Məhkəmə qərarları › İş №2(050)-271/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-271/2024

26.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-271/2024 26.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən adına tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 8640 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Seybətin küçəsində ona məxsus fərdi yaşayış evi təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O, tarif planna uyğun olaraq vaxtaşırı ödənişləri edir. Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Masallı xidmət sahəsinin işçiləri qeyd edilən ünvanda yerləşən evin qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və guya evin qaz sayğacının hesablama mexanizminin plasmas qapağının yan hissəsi deşik olduğuna görə ******* saylı akt tərtib etmişlər. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun, “Qazdan istifadə qaydaları”nın tələblərinə əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və onun əsasında hesablanmış 8640 m3 qaz, yəni 1036,80 manat cərimə məbləğinin ondan tələb edilməsi qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 15 dekabr 2022-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac sərfiyyatı qeydə almır, sayğacın çıxış borusu deşilib, yaşıl plombu qırılıb. 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, qaz sayğacı yoxlanmışdır. İtirilmiş qazın bərpası tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30 dekabr 2022-ci il tarixli, ******* saylı akta əsasən 8640 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər və 2022-ci il üçün 1036,80 manat borc göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz 6 edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 30 dekabr 2022-ci il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X2 İdarəsinin İddiaçı adına tərtib etdiyi 30 dekabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 8640 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış 1036,80 manat borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar