Məhkəmə qərarları › İş №2(050)-2662/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2662/2024

29.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2662/2024 29.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2022-ci tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 35040 m3 qaz sərfiyyatı və həmin sərfıyyata görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək 30 dekabr 2022-ci tarixli, ******* saylı akt əsasında 35040 m3 itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmiş işin halları: Masallı rayonu, Ərkivan qəsəbəsində ona və ailəsinə məxsus fərdi yaşayış evi vardır. Qeydiyyatda olduğu ev təbii X7na uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, (sayğac mərhum atası Qeys Sadıqovun adınadır) o da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. “Azəriqaz" İB Lənkəran X11 idarəsinin əməkdaşları 30 dekabr 2022-ci il tarixdə yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Baxış zamanı ona bildirmişlər ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulma aşkar etdiklərinə görə akt yazılacaqdır. Həmin vaxt qaz xəttlərinin köhnə olması ilə əlaqədar həyətində qaz xəttlərini dəyişdirmişlər və bunu Cavabdeh İB Lənkəran X11 İdarəsinin əməkdaşları bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30 dekabr 2022-ci il tarixli akt tərtib edilmişdir. Halbuki, həmin akt sonradan onun iştirakı olmadan qanunsuz olaraq tərtib edilmişdir. 30 dekabr 2022-ci il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 35040 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, 35040 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, 30 dekabr 2022-ci il tarixli aktda qeyd kimi yazılmış “sayğacdan kənar qeyri-qanuni birləşmə” həqiqəti əks etdirmir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh İB-nin səlahiyyətli nümayəndəsi X8 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbini əsassızdır və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı Sadıqov X9 rayonu, Ərkivan kəndi ünvanında yaşamaqla Lənkəran X11 İdarəsinin Masallı Xidmət Sahəsində (X15) **********01000 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran X11 İdarəsinin Masallı Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 1i ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii X7na riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X7”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Təbii X7nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmış və şəkilləri çəkilmişdir. Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X7nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq xx.xx.2022-ci il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 35040 m3 olmaqla İddiaçı abonent hesabına 4204 manat 80 qəpik pul hesablanmışdır. İddiaçı sayğacdan kənar küçə qaz xəttinə quraşdırılmış dirəyin icərisindən qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş edir. Tərəflərin mövqeyi: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini, Cavabdeh nümayəndəsi X2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, abonentə yeni qaz sayğacı təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 35040 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçı aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Doğum şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. X1r. Tətbiq edilən hüquq: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7”nın Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.7 və 4.8-ci bəndlərinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaydalar”ın 4.2 və 4.9-cu bəndlərinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X7 ilə tənzimlənir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Adıçəkilən Qanuna yeni edilmiş dəyişiklikləyə görə isə aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilərsə qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarından göründüyü kimi iddiaçı tərəf “Azəriqaz" İB Lənkəran X11 idarəsinin əməkdaşları tərəfindən 30 dekabr 2022-ci tarixli, ******* saylı akt əsasında 35040 kub metr itirilmiş qaz sərfiyyatına görə cərimə hesablamışlar və bunu qanunsuz qoşulmanın aşkar edilməsi ilə əsaslandırmışlar. Lakin məhkəmə iclasında iddiaçı hər hansı bir qanunsuz qoşulmanın olmadığını aktın əsassız tərtib edildiyini iddia etmişdir. Həmçinin istehlakçının qazın talanmasında təqsirli olması qanunvericiliklə müəyyən edilmiş qaydada (inzibati orqanların və ya məhkəmənin qərarı ilə) müəyyən edilməmiş, akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının sayğacdan kənar qazdan istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar qazdan istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamışdır. Bunda əlavə məhkəmə qeyd edir ki, 30 dekabr 2022-ci tarixli, ******* saylı akt X4 adına tərtib edilmiş və o, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Hazırda iddia ərizəsi ilə məhkəməyə onun oğlu İddiaçı müraciət etmişdir. Məhkəmə hesab edir ki, istehlakçı kimi hüquqlarının mühafizəsi üçün İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan dəlillərlə iddia tələbi sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh Lənkəran X11 İdarəsinin X4 adına tərtib etdiyi 30 dekabr 2022-ci tarixli, ******* saylı akt üzrə 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X11 İdarəsinin X4 adına tərtib etdiyi 30 dekabr 2022-ci tarixli, ******* saylı akt üzrə 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar