehlakçı kimi hüquqlarının kobud pozuntusudur. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 05 iyun 2018-ci il tarixli tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, abonentə yeni qaz sayğacı təhvil verilmişdir. 30 may 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın zavod plombunun çıxarılması əsası ilə itirilmiş qazın bərpası tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. 31 may 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30 may 2018-ci il tarixli, ******* saylı akta əsasən 3456 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçı aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Masallı RİHB-nin Bədəlan kənd İƏDÜN-ün 07 noyabr 2018-ci il tarixli, 700 saylı arayışından görünür ki, həqiqətən Masallı rayon, Bədəlan kənd sakini İddiaçı 2017-ci ilin sentyabr ayından 2018-ci ilin mart ayının sonuna kimi ailəvi olaraq Rusiya Federasiyasında övladlarının yanında yaşamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, sayğacın zavod plombunun çıxarılması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 31 may 2018-ci il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X4 İdarəsinin İddiaçı adına tərtib etdiyi 30 may 2018-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 3456 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar