Məhkəmə qərarları › İş №2(050)-2822/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2822/2025

23.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2822/2025 23.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış 21 noyabr 2022-ci il tarixli, AKT NDM № 030199 saylı akt əsasında yazılmış 1019.88 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Boradigah qəsəbəsində yaşayır. Hamı kimi onların yaşadıqları evə də "xxxx" ASC-nin Masallı şəbəkəsi tərəfindən elektrik xətti çəkilərək elektrik sayğacı quraşdırılmışdır. İşıqdan həmişə sayğac vasitəsi ilə istifadə etmiş və ödənişlərini vaxtı-vaxtında ödəmişdir. Evində heç bir kənar xətt vəya qanunsuz qoşulma olmamışdır. Lakin, cavabdeh təşkilatın əməkdaşları onun xəbəri olmadan xx.xx.2022-ci tarixdə barəsində akt tərtib edərək onu 1019.88 manat cərimə etmişlər. Daha sonra Masallı elektrik şəbəkəsindən həmin aktın surətini aldıqda məlum oldu ki, sayğac xətdən keçən yükü düzgün qeyd etmədiyinə görə ona cərimə hesablayıblar. Onun evində heç bir kənar xətt və ya qanunsuz qoşulma olmayıbdır. Elektrik sayğacı da küçədə quraşdırılıb. Sayğaca da heç bir müdaxilə olunmayıb. Sayğacın qüsurlu olması və düzgün qeyd etməməsində onun təqsiri yoxdur. Axı sayğaca texniki xidməti işıq idarəsi göstərir. Belə olan halda o, hansı qanun pozuntusuna görə cərimələndiyimi anlaya bilmir. Odur ki, cərimənin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, sayğac həyətdən çöldə yerləşir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Həmçinin o, işığını kəsməsinlər deyə borcu da ödəmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı adına olan sayğacına 21 noyabr 2022-ci il tarixdə baxış zamanı məlum olmuşdur ki, yaşayış evinə məxsus elektrik sayğacı dövrədən keçən yükü qeyd etmir. Belə ki, sayğacı qidalandıran faza xəttindən 5A yük axmasına baxmayaraq, sayğacın baxış tablosunda 0.15 amper göstərir. Sayğacın alt qapaq möhürü yoxdur, LB möhürlərində müdaxilə izləri var. Bununla bağlı 21 noyabr 2022-ci il tarixli, AKT NDM № 030199 saylı akt tərtib edilmiş və akta əsasən 1019.88 manat məbləğində borc hesablanmışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 21 noyabr 2022-ci il tarixli, AKT NDM № 030199 saylı aktda göstərilir ki, EEİQ-nə uyğun olaraq İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirən zaman məlum oldu ki, “yaşayış evinə məxsus elektrik sayğacı dövrədən keçən yükü qeyd etmir. Belə ki, sayğacı qidalandıran faza xəttindən 5A yük axmasına baxmayaraq, sayğacın baxış tablosunda 0.15 amper göstərir. Sayğacın alt qapaq möhürü yoxdur, LB möhürlərində müdaxilə izləri var.” Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan, abonent İddiaçı AKT NDM № 030199 saylı akta əsasən 1019.88 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, 21 noyabr 2022-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman yaşayış evinə məxsus elektrik sayğacı dövrədən keçən yükü qeyd etməməsi, belə ki, sayğacı qidalandıran faza xəttindən 5A yük axmasına baxmayaraq sayğacın baxış tablosunda 0.15 amper göstərməsi, sayğacın alt qapaq möhürünün olmaması, LB möhürlərində müdaxilə izlərinin olması müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 1019.88 manat sərfiyyat hesablanmışdır. Sayğac həyətin xaricində yerləşir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Eyni zamanda həmin təlimatın 7.4-cü madəsinə əsasən, Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntular barədə cavabdeh tərəfindən hər hansı bir sübut, videoçəkiliş təqdim edilməmiş, akt tərtib edilərkən abnentin iştirakı təmin edilməmiş, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələblərinə əsasən aktın tərtib edilməsi zamanı istehlakçının və məişət abonentinin iştirakı təmin edilməli, onlar iştirak etməkdən imtina etdikdə, aktda bunun səbəbləri göstərilməklə yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Tərtib edilmiş akta nəzər yetirdikdə görünür ki, xx.xx.2022-ci il tarixli aktda abonentin nümayəndəsi qrafasının qarşısında “qapını açan olmadı” qeyd edilmişdir. İddiaçı cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə iclasında bildirmişdir ki, aktda onların evdə olmaması və qapını açan şəxs olmamasını göstərmişlər. Belə bir hal olmamışdır. Evdə daimi adam yaşayır. Onun ümumiyyətlə ona yazılmış aktdan xəbəri olmamışdır. Məhkəmə qeyd edir ki, göstərilən iddia tələbi üzrə aktda qeyd edilən qüsurların həqiqətən də mövcud olmasını sübut etmək vəzifəsi cavabdeh şirkətin üzərində olmuş, lakin cavabdeh şirkət həmin aktlarda göstərilən nöqsanların möcvudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 21 noyabr 2022-ci il tarixli, AKT NDM № 030199 saylı akta əsasən hesablanmış 1019.88 manat borc silinməlidir. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 21 noyabr 2022-ci il tarixli, 030199 saylı akta əsasən hesablanmış 1019.88 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar