Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-295/2025 22.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X7 İdarəsinin əməkdaşlarının tərtib etdikləri 02 may 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 12960 kub metr qaz sərfiyyatına görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadıqları Masallı rayonu, Köçəkli kəndində yerləşən evlərinə qaz xətti çəkilməklə müvafiq sayğac quraşdırılmışdır. İstifadə etdikləri qaz sərfiyyatının dəyərini hər ay qaz nəzarətçisinin verdiyi bildirişə uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. Ötən ilin iyun aprel ayında Qaz İstismar İdarəsinin əməkdaşları gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sonradan isə məlum olmuşdur ki, qaz sərfıyyatı ilə bağlı ona əsassız borc hesablanmışdır. Lakin bununla bağlı ona heç bir sənəd verilməmişdir. X4 ASAN Xidmət Mərkəzindən müvafiq sənədləri götürərkən məlum olmuşdur ki, sayğacın qapağının alt hissədən deşilməsi ilə əlaqədar olaraq 02 may 2023cü il tarixdə akt yazılmış və həmin tarixdə ona 12960 kub.metr qaz sərfiyyatına görə borc hesablanmışdır. Mübahisəli aktla tələbnamə tərtib edilərkən və bu məsələ müzakirə edilərkən nəinki iştirakı təmin edilməmiş, bununla bağlı izahatı dinlənilməmiş, hətta müvafiq aktla tələbnamənin surəti ona göndərilməmişdir. Yalnız qaz nəzarətçisinin məlumatından sonra Masallı Regional «Asan Xidmət» Mərkəzindən mübahisəli aktla tələbnamənin surətlərini əldə etmişdir. Qanunvericiliyin tələbinə əsasən qaz sayğacı kənar təsirlərdən mühafizə olunmalıdır. Lakin evinə gələn qazla bağlı sayğac küçə tərəfdə qurulmaqla müvafiq örtüklə örtülməmişdir. Bu isə sayğac quraşdırılarkən onun kənar təsirlərdən qorunması imkanlarının nəzərə alınmamasını göstərir. Bundan başqa mübahisəli qərarda əvvəlki uç aylıq dövr üçün mümkün maksimal qaz sərfi hesablanmışdır. Halbuki hər ay qaz nəzarətçisi sayğacı yoxlayaraq bildiriş vermiş və sayğacda hər hansı bir qüsur aşkar etməmişdir. Bildirişlər verilən tarixlərdə qaz nəzarətçisi sayğaca baxmış və rəqəmləri sayğacdan götürmüşdür. Həmin tarixlərdə sayğacda hər hansı bir qüsur olsaydı təbii ki, bunu qaz nəzarətçisi görər və həmin tarixdə də bunu sənədləşdirərdi. Lakin qaz nəzarətçisinin bildirişlər verilən tarixlərdə bununla bağlı hər hansı aktının olmaması, onun verdiyi bildirişlərdə bu barədə qeydiyyatın olmaması və ondan həmin bildirişlərə uyğun ödənişlərin tələb və qəbul edilməsi bir daha göstərir ki, cavabdeh təşkilatın son 3 aylıq dövr üçün qaz sərfıyyatını ehtimallara görə real vəziyyətdən bir neçə dəfə çox hesablaması əsassız və ədalətsizlikdir. Bundan başqa mübahisəli aktda adları göstərilən şəxslər cavabdeh təşkilatın əməkdaşlarıdır. Beləliklə, akt tərtib edilərkən hal şahidi kimi yoxlama ilə marağı olmayan, yoxlamanı aparan şəxslərdən heç bir asılılıq və onlarla münasibəti olmayan şəxslərin iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 02 may 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deçici alətlə deşilib.” Sayğac həyətdən kənarda yerləşir. Cavabdeh Lənkəran X6 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 02 may 2023-cü il tarixli hesabatda göstərilir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deçici alətlə deşilib. Hesabatda qaz sayğacının nominal qaz sərfi 6 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 12960 kub/metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçının inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib edilməməsi barədə sübut təqdim edilməmişdir. Qaz təchizatı haqqında” Qanunun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən törədilməsi, qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin Qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməklə Cavabdeh Lənkəran X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 02 may 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 12960 kub/metr qaz sərfiyyatına əsasən ziyan və ona əsasən hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 02 may 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, akt əsasında hesablanmış 12960 m3 qaz sərfiyyatı və həmin sərfiyyata görə hesablanmış borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(050)-295/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-295/2025
22.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver