Məhkəmə qərarları › İş №2(050)-2624/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2624/2024

10.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2624/2024 10.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə verilmiş qaz sərfiyyatına görə hesablanmış 922.70 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayır. Evi təbii qazla təchiz olunmuş və hər ay ödəniş etmişdir, evində bir iran qızdırıcı sobası və bir də adi soba vardır. Cavabdeh İB ilə müqavilə bağlamış və istifadə etdiyi qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Sayğac həyətdən kənarda yerləşir və hər ay qaz idarəsinin əməkdaşları gələrək sayğaca ayda iki dəfə baxış keçirirlər. Sayğacın qorunmasına və onun işlək vəziyyətdə qalmasına həmin idarənin əməkdaşları cavabdehdir. 2023-cü ilin sonlarında sayğacın içərisinə ona məlum olmayan səbəbdən yağış suları dolmuş və bununla bağlı qaz idarəsinin əməkdaşına məlumat vermişdir. Həmin suyun dolması ilə bağlı sayğacın videosunu da çəkmişdir. Buna baxmayaraq 2024cü ilin fevral ayından etibarən ona debitor borc olaraq əvvəlcə fevral ayında 490.20 manat, mart ayında isə 177.25 manat, hazırkı vaxta cəmi 922.70 manat borc hesablanmışdır. Hesab edir ki, həmin borc əsassızdır və o, həmin məbləğdə sərfiyyat edə bilməz. Belə ki, onun evində olan istilik sobasının fevral ayında 490 manat sərfiyyatı mümkün deyildir. Heç kombi sistemindən istifadə olunan evlərdə 490 manat sərfiyyat olmur, qaldı ki, qaz sobası aydan 490 manat pul sərfiyyatı olsun. Saldodan görünür ki, onun aylıq ödənişi payız və qış fəslində yəni oktyabr, noyabr, dekabr aylarında 40, 49, 28 manat olmuşdur. Reallıqdada onun evində olan cihazlar ayda 50 manatdan artıq pul sərf edə bilməz. Lakin, qaz idarəsi əsassız olaraq ona 922.70 manat borc hesablanmışdır. Qaz idarəsinin əməkdaşları həmin sayğacı şikayətinə baxmayaraq dəyişməmiş və onun qazını da kəsmişlər. Əgər həqiqətən sayğacda qüsur varsa onu dəyişərək qüsur barədə akt tərtib olunardı. Lakin, cavabdeh təşkilat heç bir qanuni əsas olmadan ona 922.70 manat borc hesablamışlar. Həmçinin, iyun ayına olan borc 707.70 manat, xx.xx.2024-cü il tarixə olan borc isə 922.70 qəpikdir, belə çıxır ki, yay mövsümündə onun evində 215 manat bir aya sərfiyyat olmuşdur. Buda özlüyündə hesablanmış borcun real olmadığını, əsassız olduğunu və heç bir əsası olmadan hesablanmasını göstərir. Əgər qaz idarəsinin hər hansı əsası varsa məhkəməyə təqdim edər, lakin belə bir əsasın olması mümkün deyildir. O, istixana işlətmir ki, bir aya 200 manat qaz pulu hesablansın, kasıb insandır və bir soba ilə çətinliklə qızınır, aylıqdan pulu ödəyir. Lakin qaz idarəsinin əməkdaşları qanunsuzluq edərək onun qazını kəsmişlər. Ümumiyyətlə dəymiş ziyanın mövcud olmasını və onun tərəfindən vurulmasını sübut etmək qaz idarəsinin vəzifəsidir, lakin onların belə sübutu yoxdur və sadəcə əsassız borc hesablanmışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh nümayəndəsi X1 iddia ərizəsinə etiraz ünvanlayaraq etirazda göstərmişdir ki, İddiaçı Cavabdeh əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Masallı rayon məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı Bağırov X2 rayonu,Ərkivan qəsəbəsi ünvanında yaşamaqla X4 İstismar İdarəsinin Masallı Xidmət Sahəsində saylı **********00060 kodla abonent qeydiyyatındadır. Abonent İddiaçı oğlunun mənzilinə xx.xx.2023-cü il tarixli 05355383 nömrəli aktla göstəricisi sıfır olmaqla **********8 nömrəli G4T markalı mexaniki qaz sayğacı quraşdırılmışdır. Sözügedən sayğac quraşdırılarkən abonentin təbii qazdan istifadəyə görə debitor borcu olmamışdır. Abonent müvafiq olaraq sayğac vasitəsilə təbii qazdan istifadə etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi 2024-cü ilin fevral ayına onun mənzilində quraşdırılmış sayğacın göstəricisi oxunan zaman sayğacın üzərində 4085 m 3 göstərici olmuş, bununda ümumi məbləği 790.45 manat olmuş (taarif şurası tərəfindən müəyyən olunmuş limitlə), xx.xx.2024-cü il tarixdə isə sayğacın göstəricisi oxunan zaman sayğacın üzərində 709 m 3 göstərici olmuş, bununda ümumi məbləği 177.25 manat olmuşdur.(abonent saldosu əlavə olunur) İddiaçı abonent hesabına sərfiyyat kimi daxil edilmiş göstəricilər **********8 nömrəli qaz sayğacının üzərində olan göstərici olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi debitor borc onun sayğac göstəricisinə əsasən hesabat aparılmaqla yaranmışdır. İddiaçı barəsində itirilmiş qazın bərpası ilə bağlı hər hansı akt tərtib edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. İddiaçı Cavabdehnə qarşı 704.89 manat borcun silinməsinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun evində əvvəlcə smart tipli sayğac olmuşdur. Həmin sayğacın batareyası bitdiyindən idarəyə müraciət etmişdir. İdarədən ona bildirmişlər ki, onun borcu olmadığına görə onun üçan təzə smart sayğacı quraşdırmaq olmaz. Əvəzində ona müvəqqəti istifadə etməsi üçün təmirdən qayıtmış sayğac quraşdırılmışdır. Bildirmişlər ki, bir neçə gündən sonra təzə smart sayğaclar gələcək və o, sayğacdan sənin üçün quraşdırılacaqdır. Lakin, sayğac gəlib çıxmadığından, ona verilmiş təmir edilmiş sayğac verilmişdir. Həmin sayğac isə düzgün işləməmiş içərisinə yağış suları daxil olmuş və sayğac əsassız borc hesablanmışdır. İki ay içində o qədər qaz işlədilməsi mümkün deyil. Onun evində bir ədəd qızıdırıcıdan və evdə işlətmək üçün 4 piltə qazdan istifadə olunur. İki ədəd işlədiciyə görə bu qədər borcun yaranması qeyri-mümkündür. Sayğac düzgün işləməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçının fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən onun borcu olmamışdır. Hesab edir ki, sayğac düzgün işləmişdir. Fevral ayında yazılmış 490.20 mant borc ola bilər ki, üç ayın borcu birdəfəlik göstərilmişdir. Növbəti mart ayında isə 177.25 manat borc həmin dövr üçün normal göstəricidir. Növbəti aylarda isə hər ay üçün mövsümə uyğun olan göstəricilər normal vəziyyətdə olmuşdur. Hər bir abonent istifadə etdiyi təbii qazın dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 08 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavab İddiaçı xx.xx.2024-cü il tarixə 922.70 manat debitor borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan abonentin saldosundan məlum olur ki, İddiaçı istehlak etdiyi təbii qaza görə 06/2024-cü il tarixə 922.70 manat debitor borcu yaranmışdır. Bundan 02/2024-cü il tarixə 490.20 manat, 03/2024-cü il tarixə 177.25 manat, 14/2024-cü il tarixə 29.50 manat, 05/2024-cü il tarixə 10.75 manat sərfiyyat hesablanmışdır. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, növbədənkənar Dövlət yoxlamasına görə İddiaçı adına olan Zenner G-4 markalı, **********8 nömrəli, **********00060 abonent kodu olan sayğac açılmış və yenisi ilə əvəz olunmuşdur. Aktda sayğaca müdaxilə olunması ilə bağlı qeyd yoxdur. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, videogörüntüdən məlum olur ki, İddiaçı fərdi yaşyaış evinə quraşdırılmış Zenner markalı **********8 nömrəli sayğacın daxilinə su dolmuş və həmin su sayğacın göstəricisi olan hissəsinin yarısınaqədər qalxmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiy qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, abonentə aid evə verilən təbii qazın sərfiyyatını qeydə almaq üçün xx.xx.2023-cü ildə sayğac quraşdırılmış, abonentin saldosunda onun sayğac göstəricisinə əsasən borcu xx.xx.2024-cü il tarixə 922.70 manat hesablanmışdır. Bundan 02/2024-cü il tarixə 490.20 manat, 03/2024-cü il tarixə 177.25 manat, 14/2024-cü il tarixə 29.50 manat, 05/2024-cü il tarixə 10.75 manat, cəmi 707.70 manat sərfiyyat hesablanmışdır. Qeyd edilən borclar mövsümə uyğun deyil, həmçinin evdə su qızdırıcı və sobadan ibarət iki yerdə təbii qazdan istifadə olunur. Həmin işlədicilər qeyd edilən qədər sərfiyyat sərf edə bilməz. Həmçinin qeyd edilməlidir ki, 2024-cü ilin fevral-mart ayları qış ayları olmaqla, həmin aylarda qaz sərfiyyatının yay ayları ilə müqayisədə çox olması ehtimal edilir, lakin həmin aylar arasında kəskin şəkildə qaz sərfiyatına görə borclar arasında fərqlərin olması onu göstərir ki, sayğac işləmə mexanizimində ciddi problemlər olmuşdur. Eyni zamanda təqdim edilmiş videoçəkilişdən görünür ki, sayğacın daxilinə su kütləsi yığılmışdır. Belə olan halda sayğacın qeyd edilən vəziyyətdə qaz sərfiyyatına görə hesablama mexanizminin göstəricilərinin həqiqəti əks etdirməsinə ciddi şübhələr yaranır. Cavabdeh borcun hansı əsasla hesablanması barədə məhkəməyə sübut təqdim etməmişdir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı aid abonentin saldosuna hesablanmış 707.70 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı aid abonentin saldosuna hesablanmış 707.70 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar