Məhkəmə qərarları › İş №2(050)-2736/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2736/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2736/2023 11.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədirliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquq şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquq şəxs) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquq şəxsə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı ildə tərtib edilmiş ******* saylı əmək kitabçasının və xx.xx.2022-ci il tarixli aktın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi işin aidiyyət məsələsi ilə bağlı bildirdi ki, mülki işə ümumi məhkəmədə baxılmalıdır. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 işin aidiyyət məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, doldurulduğu tarix kimi xx.xx.1996-cı qeyd edilmiş ******* saylı əmək kitabçasının üz hissələrindən görünür ki, əmək kitabçasının üz hissəsində bir yerdə rus dilində “X6”, digərində isə “Ərizəçi” qeyd edilmiş, doğum tarixləri və işçinin vəzifələri eynidir. İşçinin əmək faliyyətləri ilə bağlı əmək kitabçasında qeydiyyat aparılmışdır. 31 oktyabr 2022-ci il tarixli aktda göstərilir ki, Ərizəçi əmək kitabçasının surətində göstərilmiş xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “1 May” və xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cu il tarixədək “Hüseynhacılı” sovxozlarında işləməsi Masallı Rayon Dövlət Arxivində saxlanılan sənədlərə əsasən araşdırıldı. Araşdırma zamanı Masallı Rayon Dövlət Arxivində saxlanılan “1 May” adına sovxozun əmrlər və əmək haqqında uçotu kitablarına, əmək haqqı cədvəllərinə baxış keçirilərkən xx.xx.1978-ci il tarixdə 193 saylı əmrlə (1978-ci ilin əmrlər kitabı rus dilində tərtib edilib) X2 (xx.xx.1978-ci il tarixli 193 saylı əmrdə vətəndaşın adı, familiyası və ata adı X1 qeyd edilmişdir.) xx.xx.1978-ci il tarixdən sovxozun 4 №-li briqadasına fəhlə qəbul edilməsi və xx.xx.1989-cu il tarixdə 211 saylı əmrlə Ərizəçi yeni yaradılmış “Hüseynhacılı” sovxozuna keçirilməsi (4№-li briqada, sıra 16), 1978-ci il X-Xİİ (xx.xx.1978-ci ildən əmək haqqlarının uçotu kitabında vətəndaşın adı Şəhla göstərilib. səh 1382), 1979-cu ilin İ-Xİİ (səh 186), 1980-cı ilin İ-Xİİ (səh 156), 1981-ci ilin İ-Xİİ (səh 165), 1982-ci ilin İ-Xİİ (səh 160), 1983-cü ilin İ-Vİİİ (səh 196), 1984-cü ilin İ-Vİİİ (səh 176) (xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək bülleten pulu alması qeyd olunub) aylar üzrə əmək haqqı alması, xx.xx.1984-cü il tarixdə 187 saylı əmrlə xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək haqqı qismən məzuniyyətə buraxılması, yenidən 1985-ci ilin İİİ-Xİİ (səh 1173), 1986-cı ilin İ-Xİİ, 1987-ci ilin İ-Xİİ, 1988-ci ilin İ-Xİİ (səh 146), 1989-cu ilin İ-V,İX (səh 154) aylar üzrə əmək haqqı alması müəyyən edilmişdir. Rus dilində doldurulmuş 254802 saylı nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X5 arasında xx.xx.1978-ci ildə nigah bağlanmışdır, nigah bağlandıqdan sonra ərə (arvada) “Mamedov (a)” soyadı verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası MPM-nin MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 13.2 və 13.3-cü bəndlərində göstərilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə hesab edir ki, ərizəçini əmək stajını təsdiq edən sənəd əmək kitabçası mövcuddur. Əmək kitabçasında işçinin əmək fəaliyyətləri əks olunmuşdur. Doldurulduğu tarix kimi xx.xx.1996-cı qeyd edilmiş ******* saylı əmək əmək kitabçasının üz hissələrinin bir yerində rus dilində “X6”, digərində isə “Ərizəçi” qeyd edilməsi işə hüquqi əhəmiyyətli fakt kimi baxılmasına əsas vermir. Belə yanaşma məntiqi baxımından o, deməkdir ki, vaxtı ilə SSRİ dövründə işləmiş və əmək kitabçası rus dilində doldurulmuş bütün şəxslər hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. xx.xx.2022-ci il tarixli akta münasibətdə isə məhkəmə bildirilir ki, həmin aktın tərtib edilməsinə əsas ərizəçinin pensiya təyin edilməsi ilə bağlı müraciəti əsasında aparılmış araşdırma olmuşdur. Aktda qeyd edilən iş dövrləri ******* saylı əmək əmək kitabçasında əks olunmuşdur. Həmin sənədlərin birində ərizəçinin soyadının “X3” kimi qeyd edilməsi aktın şəxşə məxsus olmasının hüquqi əhəmiyyətli fakt şəkildə tanınması üçün əsas deyildir. Belə ki, “Qəmbərova” soyadı ərizəçinin qızlıq soyadıdır, rus dilində yazılmışdır, o, nikah bağladıqdan sonra “Mamedov (a)” soyadını qəbul etmişdir. İşə inzibati icraat qaydasında baxılmalı olması barədə mövqe maraqlı şəxsin etirazında da göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Plenum Qərarının 2, 3.1, 5.1, 15.4-cü bəndlərində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir; ümumi (publik) hüquq, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.; inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.; inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Plenum Qərarının 15.4-cü bəndindəki göstərişə əsasən ərizəçiyə izah edir ki, səlahiyyətli məhkəmə kimi Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə ixraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, ödənilmiş 100,00 manat məbləğində pul ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu publik hüquq şəxs) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Dövlət rüsumu qismində ödənilmiş 100,00 manat məbləğində pul Ərizəçi qaytarılsın. Ərizəçiyə izah edilsin ki, səlahiyyətli məhkəmə kimi Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar