Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2683/2024 01.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı adına tərtib olunmuş 30 noyabr 2020-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 2160 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini vaxtı-vaxtında edir. Qeyd edir ki, Cavabdeh İB Lənkəran X2 İdarəsinin əməkdaşları yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmiş və sayğacı yenisi ilə əvəz etmişlər. Lakin sonradan ona məlum olmuşdur ki, sayğac dəyişdirildikdən sonra cərimə olunmuşdur. O, bununla bağlı Masallı regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş və ona akt, tələbnamə və abonent haqqında saldo verilmişdir. Həmin 30 noyabr 2020-ci il tarixli, ******* saylı akta əsasən guya sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var və həmin akt əsasında xx.xx.2020-ci il tarixdə dəymiş ziyanla bağlı tələbnamə (qərar) qəbul edilmiş və itirilmiş qazın bərpası kimi 2160 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda aşağıdakı əsaslara görə hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 2160 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, həmin akt sonradan onun iştirakı olmadan qanunsuz olaraq tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli aktda qeyd olunan qüsur onun günahı ucbatından baş verməmişdir, nədə ki sayğaca cavabdeh şəxs o deyildir. Həmçinin o, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Qaz idarəsi guya sayğaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edildiyini qeyd edir. Lakin qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) hər ay qaz sayğacına baxaraq işlətmiş olduğu qazın bildirişini vermişlər və bildiriş əsasında da qazın pulunu dövlət büdcəsinə ödəmişdir. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayğaca baxarkən orada hər hansı bir müdaxiləni və ya problemin olduğunu görmədiyi halda nə səbəbdən onun sayğaca müdaxilə etdiyini və artıq qaz sərfiyyatı etdiyini qeyd etmişlər. Əgər sayğaca müdaxilə olmuşdursa sahə nəzarətçisi bunları dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Ona görə də hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə göndərərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsinin və iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 30 noyabr 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması əsası ilə itirilmiş qazın bərpası tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. 30 noyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30 noyabr 2020-ci il tarixli, ******* saylı akta əsasən 2160 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlar sayğacın İddiaçı iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və İddiaçı təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yararsız olması əsası ilə itirilmiş qazın bərpası anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 30 noyabr 2020-ci il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki tələbə əsasən Mülki Məcəllənin 373.3-cü maddəsi üzrə müddətin tətbiqi əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X2 İdarəsinin İddiaçı adına tərtib etdiyi 30 noyabr 2020-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 2160 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2683/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2683/2024
01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver