Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2744/2025 02.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı və xx.xx.2023-cü il ******* saylı aktlar əsasında ümumilikdə hesablanmış 4027.8 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Ərkivan qəsəbəsində özünə məxsus fərdi yaşayış evi sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Lakin, heç bir əsas olmadan adına ayrı-ayrı tarixlərdə üç dəfə cərimə yazılmışdır. İlk olaraq xx.xx.2017-ci il tarixdə Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Guya sayğacın üzərində olan zavod qurğuşun plombunun kəsici alətlə kəsilməsi səbəbindən onun adına xx.xx.2017-ci iİ tarixli ******* saylı akt yazılmış və akta əsasən 1435.8 metr kub cərimə olunmuşdur. Sonradan xx.xx.2019-cü il tarixdə yenidən idarənin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Guya sayğacdan kənar qaz xətti aşkar edilmiş və bu səbəbdən onun adına xx.xx.2019-cü il tarixli ******* saylı akt yazılmış və akta əsasən 1152 kub metr qaz sərfiyyatına görə cərimə olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə yenidən idarənin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Guya sayğacın hesablama mexanizimi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyindən onun adına xx.xx.2023-cü il tarixli ******* saylı akt yazılmış və akta əsasən 1440 kub metr qaz sərfiyyatına görə cərimə olunmuşdur. Yazılmış aktlardan xəbəri və məlumatı olmamışdır. İşin faktiki hallarından görünür ki, aktlar otaq şəraitində yazılmış və heç bir araşdırma aparılmamışdır. Sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac həyətindən 20 metr aralıda küçədə yerləşir. Ödəniş saldosuna nəzər yetirdikdə ödənişlərin kifayət qədər olduğunu görmək olar. Ümumiyyətlə qazdan qeyri-qanuni istifadə etməmiş, cavabdeh təşkilat ona şər və böhtan atır. Cərimənin silinməsindən ötrü məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, qaz xəttinə kənar qaz xətti qoşulmamışdır. Sadəcə olaraq o, özü şəxsən qaz idarəsinin əməkdaşına evin arxasında olan köhnə sökülmüş evin altında olan köhnə qaz borusunu göstərmiş, əməkdaşlar da həmin borunun videoçəkilişini aparmaqla qanunsuz olaraq onun kənar xətt çəkməsi qənaətinə gəlmişlər. Həmin boru istifadəsizdir və həmin borudan qaz xətti kimi istifadə edilmir. Ona səbəbsiz yerə cərimələr yazmışlar. Məhkəmədən cərimələrin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarına olan: 15 noyabr 2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, “sayğacın üzərindəki qurğuşun plomb kəsici alətlə kəsilib.” Cavabdeh Lənkəran X3 İdarəsinin rəisi Hüseyn Şirinov tərəfindən təsdiq edilmiş 22 noyabr 2017-ci il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən PQ-2 maksimal saatlıq qaz sərfi 0.6 kub/metr yay ayları üçün orta günlük iş rejimi 4 saat hesabat müddəti 166 gün və qış ayları üçün orta günlük iş rejimi 6 saat hesabat müddəti 14 gün qəbul edilməklə, QSSQ-maksimal saatlıq qaz sərfi 0.8 kub/metr yay ayları üçün orta günlük iş rejimi 4 saat hesabat müddəti 166 gün və qış ayları üçün orta günlük iş rejimi 10 saat hesabat müddəti 14 gün qəbul edilməklə, Dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 kub/metr orta günlük iş rejimi 18 saat hesabat müddəti 14 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 1435.8 kub/metr itirilmiş qaz hesablanmışdır. 28 oktyabr 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, “sayğacdan kənar qeyri-qanuni qazdan istifadə halı aşkar olundu.” Cavabdeh Lənkəran X3 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 30 oktyabr 2019-cu il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 kub/metr orta günlük iş rejimi 6 saat hesabat müddəti 90 gün, QSSQ- 80 litr saatlıq qaz sərfi 0.8 kub/metr orta günlük iş rejimi 10 saat hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 720 kub/metr itirilmiş qaz hesablanmışdır. 30 may 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, “sayğacın gövdəsi tərəfimizdən kəsildi, kənar təsir izi aşkar edildi, sayğac keçən qaz sərfini qeyd etmir.” Cavabdeh Lənkəran X3 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 may 2023-cü il tarixli hesabatdan görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 1440 kub/metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə iclasında Cavabdeh İB tərəfindən göndərilmiş CD diskə baxış keçirilmiş, CD diskdə olan videogörüntüdən görünür ki, qeyri qanuni xətt kimi göstərilən dəmir borunun sayğaca gedən qaz xəttinə qanunsuz qoşulması halı müəyyən olunmur. Əsaslandırıcı hissə: Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları ayrı-ayrı vaxtlarda abonentə məxsus sayğac baxış keçirərək, sayağaca müdaxilə edilməsi, eyni zamanda qeyri-qanuni qoşulma yolu ilə qazdan qanunsuz istifadə hallarının olması ilə bağlı aktlar tərtib etmişdilər. Aktlarda Cavabdeh İB-nin əməkdaşlarının imzası olsa da, İddiaçı adının qarşısında xx.xx.2017-ci il tarixli aktdan başqa digər aktlarda imzalar yoxdur. 15 noyabr 2017-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 1435.8 kub/metr, 28 oktyabr 2019-cu il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 720 kub/metr, 30 may 2023-cü il tarixli, ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 1440 kub/metr borc hesablanmışdır. Cavabdeh İB əməkdaşları tərəfindən tərtib edilmiş akt üzrə sərf edilmiş (talan edilmiş) qazın dəyəri vurulmuş ziyan kimi hesablanaraq abonentin (iddiaçının) borc hesabına yazıldığından, iddiaçı da hazırki tələbində hesablanmış ziyanın qanunsuz sayılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent tərəfindən vuruluduğunu, onun qanunzidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş hallar-aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşməsinə baxmayaraq, həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacına qeyri-qanuni quşulma hallarının) məhz iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, yəni iddiaçının təqsiri üzündən baş verməsini cavabdeh tərəf sübut edə bilməmişdir. Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nm 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq olunduqda qaz paylayıcısı vurulmuş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə hesab etmişdir ki, sayğaca müdaxilənin aşkar edilməsi sübuta yetirilmir. Cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda sayğaca müdaxilə halı qeyd edilsə də, bu fakt digər sübutlarla təsdiqini tapmır, əksinə fakt təkzib edilir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli aktın tərtib edilməsi ilə əlaqədar qeydə alınmış videogörüntü təqdim edilsə də, həmin videogörüntüdə əks olunmuş kənar xətt olduğu bildirilən dəmir borunun sayğacdan kənar qaz xəttinə birləşməsi müşahidə edilmir. Eyni zamanda cavabdeh şirkət tərəfindən tərtib edilmiş aktda videoçəkilişin aparılması ilə əlaqədar qeydlər aparılmamış, abonent tərəfindən aktın imzalanmasından hansı səbəbdən imtina edilməsi ilə bağlı məsələlər öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən videogörüntüdə aşkar edilən hallar abonentin təqsirini sübut etmək üçün kifayət etmir. Bundan əlavə cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktlarda (abonentin) iddiaçının imzası yoxdur. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurmuşdur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə halı sübuta yetirilmədiyindən, o, məsuliyyət daşımamalıdır. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsi istehlakçıdan tələb edilə bilərdi. Lakin, cavabdehin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən olunmamışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğaca hər hansı müdaxilə halının olması və kənar xəttin sayğacdan kənar qoşulması ilə bağlı iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçıya borc hesablana bilməz. Qaz sayğacında aşkar edilmiş nöqsanlar hələ birmənalı şəkildə baş vermiş hadisədə istehlakçının təqsirini sübut etmir. Bu hal, yəni baş vermiş hadisədə istehlakçının təqsirini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Baş vermiş hadisə ilə istehlakçının təqsirli hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmədiyindən onun üzərinə həmin hadisədən törəyən vəzifə qoyula bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddiaçının abonent saldosuna aktlar əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış borc silinməlidir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına yazılmış 15 noyabr 2017-ci il tarixli, ******* nömrəli, 28 oktyabr 2019-cu il tarixli, ******* nömrəli və 30 may 2023-cü il tarixli, ******* nömrəli aktlar əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış borc iddiaçının abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2744/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2744/2025
02.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver