Məhkəmə qərarları › İş №2(050)-292/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-292/2024

17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-292/2024 17.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz lB”-nın əməkdaşları tərəfindən tərtib edilmiş 21 iyul 2020-ci il tarixdə ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 2160 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evini təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O, da taarif planma uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş və heç vaxt abonent kimi öhdəliklərimin icrasından yayınmamışdır. Cavabdeh İB Lənkəran X3 İdarəsinin əməkdaşları 2020-ci il tarixdə yaşadığı evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və sayğacı çıxarıb yeni sayğacla əvəz etmişlər. 21 iyul 2020ci il tarixdə otaq şəraitində qanunsuz olaraq ******* saylı akt tərtib etmişlər və sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi yazılmışdır. Halbuki, həmin aktı sonradan onun iştirakı olmadan qanunsuz olaraq tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 2160 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Həmin akt qeydi etibarsız hesab olunmalı və 2160 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, 21 iyul 2020-ci il tarixli aktda qeyd olunan sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi onun günahı ucbatmdan baş verməmişdir, nədə ki, sayğaca cavabdeh şəxs o, deyildir. Həmçinin o, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Qaz sayğacının qoruyucu qapağına vurulan zavod qurğuşun plombu deşilibsə hər ay ona bildiriş verən qaz idarəsinin işçisi (sahə nəzarətçisi) bunu dərhal məlumat verməli idi, çünki bu sahə nəzarətçilərinin bir başa vəzifəsidir. Bütün rayon ərazisində quraşdırılmış qaz sayğacları uzun müddətdir ki, quraşdırılmışdır. Yəni ilk dəfə qaz çəkilən zaman quraşdırılmışdır. Bundanda uzun illər ötmüşdür. Bu səbəbdən də həmin sayğaclar öz istismar müddətini bitirmişlər. Eyni zamanda, akta əsasən qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması ilə bağlı qeyd etmişdir ki, qaz sayğacları bütün rayon ərazisində, eləcə də kəndlərdə küçələrdə quraşdırılmışdır və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Qaz sayğacıda həyətdə yox evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi sayğaca müdaxilə zamanı artıq qaz sərfıyyatından istifadə edildiyini qeyd edir. Halbuki, qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) hər ayda iki dəfə qaz sayğaçına baxaraq işlətmiş olduğu qazın bildirişini verir, bildiriş əsasında da qazın pulunu dövlət büdcəsinə ödəyir. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayğaca baxarkən orada hər hansı bir müdaxiləni və ya problemin olduğunu görmədiyi halda nə səbəbdən onun sayğaca müdaxilə etdiyi və artıq qaz sərfıyyatı etdiyini qeyd etmişlər. Əgər sayğaca müdaxilə olunmuşdursa sahə nəzarətçisi bunları dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmiş, onun iştirakı olmadan sayğaca baxış keçirilmişdir. Odur ki, tərtib olunmuş akt əsassızdır. Həmçinin, qaz istismar idarəsinin əməkdaşları heç bir çəkiliş aparmadan, şahidlər dəvət etmədən sadəcə fərziyyə ilə belə bir nəticəyə gələrək qanunsuz uydurma əsaslarla uydurma akt tərtib edilərək cərimə hesablanmışdır. Halbu ki, şahidlərin iştirakı ilə və müvafıq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalıdır ki, Qaz İstismar İdarəsinin əməkdaşları bu qaydalara riayət etməməklə qanunsuz akt tərtib etmişlər. Bütün bunlar isə onu görsədir ki, tərtib olunmuş akt sadəcə müəyyən maraqlara görə tərtib olunmuşdur. Ona görədə hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə icasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən işdə olan iddianın təmin edilməsi baxımından mötəbər sübut kimi qəbul edilmiş sənədləri tədqiq etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X3 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 28 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Masallı şəhəri, Natavan küçəsi, ev 25-də yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərinin qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 2160 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X3 İdarəsinin Masallı XS tərəfindən təsdiq edilmiş 21 iyul 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı şəhəri, Natavan küçəsi, ev 25-də yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi aşkar olunmuşdır. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında mart 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı şəhəri, Natavan küçəsi, ev 25-də yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı zavod plombuna müdaxilə olunduğu üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, hərtərəfli və tam baxaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Lakin, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda Cavabdeh əməkdaşları sayğacamüdaxilənin edilməsini müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir.Lakin, hazırkı mübahisə üzrə sayğaca müdaxilə müəyyən olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir.Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır.Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 90 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də, qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin Qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməklə Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 21 iyul 2020-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 2160 kub/metr qaz sərfiyyatına əsasən ziyan və ona əsasən hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 iyul 2020ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış ziyan kimi 2160 kub.metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar