Məhkəmə qərarları › İş №2(050)-271/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-271/2025

10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-271/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun azaldılması” tələbinə dair iddiası üzrə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “borcun azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz” İstehsalat Birliyinin tərəfindən tərtib olunmuş 13 fevral 2024-cü il tarixli, ******* nömrəli akta və tələbnamayə əsasən 12960 kub/metr ziyana görə hesablanmış borcun azaldılması və 300 manat saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Masallı rayonu, Şərəfə kəndində yaşayır, həmin kənddə özünə məxsus fərdi yaşayış evi vardır və ev təbii qazla təchiz olunmuşdur. Aylıq ödənişləri vaxtında ödəmiş, lakin 2024-cü ilin yanvar ayında xəttlərdə problem olduğu üçün sayğacdan kənar xətt çəkmiş və əlavə qazdan istifadə etmişdir. Cəmi 1 ay müddətində əlavə xəttdən istifadə etmişdir. 13 fevral 2024-cü il tarixdə X2 əməkdaşları tərəfindən kənar xətt aşkar olunmuş və bu barədə ******* saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən 13 fevral 2024-cü il tarixli tələbnaməyə əsasən dəymiş ziyan 12960 kub/metr hesablanmışdır. O, həmin ziyanla razı deyil və əsasız olduğunu hesab edir. Belə ki, ona məxsus fərdi yaşayış evində qaz sayğacı smart kart vasitəsi ilə işləmiş və son dövrün ödənişlərinə baxılsa 2023-cü ilin noyabr ayında 20 manat, dekabr ayında 40 manat, 2024-cü ilin yanvar ayında 52 manat ödəniş etmişdir. Yay mövsümündə ödənişlər isə daha az olmuşdur. Kənar xətt 2024-cü ilin fevral ayında aşkar olunmuşdur. Belə hesablama aparılsa, təbii qaz qış mövsümündə istifadə olunmuş, geri ayları götürəndə qış mövsümü 21 dekabr 2024-cü il tarixdən başlamış, qış qazının verilişi isə 15 noyabrdan başlanmışdır. Borc 15 noyabr 2023-cü il tarixdən hesablana bilərdi, halbuki o, cəmi 1 ay müddətində kənar xəttdən istifadə etmiş, 1 ay üçün bu qədər ziyan hesablanması isə qanunsuzdur. Borc 3 ay ərzində hesablanmış olsa belə 1300 manat dəyərində təbii qazın istifadə olunması mümkün deyildir. Onun fərdi yaşayış evində zavod və ya fabrik aşkar olunmamışdır, gündəlik ev qızdırıcıları aşkar olunmuşdur ki, ay ərzində maksimum 100 manat məbləğində sərfiyyat yazıla bilər, 3 ay müddətinə belə hesablamaqla sərfiyyat 300 manatdan çox ola bilməzdir. Demək olar ki, yay, yaz və payız mövsümlərində istilik üçün qazdan istifadə olunmur və ayda 5-10 manat məbləğində pul hesablanır. Qış fəsli isə cəmi 3 aydan ibarətdir və kənar xətt fevral ayında aşkar olunmuş, bu müddət toplam heç 3 ay edə bilməzdir. Belə olan halda X1suz və düzgün olmadan yalnış məbləğlərdə ziyan hesablamışdır. Lakin qaz idarəsinin əməkdaşları əsassız olaraq və qanunsuz olaraq ona 12960 kub/metr qaz itkisi hesablamışdır. Dəymiş ziyan olsa belə ədalətli və ağlabatan məbləğdə hesablanmalıdır. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları:

3. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, 23 yanvar 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyinə görə işə onun iştirakı olmadan baxılaraq qərar çıxarılmasını xahiş etmişdir.

4. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi İddiaçı barəsində inzibati tənbeh vermə haqqında qərarın surətini məhkəməyə göndərmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 13 fevral 2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent sayğacdan kənar rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Kənar xəttin ləğv olunması, dəymiş ziyanın hesablanmasını tələb olunmuşdur.

9. İddiaçı adına verilmiş **********01150 nömrəli abonentin saldosundan görünür ki, ünvan 1 fərdi yaşayış evində 05 dekabr 2023-cü il tarixdə “ZENNER G4T SMART” markalı, **********424 nömrəli sayğac quraşdırılmışdır. Abonentə sayğacdan kənar qoşulma üçün 12960 kub/metrə görə 1555,20 manat borc hesablanmışdır.

10. İddiaçı adına olan “ZENNER SMART” sayğaca olan ödəniş cədvəlinin surətindən görünür ki, 05 dekabr 2022-ci il tarixdən 27 yanvar 2024-cü il tarixədək cəmi 188 manat ödənişlər olunmuşdur.

11. Dəymiş ziyanın bərpasına dair 13 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz işlədicilərindən QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Kombinin maksimal saatlıq qaz sərfi 3 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 1.5x12x360=6480 m3 və 3x12x180=6480 m3.

12. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının MN seriyalı ******* nömrəli 07 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, Masallı rayonu, Şərəfə kəndindəki fərdi evində qaz paylayıcı şəbəkəyə qoşulmaqla təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 13 fevral 2024-cü il tarixli akta əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı abonentin **********424 nömrəli sayğacdan kənar rezin boru vasitəsi ilə təbii qazdan qeyriqanuni istifadə etdiyi müəyyən edilmişdir. İddiaçıya 12960 kub/metrə görə 1555,20 manat məbləğində dəymiş ziyan borcu hesablanmışdır. Hesabat müddəti ümumi 540 gün qəbul edilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş 13 fevral 2024-cü il tarixli, ******* nömrəli akta və tələbnamayə əsasən hesablanmış 12960 kub/metr ziyana görə hesablanmış borcun azaldılmasını xahiş edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

15. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı Əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən:

İstehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi (sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə) aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabət qanunsuz istifadə olunmuşqazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Müxtəli diametli qaz kəmərlərində qaz sərfinin hesblanması 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ iddiaçının abonent hesabına cərimə borcu olaraq əlavə edilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh təşkilat iddaçının hesabına sayğacdan kənar qanunsuz qoşulma halının mövcud olmasına görə hesabat apararkən orta günlük iş rejimini 12 saat müəyyən etməklə yalnışlığa yol vermişdir. Halbuki, Qaydaların 6.5-3-cü bəndindən görünür ki, məişət abonentlərinə münasibətdə hesabat sutkanın 12 saatı nəzərə alınmaqla aparılmalı idi. Bundan başqa cavabdeh təşkilat hesabat müddətini 180 gün (6 ay) və 360 (12 ay) qəbul edilməklə cəriməni hesablamışdır. Halbuki bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Tərtib olunmuş ******* saylı aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar olunması 13 fevral 2024-cü il tarixə təsadüf edir. Qaydaların 3.1.10-cu bəndinə əsasən istehlakçının yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməsi cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulmuşdur. Məhkəmə qeyd edir ki, bu hal istehlakçının hüquqlarının pozulmasına səbəb olan hal kimi çıxış edə bilməz. İstehlakçı tərəfindən yaşayış sahəsindən kənarda qaz sayğacına qanunsuz qoşulma olduğu üçün məhkəmə hesabat müddətinin 180 gün (6 ay) və 360 (12 ay) gün qəbul edilməsini əsassız sayır və bildirir ki, iddiaçıya cərimə borcu 90 (3 ay) gün hesabat müddəti nəzərə alınmaqla hesablanmalıdır.

22. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı Əlavəsinə əsasən müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, akta və tələbnaməyə əsasən dəymiş ziyana görə hesabat aparılaraq 4x12x90=4320m3 sərf olunmuş qaz üçün borc hesablanmalıdır. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdeh tərəfindən hesablanmış ziyan 12960 kub metrdən 4320 kub metrə qədər azaldılmalı və ona hesablanmış 1555,20 manat məbləğində cərimə azaldılaraq üzərində 518,40 manat cərimə saxlanılmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1555,20 manat məbləğində cərimə 1036,80 manat məbləğində azaldılaraq iddiaçının üzərində 518,40 manat cərimə saxlanılmalıdır.

Məhkəmə xərcləri:

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

25. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, 13 fevral 2024-cü il tarixli ******* saylı akt əsasında **********01150 abonent kodu üzrə İddiaçı hesablanmış 1555,20 manat məbləğində borcun 1036,80 manatı silinməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir.

26. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş 13 fevral 2024-cü il tarixli ******* saylı akt əsasında **********01150 abonent kodu üzrə İddiaçı hesablanmış 1555,20 manat məbləğində cərimənin 1036,80 manat hissəsi silinərək üzərində 518,40 manat cərimə saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar