Məhkəmə qərarları › İş №2(050)-2741/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2741/2024

08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2741/2024 08.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 mart 2019-cu il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 9828 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB Lənkəran X4 İdarəsinin əməkdaşları 07 mart 2019-cu il tarixdə yaşadıqları evi təbii qazla təchiz edən qaz xəttinə, sayağaca baxış keçirmişlər. Ona xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 9828 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdur. Guya onun həyətindən keçən qeyri-qanuni xəttə görə ona cərimə yazmışlar. Lakin o, heç bir qeyri-qanuni xəttdən istifadə etməmişdir. Cavabdeh təşkilatın ona yazdığı cərimə əsassızdır. Onun heç xəbəri olmadan yazılan cərimə ona aid deyildir. Nəyə istinad edərək cəriməni hesablamışlar onu da bilmir. Ayda iki dəfə sahə nəzarətçisi sayğaca və xətlərə baxış keçirir. Cavabdeh təşkilat isə 90 günün cəriməsini yazmışdır. Heç onların öz təlimatlarında belə cərimə yazmağa ixtiyarları yoxdur. Cərimənin silinməsindən ötrü məhkəməyə müraciət etməli olmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. İddianı müdafiə etdiyini, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş lakin ərizə ilə müraciət edərək, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, 2019-cu ildə nöqsan aşkar edilərkən fotoşəkillər çəkilmişdir. Lakin həmin dövrdə videogörüntü qeydə alınmamışdır. Hər bir şəxs sərf etdiyi təbii qazın dəyərini ödəməli və sayğaca müdaxilə etməməlidir. Sonda Nümayəndə1 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: 07 mart 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində X1 yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayağaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni xətt aşkar edilmişdir. Cavabdeh Lənkəran X4 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 30 avqust 2019-cu il tarixli hesabatdan görünür ki, qaz sayğacının nominal qaz sərfi 2.5 kub/metr orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 9828 kub/metr itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, abonentin təbii qazdan istifadəyə görə sərfin məbləği 2019-cu ilin yanvar ayı üzrə 32.30 manat, fevral ayı üzrə 23.60 manat, mart ayı üzrə 0.60 manat, aprel ayı üzrə 14.60 manat, may ayı üzrə 26 manat, iyun ayı üzrə 7.10 manat olmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, istixananın daxilində olan sobaya qaz xətti daxil olur. Lakin həmin qaz xəttinin sayğacdan kənar qaz xətti olması müəyyən edilmir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Masallı rayonu Ərkivan qəsəbəsində X1 yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayağaca baxış keçirilən zaman sayğacdan kənar qeyri qanuni xətt aşkar edilmişdir. Pozuntu aşkar etdiklərindən 07 mart 2019-cu il tarixli, ******* nömrəli akt tərtib edərək itirilmiş 9828 kub/metr qazın dəyəri borc kimi hesablanmışdır. Aktda Cavabdeh İB-nin əməkdaşlarının imzası olsa da, İddiaçı adının qarşısında imza etməkdən imtina etməsi qeyd edilmişdir. Akt əsasında tərtib olunmuş 30 avqust 2019-cu il tarixli qərarla, gündəlik 18 saat olmaqla 90 gün müddət üzrə (9828) kub metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən tərtib edilmiş akt üzrə sərf edilmiş (talan edilmiş) qazın dəyəri vurulmuş ziyan kimi hesablanaraq abonentin (iddiaçının) borc hesabına yazıldığından, iddiaçı da hazırki tələbində hesablanmış ziyanın qanunsuz sayılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent tərəfindən vuruluduğunu, onun qanunzidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nm 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq olunduqda qaz paylayıcısı vurulmuş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə hesab etmişdir ki, sayğaca müdaxilənin aşkar edilməsi sübuta yetirilmir. Cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda sayğaca müdaxilə halı qeyd edilsə də bu fakt digər sübutlarla təsdiqini tapmır, əksinə fakt təkzib edilir. Cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda (abonentin) iddiaçının imzası yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, abonentin saldosuna nəzər yetirdikdə müəyyən edilir ki, “Azərqaz” İB-nin əməkdaşları tərəfindən akt tərtib edildiyi vaxtadək qaz sərfiyyatı ilə bağlı müəyyən məbləğdə borc hesablansa da, abonentin saldosundakı göstəricilərə əsasən hadisənin baş verdiyi vaxt, ondan əvvəlki və sonrakı ayların sərfiyyatları, əvvəlki ilin eyni dövləri üzrə sərfiyyatları ilə qarşılıqlı araşdırma aparılmış və həmin göstəricilər arasında əsaslı fərq aşkar olunmamışdır. Cavabdeh şirkət iddiaçı tərəfindən qazın talanması məqsədi ilə sayğacdan kənar xəttlə müdaxilə edilməsi nəticəsinə gəlsə də, müdaxilə olunmasını sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, həqiqətən də xəttə qazın talanması məqsədi ilə müdaxilə olunsa idi, qazın sərfi ilə bağlı əvvəlki aylara nisbətdə kəskin şəkildə fərqlənən borclar hesablanardı.Halbuki ümumiyyətlə qaz sərfi ilə bağlı akt tərtib edildiyi vaxtadək hesablanmış sərfiyyatla təqribən bir-birinə yaxın borclar hesablanmışdır. Bundan əlavə mübahisəli aktda qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildiyi qeyd edilsə də cavabdeh tərəfindən qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət müəyyən edilmir. Halbuki, adı çəkilən Qaydaların 6.5-ci bəndinin tələblərinə görə, qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası kimi hallar nəzərə alınmalı idi. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə halı sübuta yetirilmədiyindən, o, məsuliyyət daşımamalıdır. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacda aşkar edilmiş nöqsanda iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsan hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmçinin, mübahisəli sayğacın həyətdən kənarda mühafizə olunmayan sahədə yerləşməsi nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, 07 mart 2019-cu il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, akta əsasən hesablanmış 9828 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 07 mart 2019-cu il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, akta əsasən hesablanmış 9828 m3 qaz sərfiyyatına görə abonentin hesabına yazılmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar