Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-280/2023 31.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 4320 kub metr borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur.Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 07 oktyabr 2021-ci il tarixdə "Azəriqaz" X2 X3 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sayğacın növbəti Dövlət yoxlaması ilə bağlı akt tərtib edilmiş, sayğac yenisi ilə əvəz olunmaqla dövlət yoxlanılmasına göndərilmişdir. Bundan sonra sayğacın hesablama mexaniziminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi və yapışqan maddə ilə yenidən yerinə bərpa olunması əsası ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 4320 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. İşin faktiki hallarından görünür akt otaq şəraitində yazılmış və heç bir araşdırma aparılmamış, həmçinin əvvəllər də qazdan isifadəyə görə pul ödəmiş və qaz idarəsinin əməkdaşları dəfələrlə sayğaca baxış keçirmiş, hər hansı bir problem olmamışdır. Sayğaca müdaxilə etməmişdir. Yazılan cərimə illik istifadə etdiyi qaz səfriyyatının dəyərindən 10 dəfə artıq olmuşdur. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsinin 6-cı, 13-cü maddəsinin 9-cu bəndlərinə, Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1, 4.2, 4.8 və 4.9-cu bəndlərinə istinad edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyininin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmunun uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2015-ci ildən Bakı şəhərində yaşayır. Evdə xəstə qadın yaşamış, bir il yarım olar ki, rəhmətə getmişdir. Evdə daim yaşayıb olub. Qaz sayağacı həyətdə yerləşir. Sayğaca müdaxilə etməmişdir. Sayğacda problem ola bilər, bunu qaz idarəsinin əməkdaşı etmişdir. Baş vermiş hadisə ilə bağlı heç bir yerə müraciət etməmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 07 oktyabr 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Masallı rayonu, Qəriblər kəndində istehlakçı İddiaçı Qulamhseyn oğluna məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. Aktın “Digər qeydlər” adlanan hissəsində göstərilir ki, “Sayğacın Dövlət plombu kəsilib.” Həmin fakt aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələri, o cümlədən istehlakı İddiaçı imzası ilə təsdiq edilmişdir. 29 oktyabr 2021-ci il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yerinə oturdulub. Sayğac həyət daxilində yerləşir. İtirilmiş təbii qazın dəyəri hesablansın və ödənilsin. “Azəriqaz” X1 X3 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 29 oktyabr 2022-ci il tarixli tələbnamənin “Aşkar edilmiş nöqsan” adlanan hissəsində sayğaca baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi və yapışqan maddə ilə yerinə bərpa olunması (Qaz itkisi, müdaxilə) göstərilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Dəymiş ziyana görə 4320 m3 itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, qaz sərfiyyatının dəyəri 01/2021-ci ildə 28,40 manat, 02/2021-ci ildə 27,60 manat, 10/2021-ci ildə 40,40 manat, 11/2021-ci ildə 74,40 manat, 12/2021-ci ildə 61,60 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin mübahəsiz müəyyən olunan hallarına əsasən iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayağac iddiaçının həyətinin daxilində yerləşir, belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzrəinə qoyula bilməz. Cavabdeh təşkilat belə olan halda sayğaca kənar müdaxilə olmadan işləməsi zamanı yarana biləcək qüsurlarla bağlı cavabdehlik daşıya bilməz. Məhkəmə hesab edir ki, həyətdaxilində quraşdırılan sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət kimi sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi və yapışaqan maddə ilə yerinə oturdulması qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilən əməldir. Mübahisəli sayğacın Dövlət plombunun kəsilməsini iddiaçı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 07 oktyabr 2021-ci il tarixli, ******* saylı aktı imzalamaqla da təsdiq etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bu halı birbaşa olmasada dolayı yolla təsdiq etmişdir. Belə ki, o, məhkəmə iclasında izahatında göstərmişdir ki, “Sayğacda problem ola bilər, bunu qaz idarəsinin əməkdaşı etmişdir.” Lakin onun tərəfindən baş vermiş problemin qaz idarəsinin əməkdaşı tərəfindən edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Bundan başqa, iddiaçının baş vermiş hadisədə hər hansı bir təqsiri olmaya-olmaya (halbuki, iddia edir ki, sayğacdakı problemi qaz idarəsinin işçisi edib və bunun nəticəsi olaraq ona borc hesablanıb) 1 ildən artıq bir müddətdə heç bir yerə müraciət etməməsi, sonradan isə belə bir fikirə düşməsi isə məsələnin bir başqa tərəfidir. Yekun olaraq, abonentin saldosuna baxmaq və istifadə edilmiş qaz sərfiyyatlarının dəyərini müqayisəli təhlilini aparmaq lazımdır. Bu zaman görünür ki, abonentin istifadə etdiyi qaz sərfiyyatının dəyəri 01/2021-ci ildə 28,40 manat, 02/2021-ci ildə 27,60 manat, 10/2021-ci ildə 40,40 manat, 11/2021-ci ildə 74,40 manat, 12/2021-ci ildə 61,60 manat olmuşdur. Halbuki, aydın məsələdir ki, ölkə ərazisində ən soyuq aylar yanvar və fevral aylarıdır. Həmin vaxt abonentin sərfiyyatının 01/2021-ci ildə 28,40 manat, 02/2021-ci ildə 27,60 manat olması, mübahisəli sayğac dəyişdirildikdən sonra isə birdən-birə sərfiyyatının 2 dəfədən artıq olması (halbuki, ölkə ərazisində iqlim oktyabr, noyabr və dekabr ayları ilə müqayisədə yanvar və fevral ayları daha soyuq olur, artıq sərfiyyat tələb olunur, abonentin isə soyuq aylarda köhnə sayğac ilə sərfiyyatı 01/2021-ci ildə 28,40 manat, 02/2021-ci ildə 27,60 manat, nisbətən isti aylarda isə yeni sayğac ilə 10/2021-ci ildə 40,40 manat, 11/2021-ci ildə 74,40 manat, 12/2021-ci ildə 61,60 manat olmuşdur. Normal vəziyyətin əksi olaraq havalar suyuduqca abonentin qaz sərfiyyatı azalır, lakin bu köhnə sayğacda (müdaxilə olunan) baş verir) yuxarıda göstərilənləri təsdiq edən digər bir sübutdur. Zərərin ödənilməsi, aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. “Qazdan istifadə Qaydaları” na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” nin forması təsdiqlənmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasn istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “29 oktyabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 4320 kub metr borcun silinməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-280/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-280/2023
31.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver