Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-285/2023 14.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər “Azəriqaz” İB-yə və X4 İstismarı İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İB-yə və X4 İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən qanunsuz hesablanmış 172 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2009-cu ilin yanvar ayında Masallı rayonu, Şərəfə kəndində ev tikərək, həmin evə köçmüş, göstərilən tarixdən Masallı rayon qaz istismar sahəsinə rəsmi olaraq ərizə verib evinə qaz xətti çəkdirmişdir. Həmin vaxtdan bu günə kimi işlətdiyi təbii qazın dəyərini “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən verilmiş bildirişlərə əsasən ödəmiş və qəbzləri saxlamışdır. O, kəndə köçməmişdən əvvəl Masallı rayonu, Şərəfə kəndində qaz xətti olmuş, lakin sayğac olmamışdır. Vətəndaşlar ödənişi “Azəriqaz” İB-nin təxmini hesablamaları ilə ödəmişlər. Həmin ödənişlər qəbzsiz olduğu üçün abonentlərdən yığılan pullar mənimsənilmiş, qalıq borc abonentlər arasında bölüşdürülmüşdür. 2009-cu ilin yanvar ayında onun evinə qoyulan qaz sayğacına baxmayaraq, Masallı rayonu, Şərəfə kəndinin qalıqla yığılan borcu onun adına olan sayğaca da 172 manat məbləğində qeyri-qanuni yüklənmişdir. 2022-ci ilin noyabr ayının son həftələrində “Azəriqaz” İB-nin işçiləri Qarabağ müharibəsi veteranı olduğunu bilərək evinə gələrək bildirmişlər ki, “Azəriqaz” İB-nin rəhbərliyi ilə Sizlərə sosial dəstək olaraq narahat etməmək üçün onun mexaniki sayğacını “Smart” kartla əvəz olunması razılaşdırılmışdır. O, da öz növbəsində sosial dəstəyi qiymətləndirərək razılığını vermiş, amma onun ötən illərdə qanunsuz 172 manat yüklənmiş borcunun olmadığı barədə məlumatlandırmamışlar. “Smart” tipli sayğac quraşdırıldıqdan sona karta yüklənən pulun 50% elektron qaydada ondan tutulduğunu bildikdə “Azəriqaz” İB-nin Masallı rayonunda yerləşən aidiyyəti qurumuna müraciət etmişdir. Ona məsələnin hüquqi müstəvidə həll olunması bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, mübahisələndirilən 172 manat məbləğdən ödənişlər edilmişdir. Dəqiq bilmir ki, qanunsuz hesablanmış məbləğ nə qədərdir. Hesab edir ki, qanunsuz hesablanmış məbləğ təxminən 100 manat olar. Sonda İddiaçı hesablanmış 100 manat borcun silinməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, iddiaçı qanunsuz hesablanmış 172 manat məbləğində borcu mübahisələndirsədə, həmin borcun qanunsuz olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının əsassız hesab etdiyi borc sayğac göstəricisinə əsasən real sərfiyyatı əks etdirən debitor borcdur. Hər bir şəxs istifadə etdiyi təbii qazın dəyərini ödəməlidir. Sonda F.H. Məhərrəmov iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sərf edilmiş təbii qaz ilə bağlı təqdim edilmiş illər üzrə bildirişlərdəki, ödəniş qəbzlərindəki və abonentin saldosundakı məlumatlar qarışlıq şəkildə yoxlanılmış, onlar bir-bir tədqiq edilərək, iddiaçıya cavabdeh təşkilatın hansı ay üzrə ona əsassız borc hesablanmasını iddia etdiyi soruşulmuş, o, isə iddianın hüquqi əsası kimi real hər hansı bir əsasa istinad etməyərək, yalnız izahatındaca əsassız hesablanmış borcun silinməsini xahiş etmiş, hətta izahatında qanunsuz hesablanmış məbləğin təxminən 100 manat ola bilməsini bildirmiş, bundan sonra ona 100 manatı necə hesablaması barədə sual verilsədə, o, bunu əsaslandıra bilməmiş, sadəcə sözlə 100 manat borcun silinməsini xahiş etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının əsassız hesab etdiyi borc sərfiyyatı əks etdirən sayğac göstəricisidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Daha sonra həmin Qəraqda qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İ və İİ hissələrinə göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” na müvafiq olaraq qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir (5.2). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir (5.5). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə və X4 İstismarı İdarəsinə qarşı qanunsuz hesablanmış 172 manat məbləğində borcun silinməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-285/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-285/2023
14.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver